Niderlandın Rotterdam şəhərinin “Krosveyk” qəbiristanlığında dəfn edilən ukraynalı polkovnik Yevgen Konovaletsin qalıqları (külü) vətəninə gətirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini İrina Vereşçuk məlumat verib .
Proses Ukrayna Prezidenti Volodimir Zelenskinin tapşırığı ilə həyata keçirilib.
Yevgen Konovaletsin qalıqları Kiyevdə Milli Hərbi Memorial Məzarlığında yenidən dəfn ediləcək.
Qeyd edək ki, Konovalets (1891-1938) Ukrayna hərbçisi və millətçi-siyasi xadim, Ukrayna Millətçiləri Təşkilatının (OUN) ilk rəhbəri olub. Birinci Dünya müharibəsi dövründə Avstriya-Macarıstan ordusunda xidmət edib, sonradan Ukrayna milli qüvvələrinə qoşulub. 1920-ci illərdə Ukrayna Hərbi Təşkilatının (UVO) yaradılmasında iştirak edib.
1929-cu ildə OUN-un yaradılmasına rəhbərlik edib və təşkilatın ilk rəhbəri olub. Əsas məqsədi müstəqil Ukrayna dövlətinin yaradılması idi. 1938-ci ildə Rotterdamda sovet kəşfiyyatı tərəfindən təşkil edilən sui-qəsd nəticəsində öldürülüb.
Konovalets Stepan Banderadan əvvəlki nəsil Ukrayna millətçi hərəkatının əsas liderlərindən biri olub. Sonrakı dövrdə Bandera OUN daxilində mühüm fiqura çevrilib.