- Əmrah Həsənli: “Ali təhsil tələbələrin cibindən asılı qaldıqca keyfiyyət artmayacaq”
Azərbaycanda ali təhsilin keyfiyyəti və təhsil haqları ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ölkədə bir tələbənin təhsil haqqı bir çox xarici ölkələrlə müqayisədə aşağıdır və bu, ali təhsildə keyfiyyətin təmin olunmasını çətinləşdirir. Nazir qeyd edib ki, xüsusilə kompüter mühəndisliyi kimi strateji sahələrdə yüksək səviyyəli mütəxəssis hazırlamaq üçün daha böyük maliyyə resurslarına ehtiyac var. Onun sözlərinə görə, təhsil haqqının artırılması mümkün olmadıqda universitetlər daha çox tələbə qəbul etməyə məcbur qalır ki, bu da keyfiyyətlə kəmiyyət arasında balansın pozulmasına səbəb olur. Emin Əmrullayev eyni zamanda regional universitetlərin inkişafının vacibliyini vurğulayaraq bəzi istiqamətlər üzrə bölgə ali məktəblərinin Bakı universitetlərindən daha yaxşı nəticələr göstərdiyini bildirib.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a bildirib ki, təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi fikirlər Azərbaycan ali təhsil sistemində uzun illərdir mövcud olan əsas dilemmanı, keyfiyyətlə kəmiyyət arasındakı ziddiyyəti açıq şəkildə ortaya qoyur. Onun sözlərinə görə, xüsusilə kompüter mühəndisliyi, süni intellekt və digər strateji sahələr üzrə illik 2000 manat civarında təhsil haqqı ilə beynəlxalq rəqabətə davamlı mütəxəssis hazırlamaq olduqca çətindir.
Ekspert bildirib ki, yüksək keyfiyyətli təhsil üçün müasir laboratoriyalar, bahalı proqram təminatı, güclü akademik heyət və yüksək maaşlı peşəkar müəllimlər lazımdır:
“Aşağı büdcə şəraitində isə universitetlər inkişaf etməyə deyil, sadəcə fəaliyyətlərini davam etdirməyə çalışırlar. Nəticədə maliyyə çatışmazlığını aradan qaldırmaq üçün daha çox tələbə qəbul edilir ki, bu da auditoriyalarda sıxlığın artmasına və təhsil keyfiyyətinin zəifləməsinə səbəb olur”.
Əmrah Həsənli vurğulayıb ki, məsələnin digər tərəfi Azərbaycan ailələrinin sosial-iqtisadi vəziyyətidir. Onun fikrincə, hazırkı şəraitdə bir çox ailə üçün illik 2000-2500 manat təhsil haqqı belə ciddi maliyyə yükünə çevrilir: 
“Xüsusilə bir ailədə bir neçə tələbənin təhsil alması ailə büdcəsinə ağır təsir göstərir. Bu səbəbdən təhsil haqlarının artırılması cəmiyyətdə ciddi sosial narazılıq yarada və ali təhsildə sosial bərabərsizliyi daha da dərinləşdirə bilər.
Əslində problem yalnız təhsil haqlarının aşağı olmasında deyil. Universitetlərin maliyyələşmə modeli dəyişməli, ali təhsil müəssisələrinə daha geniş muxtariyyət verilməli və əlavə gəlir mənbələri formalaşdırılmalıdır. Dünya universitetləri elmi araşdırmalar, sənaye tərəfdaşlıqları, patentlər və qrantlar hesabına böyük gəlirlər əldə etdiyi halda, Azərbaycan universitetlərinin büdcəsinin əsas hissəsi hələ də tələbələrin ödədiyi təhsil haqlarından asılıdır”.
Ekspert hesab edir ki, Bakıdakı universitetlərdə təhsil haqlarının süni şəkildə artırılması region universitetlərinin inkişafı üçün effektiv həll yolu deyil. Onun sözlərinə görə, bu addım sadəcə paytaxt universitetlərində oxumaq imkanı olmayan gənclərin regionlardakı ali məktəblərə yönəlməsinə səbəb olacaq ki, nəticədə təhsildə sosial bərabərsizlik daha da dərinləşəcək: “Əsas çıxış yolu dövlətin ali təhsilin maliyyələşmə mexanizmini yenidən formalaşdırmasından keçir. Universitetlərə daha geniş muxtariyyət verilməli, təhsilin real maya dəyəri hesablanmalı və ali təhsil müəssisələri yalnız tələbə ödənişlərindən asılı vəziyyətdə qalmamalıdır”.