QHT-lərə son sərt xəbərdarlıq! -Saxta orden və medallara hüquqi mübarizə başlanır

Cəsarət Hüseynzadə: “Saxta ordenlər cəmiyyətdə çaşqınlıq yaradır”
Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə bəyanat yayıb.
"Şərq" xəbər verir ki, bəyanatda deyilir: "Bir sıra QHT-lərin qanunla qadağan olunan fəaliyyətə yol verərək, ayrı-ayrı şəxsləri saxta orden və medallarla təltif etməsi barədə informasiyalar yayılmaqdadır.
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununa 2010-cu ildə əlavə edilmiş 3-cü bəndə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz".
Birgə bəyanatda bildirilib ki, bəzi QHT-lərin orden və medallar təsis etməsi ictimai etimadı sarsıdır, əhalinin aldadılmasına səbəb olur və ciddi hüquqi məsuliyyət yaradır.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Ədliyyə Nazirliyinin verdiyi birgə bəyanat ölkə ictimaiyyətində, xüsusən də sosial şəbəkələrdə geniş formada dəstək qazanıb. Orden və medalların bəzi QHT-lər tərəfindən təsis edilməsi və müəyyən şəxslərə təqdim olunmasının  sui-istifadə hallarına yol açdığını qeyd ediblər. 
 “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə Sherg.az-a açıqlamasında QHT-lərə belə bir qadağanın qoyulmasını müsbət dəyərləndirib:
 “Biz dəfələrlə mətbuat vasitəsilə bəyan etmişik ki, bəzi qeyri-hökumət təşkilatlarının orden və medallar təsis etməsi və onları təqdim etməsi həm hüquqi, həm də ictimai baxımdan doğru deyil və cəmiyyətdə çaşqınlıq yaradır.
 “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanun 1992-ci ildə qəbul olunub. O dövrdə orden və medalların təsis edilməsi ilə bağlı qadağa yox idi. Lakin 2010-cu ildə həmin qanuna əlavə edilən üçüncü maddə bu məsələni mövcud qanunvericiliyə uyğunlaşdırdı. 2010-cu ildən əvvəl qeydiyyatdan keçən bəzi QHT-lərin nizamnaməsində orden və medal təsis etmək barədə müddəalar mövcuddur. Bəzi təşkilatlar məhz həmin müddəaya əsaslanaraq müxtəlif orden və medallar təsis ediblər. Ancaq Azərbaycan qanunvericiliyi istənilən təşkilatın daxili nizamnaməsindən üstün sayılır və hər bir təşkilat öz sənədlərini milli qanunvericiliyə uyğunlaşdırmalıdır. Hər hansı QHT-nin nizamnaməsi ona belə hüquq vermir.
Lakin Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bəzi qeyri-hökumət təşkilatlarının qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi və təqdim etməsi ilə bağlı yaydığı birgə bəyanat bir daha göstərir ki, “dəmir-dümür” alverçiləri hələ də öz peşəsindən əl çəkməyiblər".
Bəzi QHT-lərin müxtəlif adlar altında orden və medallar təsis etməsi və xüsusi adlardan istifadə etməsinin cəmiyyətdə yanlış təəssürat yaratdığını vurğulayan C.Hüseynzadə qeyd edib ki, bir çoxları elə düşünür ki, həmin orden və medallar dövlət tərəfindən verilir:
 "Bəzən isə bu təltiflərin müəyyən maliyyə qarşılığında təqdim edildiyi haqda məlumatlar yayılır. Hətta bəzi hallarda dövlət başçısının fotosundan və rəsmi simvollardan istifadə olunur. Müharibədən sonra bir sıra təşkilatlar Vətən müharibəsi iştirakçılarını, hətta döyüşdə iştirak etməyənləri belə müxtəlif medallarla təltif ediblər. Halbuki QHT-lərin belə halları yoxlamaq üçün nə hüquqi imkanı, nə də resursu var. Bu, təbii olaraq narazılıq və inciklik yaradır, cəmiyyətdə qıcıq doğurur. Bəzi QHT-lərin adlarının qarşısında “Azərbaycan Respublikası” ifadəsini işlətməsi də özlərini dövlət qurumu kimi təqdim etmək niyyətindən xəbər verir. Belə halların arxasında çox zaman neqativ məqamlar dayanır. Hesab edirəm ki, artıq bu cür “özfəaliyyət”lərin sonu çatıb və həmin QHT-lər bu məsuliyyətsiz davranışın qarşısını almalıdır”.
QHT sədrinin sözlərinə görə, bəzi QHT-lərin bu tip cür hərəkətləri təkcə fərdi formada həmin təşkilatların məsuliyyətsizliyi ilə məhdudlaşmır, həm də ümumilikdə vətəndaş cəmiyyəti sektorunun nüfuzuna mənfi təsir göstərir: 
“Cəmiyyətin dövlət və ictimai institutlara olan etimadının möhkəmlənməsi üçün QHT-lərin şəffaf fəaliyyəti vacibdir. Saxta orden və medallar həm bu etimadı zədələyir, həm də həqiqətən fədakar və nümunəvi fəaliyyət göstərən təşkilatların işini kölgədə qoyur. Ona görə də, hüquqi mexanizmlərin gücləndirilməsi və bu cür hallara qarşı cəza tədbirlərinin sərtləşdirilməsi zəruridir. Eyni zamanda, ictimaiyyət də maarifləndirilməli, vətəndaşlar hansı mükafatların rəsmi, hansıların isə saxta olduğunu aydın fərqləndirməlidirlər”.
O, bütün QHT-ləri qanunvericiliyə riayət etməyə, dövlət qurumları və cəmiyyət qarşısında daha məsuliyyətli mövqe sərgiləməyə çağırıb: “Əsl vətəndaş cəmiyyəti nümunəsi qanunun aliliyinə hörmət, şəffaflıq və ictimai etimad üzərində qurulmalıdır. Saxta orden və medal təcrübəsi yalnız neqativ nümunə kimi tarixdə qalmalıdır. Bilirsiniz ki, qanunvericiliyin tələblərini pozmaq digər qurumlarla yanaşı qeyri-kommersiya hüquqi şəxslər üçün də birbaşa məsuliyyət yaradır. Bu baxımdan müvafiq dövlət qurumlarının da əlində kifayət qədər əsas formalaşır ki, belə qanunsuz fəaliyyətlə məşğul olan təşkilatlara qarşı hüquqi prosedurlar başlatsınlar. Bu, təkcə cəza tədbiri deyil, həm də cəmiyyətin etimadının bərpası baxımından vacib addımdır. Bütün bu məqamları nəzərə alaraq, biz bütün sağlam düşüncəli QHT-ləri bu məsələdə həmrəylik göstərməyə, qanunsuz fəaliyyətə qarşı birgə və qətiyyətli mübarizəyə səsləyirik”.