Ukraynalı uşaqların yaraları Azərbaycanda sağalır -RƏY
Ukraynalı uşaqların ölkəmizdə reabilitasiyası davam etdirilir. Ukraynanın müxtəlif vilayətlərində müharibədən əziyyət çəkən ailələrin uşaqları növbəti dəfə Azərbaycana reabilitasiyaya göndərilib. Azərbaycanın Ukraynadakı Səfirliyinin müşaviri Fərid Babayevin sözlərinə görə, artıq üç ildən çoxdur ki, Azərbaycan hökumətinin təşəbbüsü ilə müharibədən zərər çəkmiş ukraynalı uşaqlar qəbul edilir, onlara qayğı, istirahət, müalicə və mənəvi dəstək göstərilir. F. Babayev bildirib ki, bu müddət ərzində 300-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib. Təşkilat mərkəzinin nümayəndəsi Anjela Kravçenko bildirib ki, bu gün Azərbaycana 30 nəfər azyaşlı uşaq göndərilib: "Bunlar Ukrayna Milli Qvardiyası və Milli Polisinin müharibədən əziyyət çəkmiş əməkdaşlarının uşaqlarıdır. Bu, müharibə müddətində Azərbaycana reabilitasiyaya göndərilən 6-cı qrupdur. Hazırda göndərilən uşaqlar 6 yaşdan 16 yaşa qədərdirlər. Bizi qəbul edən Azərbaycana uşaqlarımızın bərpası, onların parlaq emosiyaları üçün təşəkkür edirik. Gələcəkdə yeni dəvətə görə də indidən təşəkkür edirik". Müharibənin əvvəlindən Azərbaycanın Ukraynadakı səfirliyinin vasitəsilə həyata keçirilən bu humanist aksiyanın davam edəcəyi bildirilir.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sherg.az-a açıqlamasında qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsi başlanandan Azərbaycan ukraynalı uşaqların sosial reabilitasiyasına yardım göstərir. Uşaqların sosial-psixoloji reabilitasiyasına dəstək olmaq humanist bir addımdır:

- Son illərdə ukraynalı uşaqlar dəfələrlə ölkəmizə gətirilib, onlara hər cür dəstək göstərilib. Bu prosesdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi yaxından iştirak edir. Uşaqlar, onlar üçün nəzərdə tutulan istirahət düşərgələrinə yerləşdirilir və sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilirlər. Onların maraqlı vaxt keçirmələri təmin edilir, ekskursiyaralara aparılırlar və sair. Bu, dövlətimizin dost Ukraynaya növbəti yardım jestidir. Müharibədən ən çox əziyyət çəkən məhz uşaqlar və qadınlardır. Uşaqlar ən həssas kateqoriya, xüsusi həssas qrupdur. Onlar müharibə dəhşətlərini daha da ağrılı keçirir, ciddi psixoloji travma alırlar. Ona görə də münaqişə və müharibə ocaqlarındakı uşaqların sosial-psixoloji reabilitasiyası böyük əhəmiyyət daşıyır. Bildiyim qədər ukraynalı uşaqların burada istirahəti tam təmin edilir, reabilitasiya prosesi xüsusi proqram əsasında icra edilir. Uşaqlar tibbi və psixoloji müayinədən keçirilir, hansı dərəcədə travma aldıqları müəyyənləşir, buna uyğun olaraq da reabilitasiya proqramı icra olunur. Bu uşaqlarla təbii ki, mövcud vəziyyətlərinə uyğun psixoloji iş aparılmalıdır. Onların cəmiyyətə inteqrasiyası üçün də reabilitasiya proqramlarının düzgün təşkili çox önəmlidir. Çalışmaq lazımdır ki, uşaqlar müharibə dəhşətlərini mümkün qədər unutsunlar. Əlbəttə, tamamilə unutmaq qeyri-mümkündür, amma zaman keçdikcə yaralar sağalır. Bu, həm də ondan asılıdır ki, reabilitasiya proqramı necə tərtib olunur, uşaqların istirahəti, yeni mühitə uyğunlaşmaları necə təmin edilir. Mənəvi dəstək çox önəmlidir. Müharibədən əziyyət çəkən uşaqlar tək, kimsəsiz olmadıqlarını bilməli, hiss etməlidirlər. Bu, onlara stresdən, həyəcandan uzaqlaşmağa kömək edəcək.