Qız uşaqlarının taleyi ailələrin qərarına deyil, onların öz seçimlərinə və azad iradələrinə bağlı olmalıdır
“Cəmiyyət olaraq bu məsuliyyəti üzərimizə götürməsək, növbəti “ləman”ların qarşısını ala bilməyəcəyik”
Azərbaycan cəmiyyətində son illər ailə-məişət zəmnində baş verən faciələrin sayı artmaqdadır. Xüsusilə də gənc qızların ailə təzyiqləri, zorakı evliliklər və cəmiyyətin köhnəlmiş “namus” anlayışı altında əzilməsi faciəvi sonluqlara gətirib çıxarır. Gənc bir qızın – hələ həyatının başlanğıcında olan 19 yaşlı Ləman Məmmədlinin intiharı da bu acı reallığın növbəti nümunəsidir.
Ləmanın ölümü yalnız bir ailənin deyil, bütöv bir cəmiyyətin faciəsidir. “Gəlinliyin açıq-saçıq olması” bəhanəsi ilə başlayan mübahisə, əslində, qadının həyatına, seçimlərinə, geyiminə müdaxilənin, onun şəxsiyyətini görməzlikdən gələn patriarxal düşüncənin təzahürüdür. Bu cür hadisələr göstərir ki, hələ də bir çox ailələrdə qız uşaqlarının taleyi onların özlərinə deyil, başqalarının qərarına tabe etdirilir. Onlar sevincini, kədərini, hətta geyimini belə azad seçə bilmir.
Atasının dediyinə görə, ailələr arasında yaşanan mübahisələr “gəlinliyin açıq-saçıq olması” kimi cılız səbəbdən alovlanıb. Amma hadisənin kökü çox daha dərindir. Ləmanın rəfiqəsi ilə yazışmalarında onun bu nikahın öz istəyi ilə deyil, ailəsinin təzyiqi ilə baş tutduğunu, yəni faktiki olaraq zorla ərə verildiyini etiraf etdiyi üzə çıxıb. Gənc qızın içində yaşadığı qorxu, narazılıq və ümidsizlik sonradan psixoloji sarsıntıya, nəticədə isə faciəyə çevrilib.
Cəmiyyətin “ayıbdır”, “qız uşağına yaraşmaz”, “nə deyərlər” kimi fikirlərlə böyütdüyü nəsil bəzən bu basqının ağırlığı altında qalır. Ləmanın faciəsi də məhz bu basqının, anlayışsızlığın və empati çatışmazlığının nəticəsi kimi yadda qalır. Bu hadisə təkcə bir ailənin faciəsi deyil, qızların söz haqqının əlindən alındığı, azadlığın mənasız qadağalarla boğulduğu bir mühitin güzgüsüdür.
İndi əsas sual budur: daha neçə gənc qız bu düşüncənin qurbanı olmalıdır ki, cəmiyyət qızların “namus” deyil, insan olduğunu anlasın?
D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Sherg.az-a açıqlamasında deyib ki, intihar son çarə deyil, çıxış yolu həmişə var:
“Sadəcə, qanunların insanlara daha aydın şəkildə izah olunmasına ehtiyac var. Qızımıza Allah rəhmət eləsin... 19 yaşında, hər şeyi anlayan, düşünən bir gənc idi. Bu hadisə göstərir ki, bəzən ətrafdakı insanlar – xüsusən də rəfiqələri – vaxtında reaksiya versəydilər, bəlkə də, bu faciə yaşanmazdı. Əgər Ləmanın yazışmalarında məcburi evlilikdən, ailə təzyiqindən söhbət gedirdisə, bu məlumat polisə, bələdiyyəyə, icra hakimiyyətinin qadın məsələləri üzrə şöbələrinə çatdırıla bilərdi.
Burada əsas məsələ gəlinliyin “açıq-saçıq” olması deyil, cəmiyyətin biganəliyidir. Təəssüf ki, indi çoxları məsuliyyəti paltarın üstünə atacaq. Amma problem çox dərindir, bu, zorakılıqdır, qadına qarşı təzyiq formasıdır. Əvvəllər insanlar qorxurdu, totalitar rejim zamanı belə şikayətlər komsomola, partiyaya edilirdi. İndi isə qanunlar var və həmin qanunlarla ailədaxili zorakılığın, məcburi evliliyin qarşısını almaq mümkündür. Sadəcə, bəzi ailələr bu qanunlara tabe olmaq istəmirlər. Ona görə həm qızlar arasında, həm də ailələrdə maarifləndirici seminarlar keçirilməlidir. Qızlara qanunların onlara verdiyi hüquqlar barədə danışmaq, ailələrə isə bu hüquqları pozmağın ağır məsuliyyətini anlatmaq vacibdir.
