25 ildə sıfır nəticə: Bakı bələdiyyələri niyə bir qəpik belə qazana bilmədi? - Ekspert

Bələdiyyələr qəsdən icra hakimiyyətlərinin "əlavəsinə" çevrilib

Qardaş Türkiyədə yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin bir institut olaraq mükəmməl fəaliyyət göstərir. Öz büdcəsi olan bəldiyyələr əhaliyə sosial problemlrin həllində böyük dəstək verir. İstər təbii fəlakətlər zamanı, istərsə də insanların məişət problemlərinin həllində bələdiyyələrin fəallığı danılmazdır.

Türkiyədə bələdiyyələr bunu nəyin hesabına, necə edir, bizim bələdiyyələr niyə icra hakimiyyətlərinin “əlavəsi” rolunu oynayır, soruşduqda isə Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a açıqlamasında “çünki bizim bələdiyyələrə müəssisə yaratmağa və gəlir əldə etməyə imkan verilmir” dedi: 

- Baxın, formalaşdıqları dövrdən başlayaraq bələdiyyələrə qanunvericilik qaydasında büdcə gəlirlərinin istiqamətləri də müəyyən edilib. Bələdiyyələrin əldə etməli olduğu vergilər və qeyri-vergilərin (rüsum və ödənişlərin) siyahısı bələdiyyə qanunvericiliyində açıq-aydın göstərilib. İndi isə bələdiyyələrin büdcə gəlirlərinin statistikasında olan bir məqama diqqət yetirək. Ötən il 685 bələdiyyənin mülkiyyətində olan müəssisə və təşkilatlardan daxil olan mənfəət vergisinin həcmi 6.100 manat olub. Ötən on il ərzində bələdiyyənin mülkiyyətində olan müəssisə və təşkilatlardan daxil olan mənfəət vergisinin həcmi nə az nə çox düz 28.900 manat təşkil edib. Nəzərə alaq ki, 2021-ci ildə vəsait əldə olunmayıb. Ən yüksək rəqəm isə 2024-cü ildə olub ki, onun 9.900 manatı Ağstafa bələdiyyələrindən biri əldə edə bilib. Göründüyü kimi, rəqəmlər mənzərənin hansı vəziyyətdə olmasından xəbər verir. Statistik rəqəmlərə diqqət yetirdikdə Bakı bələdiyyələrinin büdcəsinə 25 il ərzində sözügedən istiqamətdən maliyyə vəsaiti daxil olmadığını görərik. Büdcə gəliri milyon manatı keçən bələdiyyələr məgər müəssisə təsis etməklə bələdiyyə üçün əlavə dayanlıqlı maliyyə mənbəyi yarada bilməzdilərmi? Düşünürəm ki, müəssisə yaratmaq niyyətində olan onlarca bələdiyyə sədri sadəcə üzləşə biləcək problemlərdən uzaq durmaq istədiklərindən, bir növ başlarını “cəncələ” salmaq istəməyiblər. Bu rəqəmləri müvafiq qurum rəhbərləri, xüsusəndə bələdiyyələrin vergi məsələlərinə metodik yardım göstərən Dövlət Vergi Xidmətinin əməkdaşları da görüb maraqlansaydılar yəqin ki, 26 illik fəaliyyətləri dövründə bələdiyyələr təcrübəsi yayıla biləcək, heç olmasa, bir müəssisə yarada bilərdilər. Bələdiyyələrin by sahəyə maraq göstərməməsinin səbəbi təsis edib fəaliyyətə başlayar-başlamaz süni şəkildə yaradılan problemlər səbəbindən təsis edilən müəssisə “beşikdəcə boğulub”. Bu məqamla bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin müvafiq tövsiyəsi olsa da, bələdiyyə sədrləri risk etmək istəmirlər. Çünki fəaliyyətə başlanılması üçün müəssisə qarşısında qoyulan rəsmi və qeyri-rəsmi tələblər bu sahənin inkişafına ciddi şəkildə maneə yaradır. Adlarının çəkilməsini istəməyən onlarca bələdiyyə sədrləri bu problemlə üzləşdiklərindən müəssisəni fəaliyyətinin dayandırmalı olduqlarını bizə bildiriblər. Dövlət Vergi Xidmətinin müvafiq qurumu da öz məlumat bazasındakı məlumatları təhlil etsə, maraqlansa, düşünürəm ki, mövcud problemləri görə bilər. Qeyd edim ki, hər bir qurum bələdiyyələrin müəssisə təsis etməklə sahibkarlıq fəaliyyətinə “yaşıl işıq” yandırmaqla öz növbəsində bu qurumların dayanıqlı maliyyə mənbəyinin yaradılmasına öz töhfəsini vermiş olar. Nəticədə isə ölkə başçısının tələb etdiyi vətəndaş məmnunluğunun təmin edilməsində operativlik də artar.