Ali təhsil gənclər üçün əlçatan və qorunan dəyər olmalıdır - Ekspert

  • Universitet pul alıb, diplom paylayan müəssisə alqoritmindən çıxıb, sosial məsuliyyət daşıyan təhsil ocağına çevrilməlidir

İnkişaf etmək və ölkənin parlak simasına çevrilmək hər bir Azərbaycan gəncinin arzusudur. Bunu həyata keçirmək üçün uzanan yollar Ali təhsilə söykənir. Lakin universitet və kolleclərin təhsil haqqına nəzər saldıqda, insanın oxumağa olan həvəsi də ölür.

Sosial və maddi imkanlar nəzərə alınmadan bütün tələbələr üçün eyni məbləğdə təhsil haqqının müəyyənləşdirilməsi bir çox gənci ali təhsil imkanından məhrum edir. Universitet perspektivli iş imkanlarına açılan qapı rolunu oynayır. Həmin qapıdan içəri girmək üçün ailəsini rayonda qoyub, paytaxta axın edən gənclərimiz də az deyil. Onların bəziləri sosial durumun altında əzilərək, təhsillərini yarım qoymağa məcbur qalır. Ötən ilin statistik göstəricilərinə görə, Azərbaycanda təxminən 13 min tələbə universitet və kolleclərdən xaric edilib. Minlərlə gənc təhsil haqqını ödəməkdə çətinlik çəkdiyi, davamiyyət problemləri yaşadığı və ya müxtəlif sosial amillərlə üzləşdiyi üçün təhsildən uzaq düşüb.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a bildirib ki, 13 min gəncin təhsildən qopması cəmiyyət olaraq hər birimizi düşündürən narahatverici məsələ olmalıdır:

“Gənclərimizin ali təhsildən kütləvi şəkildə qopması ölkənin intellektual potensialına ciddi zərbə vuracaq. Əgər minlərlə gəncin ali təhsildən kənarda qalması prosesi dayandırılmasa, gələcəkdə əmək bazarı ixtisaslı mütəxəssis qıtlığı ilə üz-üzə qalacaq. Təhsildən uzaqlaşan gənclər əksər hallarda qeyri-formal məşğulluğa və ixtisassız əmək fəaliyyətinə yönəlmək məcburiyyətində qalırlar. Hətta bir çox gənc öz gələcəyini qurmaq üçün lazımi imkan və şərait tapa bilmədiyindən çıxış yolunu ölkəni tərk etməkdə görür. Bu savadlılıq səviyyəsinin aşağı düşməsi ilə yanaşı cəmiyyətdə də ümidsizlik abu-havasının yaranmasına səbəb olur”. 

Ekspertin fikrincə, ali təhsil gəncləri ondan uzaqlaşdıran sistem deyil, əlçatan və qorunan dəyər olmalıdır:

“Ali təhsil müəssisələrinin maliyyə siyasəti göstərir ki, təhsil getdikcə ictimai xidmət olmaqdan uzaqlaşaraq, kommersiya xarakteri daşımağa başlayıb. Amma universitetlər tələbələrimizə yalnız gəlir mənbəyi və ödəniş obyekti kimi baxmamlıdır. Sosial vəziyyət ucbatından bir gəncin təhsildən məhrum edilməsi qəbuledilməzdir. Təhsil Tələbə Kredit Fondunun fəaliyyəti müəyyən güzəştlər və imkanlar yaratsa da, mövcud reallıq göstərir ki, bu mexanizm minlərlə gənci xilas etməyə yetmir”. 

Ə.Həsənli qeyd edib ki, universitet pul alıb, diplom paylayan müəssisə alqoritmindən çıxıb, sosial məsuliyyət daşıyan təhsil ocağına çevrilməlidir:

“Əgər bir gənc bu gün təhsil haqqını ödəyə bilmədiyi üçün qapı arxasında qalırsa, demək ki, bu sistemdə insani və mənəvi dəyərlər, biznes maraqlarına uduzur. Təhsilin əlçatanlığını təmin etmək məqsədilə sosial dəstək paketləri genişləndirilməli, təhsil haqlarının tənzimlənməsi istiqamətində tədbirlər gücləndirilməli və tələbələri universitet dönəmində işlə təmin olunması imkanlarına yenidən baxılmalıdır. Əks halda, bu gün itirdiyimiz hər bir gənc ölkənin gələcəyindən qopan parçaya çevriləcək”.