İstədik sevinək, amma olmadı: Evlənənlərin sayındakı artım maraqlı səbəbə görədir

“Qanun iyun ayından etibarən qüvvəyə minəcək. Bu müddətədək qohum evliliyinə üstünlük verən bəzi ailələr tezbazar şəkildə övladlarını evləndirməyə çalışırlar”


Evlənənlərin sayında ötən illə müqayisədə artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-fevral aylarında 6 739 nikah qeydə alınmışdısa, bu ilin eyni dövründə 7741 nikah və 3414 boşanma qeydə alınıb.
Mütəxəssislər nikah sayındakı bu artımı müxtəlif səbəblərlə izah edirlər. Onlardan biri də yaxın qohumlar arasında nikahların qadağan olunması ilə bağlı gözlənilən qanun dəyişikliyidir. Xatırladaq ki, əmi, dayı, xala və bibi uşaqları arasında evlilik iyulun 1-dən etibarən qadağan ediləcək. Bu səbəbdən bəzi ailələrin qanun qüvvəyə minməmişdən əvvəl nikah bağlamağa tələsdiyi ehtimal edilir.

Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında deyib ki, ötənilki nikahlarla builki nikahların sayında elə bir kəskin fərq yoxdur:
 “Təxminən min nikah artıq  olub. Bu artım ilk baxışda sevindirici görünsə də, əslində, arxasında narahatedici bir səbəb dayanır. Əgər bu göstərici hər hansı müsbət sosial-iqtisadi dəyişikliklər fonunda meydana çıxmış olsaydı, sözsüz ki, nikah sayındakı artımı alqışlamaq olardı. Lakin təəssüf ki, bu halın arxasında duran əsas amil fərqlidir.
Pandemiyanın yaratdığı fasilədən sonra nikah sayında müşahidə edilən artım təbii qarşılanırdı. Karantin rejimi zamanı toy mərasimlərinə tətbiq olunan məhdudiyyətlər səbəbilə evlənənlərin sayı kəskin azalmışdı. Qadağalar aradan qalxdıqdan sonra isə təxirə salınmış nikahların reallaşması ilə artım baş verdi. Amma builki artımı bu kontekstdə qiymətləndirmək düzgün olmaz. Hazırda ölkədə gənclərin ailə qurmaq üçün stimul tapa biləcəyi ciddi sosial və iqtisadi dəyişikliyə şahidlik etmirik. Mənzil təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması və ya gəncləri evliliyə təşviq edən hər hansı dövlət proqramının həyata keçirilməsi müşahidə olunmur. Bu baxımdan, nikah sayındakı artımın arxasında daha fərqli, narahatedici bir səbəbin dayanması ehtimalı güclənir".

Sosioloqun fikrincə, belə ehtimallardan ən ağlabatanı yaxın qohumlar arasında nikahların qadağan olunmasına dair qanunun qəbul edilməsidir: 
“Qanun iyun ayından etibarən qüvvəyə minəcək. Bu müddətədək qohum evliliyinə üstünlük verən bəzi ailələr tezbazar şəkildə övladlarını evləndirməyə çalışırlar. Əfsus ki, hələ də  bizim cəmiyyətimizdə bu cür, zəkası geridə qalmış insanlar var. Qohum nikahlarının doğura biləcəyi genetik fəsadları anlamayan bu insanlar, qanun qüvvəyə minmədən öncə həmin evlilikləri reallaşdırmağı "fürsət" kimi dəyərləndirirlər.
Onlar hələ də bu qadağanın niyə qoyulduğunu, qohum nikahların sağlam ailələrin formalaşması üçün təhdid olduğunu dərk etmirlər. Bu kontekstdə nikah sayındakı artımı müsbət göstərici kimi qiymətləndirmək çətindir. Əksinə, bu tendensiya bir daha sübut edir ki, qohum nikahlarının yaratdığı təhlükələr barədə cəmiyyətdə maarifləndirmə və düşüncə dəyişimi hələ tam baş verməyib. İndi əsas məsələ yalnız qanun dəyişikliyi ilə kifayətlənməyib, bu qadağanın mahiyyətini insanlara anlatmaq və gələcək nəsillərin sağlamlığı naminə ciddi ictimai dəstək formalaşdırmaqdır.
Nə yaxşı ki, bu qanun qəbul edilib və çox qısa bir müddətdən sonra cəmiyyətimiz ciddi bir bəladan xilas olacaq. 
Bu qanunun qəbul edilməsi son dərəcə mühüm və məsuliyyətli bir addımdır.
Qan qohumları arasında bağlanan nikahlar, yalnız ailə münasibətlərinin deyil, gələcək nəsillərin sağlamlığının da ciddi təhdid altına düşməsi deməkdir. Genetik xəstəliklərin irsi olaraq ötürülməsi ehtimalı bu cür nikahlarda dəfələrlə artır və nəticədə uşaqlar anadangəlmə problemlərlə dünyaya gəlir. Bu isə təkcə ailənin deyil, bütövlükdə cəmiyyətin üzərinə ağır sosial və iqtisadi yük qoyur.
Nə yaxşı ki, bu məsələ dövlət səviyyəsində ciddiyə alınıb və nəhayət, qanunla tənzimlənməyə başlanır. Qohum evliliklərinə qadağa qoyulması gələcəkdə sağlam nəsillərin yetişməsinə, cəmiyyətin genetik təhlükələrdən qorunmasına mühüm töhfə verəcək. Ümid edirik ki, bu qısa keçid dövrü başa çatdıqdan sonra belə evliliklərin sayı minimuma enəcək və sağlam ailə institutunun formalaşmasına daha sağlam təməllər üzərində davam ediləcək”.