Bir həftəlik distant təhsilə keçid dərslərin dondurulması deyil - EKSPERT

Bu, həm də stres-test rolunu oynayır ki, bu da sistemin çevikliyini, həm də fövqəladə hallarda texnoloji infrastruktura nə qədər hazır olduğumuzu göstərir

İbtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə may ayının tətil günlərində dəyişiklik edilib. Tətil günləri 1-5 may tarixlərində deyil, mayın 18-dən 22-dək olacaq. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrdə bildirilir ki, tətil günlərinin dəyişdirilməsi 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu – WUF 13-lə bağlıdır. Ümumtəhsil məktəblərinin V-XI sinifləri, həmçinin orta ixtisas və ali təhsil müəssisləri isə həmin günlərdə distant təhsilə keçəcəklər. Bu qərar yalnız paytaxtın Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonlarını əhatə etmir. 

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında bildirdi ki, VUF kimi nəhəng miqyaslı tədbirlər, paytaxtın logistik imkanlarını, ictimai nəqliyyatı sınağa çəkir. Belə şəraitdə şagirdlər, tələbə kontingenti, həm də pedaqoji heyətin gündəlik yerdəyişməsini optimallaşdırmaq, tıxacların, texniki çətinliklərin qarşısını almaq üçün distant təhsilə keçid zəruri addımdır: 

- Burada məqsəd həm də təhsiin fasiləsizliyi prinsipinin qorunmasıdır ki ibtidai siniflər üzrə may ayının əvvəlindəki tətil günlərinin sürüşdürülməsiylə tədris proqramında hər hansı saat itkisinin qarşısını alır, valideynlərin iş qrafiki ilə övladlarının təhsil rejimi arasındakı disbalansı minimuma endirir. Nəzərə alaq ki pandemiya dövründə distant tədrislə bağlı kifayət qədər təcrübə toplanıb. Bir həftəlik distant təhsilə keçid dərslərin dondurulması deyil, sadəcə məkanın dəyişdirilməsidir. Bu, həm də stres-test rolunu oynayır ki, bu da sistemin çevikliyini, həm də fövqəladə hallarda texnoloji infrastruktura nə qədər hazır olduğumuzu göstərir. Nəticə etibarilə tədris prosesində qısa müddətli dəyişiklik təhsilə xələl gətirmədən, təhsilin əhəmiyyətini qorumaqla beynəlxalq tədbirin uğurlu keçməsi üçündür və müsbət addımdır.