Kəmalə Ağazadə: "Zorakılığa məruz qalmış uşaqları təkrar valideynlərinə qaytarmaq olmaz"
Bir deyil, 2 azyaşlı zorakılığa məruz qalıb
“Qonşularla əlaqə saxladıq. Qonşular təsdiq etdi ki, bəli, valideynlərin əqli pozuntuları var. Deməli, uşaqlar və ailə - valideynlərlə bağlı düzgün qiymətləndirmə aparılmayıb”
Azyaşlı uşaqlara işgəncə verən valideynlərlə bağlı məhkəmə qərarının dəyişdiriləcəyi gözlənilir. Valideynlərin cinayət məsuliyyətinə cəlb ediləcəyi də mümkündür. Bu haqda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqlamasında bildirilir. Xatırladaq ki, Ağdamın Xındırıstan kəndində 2 azyaşlı uşaq valideynləri tərəfindən ağır işgənclərə məruz qalıblar. Xəsarətlər alan uşaqlardan birinin vəziyyəti çox ağırdır, uşağın komaya düşdüyü bildirilir. Uşağın atası tərəfindən döyüldüyü iddia olunur. Məlumata görə, iki yaşlı R.M ağır bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, daxil olarkən azyaşlının vəziyyəti kəskin ağır olub. Hadisəni törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məsələ ilə bağlı açıqlama yayıb. O bildirib ki, Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alması faktı üzrə aidiyyəti qurumlar tərəfindən əsaslı araşdırma işləri aparılır: “Hazırda hər iki uşaq Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müayinə və müalicələrə cəlb olunublar. Uşaqlardan birinin (3 yaşlı) vəziyyəti ağırdır, onun Bakı şəhərinə gətirilməsi ilə bağlı tədbirlər görülür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən məsələ nəzarətə götürülüb. Mərkəzin əməkdaşları tibb müəssisəsində uşaqların yanındadırlar, səhhətləri ilə yaxından maraqlanırlar. İlkin məlumata əsasən, hadisəni törədən valideynlər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Baş vermiş hadisə əsnasında valideynlər öz hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməklə yanaşı onların mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa və biganəliyə yol verməklə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60-cı maddəsini kobud şəkildə pozublar. Mövcud vəziyyət isə valideynlərin məsuliyyətə cəlb olunması, habelə Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə halı ilə nəticələnir”.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də baş vermiş dəhşətli hadisə ilə bağlı sosial şəbəkədə məlumat paylaşaraq məhkəmənin işgəncə görmüş uşaqları təkrar valideynlərin himayəsinə qaytarılmasına dair qərar verməsini absurd adlandırıb:
“Bir deyil, 2 azyaşlı zorakılığa məruz qalıb. 2 qardaş - 3 və 2 yaşlarında. Birinin vəziyyəti olduqca ağırdır. Bakıya gətirilir. Ağdamda atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə ilə bağlı bəzi təfərrüatlar məlum olub. APA-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, körpə bir müddət əvvəl də valideynləri tərəfindən ağır işgəncələrə məruz qalıb. Əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə hissəsini dişləyərək xəsarət yetiriblər. Uşaq müalicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb, lakin sonradan valideynlərinə qaytarılıb".
Sherg.az-a açıqlamasında K.Ağazadə qeyd etdi ki, əqli qüsurlu olduğu deyilən valideynlərə uşaqları təkrar qaytarmaq son dərəcə absurd bir qərar olub:
- Mən də məlumatı dünən mediadan aldım. Araşdırdıq məsələni. Qonşularla əlaqə saxladıq. Qonşular təsdiq etdi ki, bəli, valideynlərin əqli pozuntuları var. Deməli, uşaqlar və ailə - valideynlərlə bağlı düzgün qiymətləndirmə aparılmayıb, azyaşlılar əvvəlcə uşaq evinə yerləşdirilib. Bir müddət uşaq evində qalıblar. Sonra isə məhkəmə azyaşlıların valideynlərinin himayəsinə qaytarılmasına qərar verib. Bu, yanlış bir qərardır. Baş vermiş hadisə ilə bağlı hazırda istintaq aparılır. Hesab edirəm ki, burada valideynlərin cinayət məsuliyyətinə cəlb edilməsi də olmalıdır.
İşgəncəyə məru qalmış uşaqların Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilməsinə gəlincə, K.Ağazadə bunun mümkünsüz olduğunu dedi:
- Bizim sığınacaq 3 yaşından böyük uşaqları qəbul edir. 3 yaşına qədər azyaşlıları isə qəbul etmirik. Çünki ştatımız yoxdur, kim baxacaq o uşaqlara? Əvvəllər qəbul etmişik, yeni doğulmuşları, 3-5 günlük körpələri də. Amma indi belə bir imkanımız yoxdur. Ümumiyyətlə, qərara gəlmişik ki, 3 yaşdan yuxarı ancaq qızları qəbul edək.