Qara bəla blokları gəzir: Narkotik cinayətdir, amma çıxış yolu da var

Azər Həsrət: “Bu bəlaya qarşı mübarizə yalnız polisin yox, cəmiyyətin ortaq məsuliyyətidir”
Narkotiklərlə mübarizədə vətəndaşların fəal iştirakı və ictimai nəzarət hüquq-mühafizə orqanlarının işini gücləndirən əsas amillərdəndir. Yasamal rayonunda baş verən son hadisə göstərir ki, vətəndaş təşəbbüsü – konkret halda binaya quraşdırılmış müşahidə kamerasının görüntüləri – polis-vətəndaş əməkdaşlığının effektivliyini bir daha təsdiqləyir.
Bu cür qarşılıqlı profilaktik fəaliyyət nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs ifşa edilərək məsuliyyətə cəlb edilib. Hadisə həm də onu göstərir ki, ictimai fəallıq, diqqətlilik və operativ məlumat mübadiləsi hüquq pozuntularının qarşısının alınmasında mühüm rol oynayır.
Beləliklə, narkotiklərlə mübarizə təkcə hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin bütün üzvlərinin birgə məsuliyyətidir.
Qeyd edək ki, Bakının Yasamal rayonunda yaşayış binalarından birinin blokunda naməlum şəxslərin narkotikdən vasitə istifadə etməsi və digər qeyri-adekvat hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev sosial media hesabında məlumat verib. 
E.Hacıyev qeyd edib ki, əgər vətəndaşların dəstəyi və iştirakı olmazsa, narkotik vasitələrlə əlaqəli halların qarşısının alınması ciddi şəkildə çətinləşir: “Görünən odur ki, polis-vətəndaş münasibətlərində qarşılıqlı profilaktik işlər nəticə verir.
Paytaxtın Yasamal rayonunda yerləşən yaşayış binalarından birinin blokunda naməlum şəxslərin narkotik vasitə istifadə etməsi və digər qeyri-adekvat hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Həmin görüntülərin əks olunduğu yaşayış binasında narkotik aludəçilərinin intensiv hərəkəti ilə bağlı məlumatlar Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmaqla ərazi müşahidəyə götürülüb. Müəyyən edilib ki, həmin binada olan mənzillərin birində narkotik satışının təşkili ilə bağlı əsaslı şübhələr var. Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 38 yaşlı Elgün Əliyev saxlanılaraq həbs edilib. Ondan 1 kiloqram 550 qram narkotiv vasitə heroin, 1 kiloqram 300 qram psixotrop maddə metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.
Hazırda yaşayış binası ətrafında profilaktik tədbirlər diqqətdə saxlanılır.
Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında deyib ki, narkotikə qarşı mübarizə hər bir vətəndaşın borcudur. 
Ekspertin sözlərinə görə, bu cür taleyüklü məsələlərdə heç bir vətəndaş kənarda dayanmamalı, məsuliyyətdən yayınmamalıdır: 
“Çünki narkotik problemi təkcə bir fərdin və ya bir ailənin deyil, bütöv bir cəmiyyətin sağlamlığı və gələcəyi üçün təhlükə yaradan ciddi sosial bəladır. Ona görə də bu problemə qarşı mübarizə yalnız hüquq-mühafizə orqanlarının işi kimi yox, cəmiyyətin ortaq məsuliyyəti kimi dəyərləndirilməlidir.
Azərbaycan dövlətinin bu sahədə apardığı profilaktik tədbirlər, həyata keçirilən reydlər, nəzarət mexanizmləri və inzibati tədbirlər çox vacibdir və konkret nəticələr verir. Lakin bu tədbirlərin təkbaşına yetərli olmadığını da açıq şəkildə etiraf etməliyik. Narkotiklərlə mübarizənin effektivliyi cəmiyyətin ümumi fəallığından, vətəndaşların bu mübarizəyə könüllü şəkildə qoşulmasından da asılıdır. Bu baxımdan maarifləndirmə komponenti əsas rol oynayır. Xüsusilə gənc nəslin düzgün istiqamətləndirilməsi, onların zərərli vərdişlərə qarşı immunitetinin formalaşdırılması cəmiyyətin gələcək təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır. Narkotik vasitələrin fəsadları gənclərə yalnız hüquqi dildə yox, həm də psixoloji, sosial və həyat faktları əsasında izah edilməlidir.
Maarifləndirmə işi məktəblərdə və universitetlərdə sistemli şəkildə aparılmalı, media və sosial şəbəkələr vasitəsilə müasir kommunikasiya üsullarından istifadə edilməklə geniş auditoriyaya çatdırılmalıdır. Bu məsələyə kompleks yanaşmaq, həm məlumatlandırmaq, həm də düzgün yaşam tərzini təşviq etmək zəruridir”.
Həsrət təəssüflə bildirib ki, bizim cəmiyyətimizdə polisə yardım edən vətəndaşlara qarşı bəzi hallarda qeyri-obyektiv münasibət müşahidə olunur:
 “Bəziləri bu şəxsləri qınayır, təhqiramiz ifadələr işlədir, onları "başqasının işinə qarışan" kimi qələmə verir. Halbuki, müasir hüquqi dövlətlərdə vətəndaş sayıqlığı ictimai asayişin qorunmasında ən güclü vasitələrdən biridir. Məsələn, Avropa ölkələrində və ABŞ-də polisə yardım edən vətəndaş təşəbbüsləri təşviq olunur, onlara hüquqi və ictimai dəstək göstərilir. Azərbaycan cəmiyyətində də bu cür ictimai şüurun formalaşdırılması çox vacibdir. Düzdür, bu gün ölkəmizdə ictimai asayiş hüquq-mühafizə orqanları tərəfindən kifayət qədər yüksək səviyyədə təmin olunur. Amma bu prosesin effektivliyi vətəndaş-polis əməkdaşlığının səmərəliliyindən də birbaşa asılıdır. Buna görə də narkotiklərlə mübarizədə iki əsas istiqamət paralel şəkildə aparılmalıdır. Bir tərəfdə – qanun pozucuları üçün sərt cəza tədbirləri, digər tərəfdə – maarifləndirici, motivasiyaedici və psixoloji dəstək verən mexanizmlər.
Bu iki istiqamət bir-birini tamamlamalı, cəmiyyətə eyni vaxtda “narkotik cinayətdir” mesajı, həm də “çıxış yolu var, seçim sənin əlindədir” çağırışı verilməlidir. Cəmiyyətin hər bir üzvü bu problemin qarşısının alınmasında üzərinə düşən məsuliyyəti dərk etməli, laqeydlik göstərməməlidir. Unutmayaq ki, bir insanı xilas etmək bəzən bütöv bir nəsli xilas etmək deməkdir”.