Ballıca və Xocalıya növbəti köç karvanı yola düşdü

Mayın 22-də Xocalı rayonunun Ballıca kəndi və Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb.

Teleqraf xəbər verir ki, bu gün ümumilikdə 9 ailə (34 nəfər) doğma torpaqlara qayıdıb.

Ballıca kəndinə köçürülən 8 ailə (29 nəfər) ölkənin müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmış ailələrdir. Belə ki, Gəncə şəhərindən 4 ailə (13 nəfər), Sumqayıtdan 1 ailə (7 nəfər), Bakıdan 1 ailə (4 nəfər), Ucar rayonundan 1 ailə (3 nəfər), Şəki rayonundan 1 ailə (2 nəfər) köçürülüb.

Xocalı şəhərinə isə 1 ailə (5 nəfər) Abşeron rayonundan yola salınıb.

Köçürülmə prosesində Bakı və Sumqayıt şəhərlərindən, eləcə də Abşerondan olan 3 ailə (16 nəfər) səhər saat 07:00-da Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən yola salınıb. Eyni zamanda, Gəncə, Ucar və Şəki rayonlarından olan 6 ailə (18 nəfər) məskunlaşdıqları ərazilərdən çıxaraq Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda köç karvanına qoşulub.

Bununla da, ümumilikdə Ballıca kəndinə 180 ailə (840 nəfər), Xocalı şəhərinə isə 86 ailə (346 nəfər) köçürülüb.