Akif Nəsirli: “Peşə kursları iş tapmağa kömək edir, amma hər kəs üçün yox”
Azərbaycanda əmək bazarında son illər ciddi struktur dəyişiklikləri müşahidə olunur. Ali təhsilli şəxslər arasında işsizlik səviyyəsinin artması, bəzi ixtisaslar üzrə kadr bolluğunun yaranması və işəgötürənlərin daha çox praktiki bacarıqlara üstünlük verməsi peşə təhsilinin aktuallığını artırır. Bu fonda Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan peşə hazırlığı kursları əmək bazarının tələblərinə uyğun kadr hazırlığı baxımından diqqət çəkir. Maraqlıdır, bu kurslar nə dərəcədə effektiv nəticə verir və məzunların işlə təmin olunması mexanizmi real bazar tələblərinə cavab verirmi?
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il 5600 şəxs üçün peşə hazırlığı kursları təşkil olunub. Nazirlikdən bildirilib ki, onlardan 1900 nəfər üçün Agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 3700 nəfər üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub: "Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılıb. Hazırda peşə kurslarının təşkilində 186 özəl tədris müəssisəsi ilə əməkdaşlıq edilir. Kursların sonunda məzunlara sertifikatlar təqdim edilir və onların yeni yiyələndikləri peşələr üzrə işlə təmin olunmalarına dəstək göstərilir". 
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Sherg.az-a bildirib ki, Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi peşə hazırlığı kursları əmək bazarında müəyyən praktik bacarıqların formalaşdırılması baxımından faydalı hesab oluna bilər: “Xüsusilə texniki və xidmət sahələrində ixtisaslı kadrlara tələbat olduğu üçün bu kurslar bəzi şəxslərin daha qısa müddətdə iş tapmasına kömək edir. Kurslarda nəzəri biliklə yanaşı praktiki təcrübənin də təşkili iştirakçıların iş mühitinə uyğunlaşmasını asanlaşdırır.
Amma yaxşı olardı ki, vətəndaşlar pesəyə ünvanlı şəkildə hazırlansın. Yəni konkret məlum olur ki, hazırda 20 qaynaqçıya ehtiyac var və agentlik 20 qaynaqçı hazırladıb istehsalata göndərir. Bu daha səmərəli üsuldur.
Lakin ali təhsilli şəxslər arasında işsizliyin artdığı şəraitdə bu kursların effektivliyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Problem əsasən ali təhsil ilə əmək bazarının tələbləri arasında uyğunluğun zəif olması, bəzi ixtisaslar üzrə artıq kadr hazırlanması və iş təcrübəsi tələbi ilə bağlıdır. Bir çox hallarda ali təhsilli şəxslər də sonradan əlavə peşə kurslarına yönəlməyə məcbur qalırlar”.
A. Nəsrili qeyd edib ki, peşə kurslarını bitirən şəxslərin işlə təmin olunması mexanizmi tam zəmanətli şəkildə işləmir: “Bəzi hallarda Agentlik müəssisələrlə əməkdaşlıq çərçivəsində məzunların vakansiyalara yönləndirilməsini həyata keçirir. Təcrübə keçilən müəssisələrdə işə qəbul olunanlar da olur. Amma ümumi mənzərədə kursu bitirən hər kəsin daimi işlə təmin edilməsi mümkün olmur. İş tapmaq daha çox seçilən peşənin əmək bazarında nə dərəcədə tələb olunmasından və şəxsin praktiki bacarıqlarından asılı qalır. Ona görə də ünvanlı peşə kurslarının təşkili daha səmərəli olardı”.