Qadınların pensiya yaşı kişilərlə bərabərləşdi -AÇIQLAMA

Pensiya yaşının artırılması həm demoqrafik dəyişikliklər, həm də dövlətin maliyyə imkanları ilə bağlıdır
 
 
İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı daha 6 ay artırılacaq. Beləliklə, əmək pensiyası almaq hüququ qazanan qadınlar üçün yaş həddi 64 il 6 ay olacaq. Bu, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 2017-ci ildən etibarən mərhələli şəkildə tətbiq edilən artımın növbəti mərhələsidir.
Hazırda ölkədə qadınların pensiya yaşı 64-dür və bu müddət 2025-ci il iyunun 30-da başa çatır. Növbəti ildən isə – 2026-cı il iyulun 1-dən etibarən qadınlar da kişilər kimi 65 yaşda pensiyaya çıxacaqlar. Bununla da, ölkədə pensiya yaşı üzrə gender bərabərliyi təmin ediləcək.
Xatırladaq ki, kişilər üçün pensiya yaşı 2021-ci ildən etibarən 65 yaş səviyyəsində sabitləşdirilib. Həm kişilər, həm də qadınlar üçün əmək pensiyasına çıxmaq üçün əsas şərt isə azı 25 il sığorta stajının olması və fərdi hesabda toplanmış pensiya kapitalının müəyyən minimum məbləği təmin etməsidir.
“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Qadınların pensiya yaşının artırılması ilə bağlı qərarın yeni olmadığını xatırladan iqtisadçı-ekspert Əkrəm Həsənov prosesin bir neçə il öncə qəbul edilmiş mərhələli islahat planına uyğun həyata keçirildiyini bildirib. O, Sherg.az-a açıqlamasında bildirib ki, əvvəllər kişilər üçün pensiya yaşı 63, qadınlar üçün isə 60 idi. Daha sonra qərara alınıb ki, hər iki cins üçün yaş həddi 65-ə çatdırılsın və bu məqsədlə hər il 6 ay artırılsın. Bu artımı qlobal tendensiyalarla əlaqələndirən ekspert bildirib ki, insanların ömrü uzanır, iş qabiliyyəti artır, amma dövlətin pensiya ödəmək imkanları məhdudlaşır:

 “Bu təkcə Azərbaycana aid deyil, dünyanın bir çox ölkəsində yaşanan problemdir. Pensiya yaşının artırılması həm demoqrafik dəyişikliklər, həm də dövlətin maliyyə imkanları ilə bağlıdır. İnsanların ömür uzunluğu artdıqca və təqaüddə qalma müddəti uzandıqca, bu, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) əlavə yük yaradır. Belə bir şəraitdə dövlətin davamlı şəkildə pensiya ödənişlərini təmin edə bilməsi üçün yaş həddinin tənzimlənməsi qaçılmaz olur”.

Ə.Həsənovun xüsusi vurğuladığı məqamlardan biri də gender bərabərliyi prinsipidir. Onun sözlərinə görə, əgər bu prinsip digər sahələrdə əsas götürülürsə, pensiya yaşı ilə bağlı da eyni yanaşma tətbiq olunmalıdır: 
“Statistik göstəricilərə əsasən, qadınların ömür uzunluğu Azərbaycanda kişilərlə müqayisədə daha yüksəkdir. Bu da praktikada onların pensiya dövrünün daha uzun olmasına səbəb olur və nəticə etibarilə dövlət büdcəsinə əlavə yük gətirir.
Onu da deyim ki, bəzi hallarda pensiya yaşının artması təkcə gecikmə deyil, eyni zamanda müəyyən faydalar da yaradır. Məsələn, bir çox dövlət qurumlarında çalışan şəxslər pensiya yaşına çatan kimi işdən çıxarılır, halbuki onlar işləməyə davam etmək istəyirlər. Yaş həddinin artması bu insanlara əmək fəaliyyətlərini bir qədər də uzatmaq imkanı verir. Əsas nəticə ondan ibarətdir ki, pensiya yaşının artırılması yalnız inzibati qərar deyil, eyni zamanda sosial, iqtisadi və demoqrafik faktorların vəhdətində formalaşan zərurətdir. Bu dəyişikliklər vətəndaşların həyatına bilavasitə təsir etsə də, uzunmüddətli perspektivdə sosial təminat sisteminin dayanıqlığını qorumağa xidmət edir”.