Əfv sərəncamı ilə bağlanan qapılar, açılan yeni ümidlər -ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 May – Respublika Günü münasibətilə mühüm və humanist bir addım atıb. Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Əfv qərarı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərdən başqa 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib.
Bundan əlavə, azadlığın məhdudlaşdırılması cəzası olan 10 nəfər, islah işləri cəzası olan 4 nəfər və cərimə cəzası olan 1 nəfər də cəzanın çəkilməmiş hissəsindən azad olunaraq, yenidən həyatlarına ümid və azadlıq işığı ilə davam etmək fürsəti qazanıblar.
Bu qərar yalnız hüquqi bir akt deyil, həm də ölkəmizin insan hüquqlarına, sosial ədalətə və ictimai həmrəyliyə verdiyi böyük önəmin göstəricisidir. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Probasiya Xidməti vasitəsilə icra olunan bu sərəncam, ailələrə sevinc, məhkumlara isə həyatlarında yeni başlanğıc imkanı yaradır. Azərbaycanın dövlətçilik tarixində bu cür humanist addımlar, millətin böyük vətənpərvərliyinin, mərhəmət və birlik duyğusunun parlaq ifadəsidir.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov Sherg.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalaması günün ən yaxşı, pozitiv xəbərlərindən biri oldu: 
“Bu əfv sərəncamı xeyli sayda məhkumu əhatə edir. Belə ki, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq imzalanmış bu əfv sərəncamı 200-dan çox şəxsə şamil olunub. Dövlətimizin başçısının bu qərarı ölkə həyatında çox mühüm hadisədir”. 
AHK sədrinin sözlərinə görə, 28 May – Respublika  Günü ərəfəsində Cənab Prezident tərəfindən belə bir qərarın qəbul edilməsi cəmiyyət tərəfindən də birmənalı olaraq rəğbətlə qarşılanıb:
 “Dövlət başçısının əfv sərəncamı imzalaması ilk növbədə ədalət və humanizm prinsiplərinin təntənəsi, mərhəmət göstəricisidir. Bu və ya digər cinayətlərə görə, ciddi qanun pozuntularına görə məhkum edilmiş şəxslərə əfv sərəncamının tətbiq edilməsi onlara yenidən normal həyata dönmək, öz səhvlərindən ciddi nəticə çıxararaq yeni həyata başlamaq şansı verir. Sözsüz ki, əfv olunmuş hər bir keçmiş məhkum da öz növbəsində dövlət başçısının humanist addımını düzgün dəyərləndirməli və əvvəlki səhvlərini bir daha təkrar etmək yolunu tutmamalıdır. Onlar ona görə əfv olunub azadlığa buraxılırlar ki, hər hansı bir şəkildə yenidən məhbəs həyatına geri dönməsinlər.
Prezidentin əfv sərəncamı imzalaması, eyni zamanda, cəmiyyətdə həmrəylik mühitinin gücləndirilməsinə xidmət edir. Bayramlar ərəfəsində əfv sərəncamlarının imzalanması həm xoş bir ənənəyə çevrilir, həm də insanlarımızda milli birlik və həmrəylik hisslərini daha da artırır. Yüzlərlə ailənin, minlərlə vətəndaşımızın bayram günlərində sevindirilməsi dövlət-vətəndaş münasibətlərinin daha sağlam təməllər üzərində inkişaf etməsinə zəmin yaradır. Bu mənada, öz humanist addımları və qərarları ilə dövlətimizin hər bir vətəndaşın yanında olduğunu təsdiq edən Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı cəmiyyətimizin gələcəyi üçün böyük mənəvi əhəmiyyət kəsb edir. Biz dövlət başçısının bu addımını alqışlayır, əfv olunan şəxsləri isə təbrik edirik”.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107 illiyi ərəfəsində Prezident İlham Əliyev tərəfindən “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın imzalanması Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm siyasətinin dövlət başçımız tərəfindən uğurla davam etdirildiyinin növbəti təsdiqidir.
Bu sözləri isə Sherg.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, ölkə başçısının Sərəncamı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib: 
“25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad olunub. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib”.
Deputat bildirib ki, insanların sosial müdafiəsinin gücləndirilməsi, həyatlarının həssas dönəmlərində, eləcə də əlamətdar tarixi günlərdə və milli bayramlarda onlara sevinc bəxş edilməsi möhtərəm Prezidentimizin siyasətinin ana xəttini təşkil edir: 
“Ümumiyyətlə, ölkəmizdə son illərdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlara diqqət etsək, dövlət başçımızı bu sahədə humanist siyasətinin, xüsusən cəzaların humanistləşməsinin bir daha şahidi olarıq. Ölkə başçısının bu addımı statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına diqqət və qayğının növbəti təzahürüdür. Hesab edirəm ki, bu Sərəncam hüququn aliliyinə, insanların hüquqi davranışının tənzimlənməsinin önə çəkilməsinə verilən bir qiymətdir”.
Səbinə Salmanova Prezident İlham Əliyevə 28 May - Müstəqillik Günü ərəfəsində belə bir Sərəncam imzaladığına görə təşəkkür edib:
 “Cənab Prezident İlham Əliyevə 28 May - Müstəqillik Günü ərəfəsində minlərlə insanı bir daha sevindirdiyinə görə çox təşəkkür edir, onun atdığı bu humanist siyasəti alqışlayırıq. Eyni zamanda dövlət başçımızın əfv sərəncamının təsiri altına düşmüş hər bir şəxsi ayrılıqda təbrik edirəm”.