Əgər qızın yazısı, ya da rəfiqələrinin şahidliyi kimi sübutlar varsa, belə ailələr məhkəməyə cəlb edilməlidir. Mənim praktikamda da buna bənzər hadisə olub. Bir qız institutu bitirmişdi, valideynləri zorla ərə vermək istəyirdilər. Bizə müraciət etdi, ailə ilə görüşdük, sakit və hərtərəfli söhbət apardıq. Axırda valideynlər anlayış göstərdi, fikirlərindən daşındılar. Yəni mümkündür, sadəcə cəmiyyət bu məsələlərə biganə qalmamalıdır”.
N.Cəfəroğlunun sözlərinə görə, televiziyada, mediada bu mövzuya daha çox yer ayrılmalıdır:
“Məcburi evlilik qadına qarşı zorakılıqdır və bununla ciddi mübarizə aparmaq lazımdır. Ailələrdə hələ də gülünc qorxu var, “qız evdə qalsa, alan olmayacaq”. Halbuki qızlara təhsil vermək, onları güclü və azad yetişdirmək lazımdır ki, öz həyatlarını qorumağı bacarsınlar. Cəmiyyət və dövlət birlikdə hərəkət etməsə, belə faciələr təkrar yaşanacaq”.
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai də bildirib ki, bu hadisə tək bir ailənin yox, bütöv bir toplumun vicdanında açılmış yaradır:
“Əlimizdə olan məlumata görə, Ləman özündən 15 yaş böyük bir kişiyə zorla ərə verilib və bu evliliyə qarşı çıxmasına baxmayaraq, ailəsi onun səsini eşitməyib. Nəticədə bir gənc qızın həyatı, arzuları və gələcəyi əlindən alınıb.
Bu hadisə bir daha göstərir ki, məcburi evliliklər hələ də cəmiyyətimizdə ciddi sosial problem olaraq qalır. Qız uşaqlarının istəyi, razılığı və psixoloji hazırlığı nəzərə alınmadan evləndirilməsi insan hüquqlarının, qadın hüquqlarının və uşaqların müdafiəsi haqqında qanunvericiliyin birbaşa pozulmasıdır.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, hər bir nikah könüllü razılıq əsasında bağlanmalıdır. Ailələrin qızlarını zorla ərə verməsi Cinayət Məcəlləsinə əsasən, azyaşlılarla və ya məcburiyyətlə nikah bağlamaqla bağlı məsuliyyət yaradır. Bu, həm də mənəvi zorakılıq formasıdır və psixoloji travmalarla nəticələnir.
Bu kimi hallarda dövlət qurumları, xüsusilə Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra orqanları qızların təhlükəsizliyinə, məcburi evlilik siqnallarına dərhal reaksiya verməlidir. Məktəblərdə, kənd və rayon icmalarında sosial işçilər və psixoloqlar aktiv fəaliyyət göstərməli, risk qrupuna daxil olan ailələrdə maarifləndirici işlər aparılmalıdır.
Eyni zamanda, ictimai institutların və QHT-lərin üzərinə böyük məsuliyyət düşür. Qız uşaqlarının erkən yaşda evliliyə məcbur edilməsinin qarşısını almaq üçün sistemli maarifləndirmə proqramları, hüquqi yardım xətləri və psixososial dəstək mexanizmləri yaradılmalıdır”.
S.Fədai hesab edir ki, bu faciələr bir daha göstərir ki, biz qız uşaqlarına “itaətkar ol” yox, “özünü qoru”, “səsini ucalda bilərsən” deməyi öyrətməliyik. Hər bir gənc qızın öz həyatı, qərarı və azadlığı üzərində söz haqqı var. Bu haqqı əlindən almaq onun həyatını əlindən almaq deməkdir:
“Qız uşaqlarının taleyi ailələrin qərarına deyil, onların öz seçimlərinə və azad iradələrinə bağlı olmalıdır. Cəmiyyət olaraq bu məsuliyyəti üzərimizə götürməsək, növbəti “ləman”ların qarşısını ala bilməyəcəyik”.