Bu qərarın Azərbaycan vətəndaşlarına təsiri də nəzərəçarpacaq dərəcədə hiss olunacaq
“Dövlət sektorunun bağlanması azərbaycanlı tələbələri iki seçim qarşısında qoyacaq: ya daha yüksək təhsil haqqı tələb edən özəl universitetlərdə oxumaq, ya da Türkiyə, Polşa, Macarıstan və Baltik ölkələri kimi alternativ istiqamətlərə yönəlmək”
"Növbəti tədris ilindən etibarən Gürcüstanın dövlət universitetlərinə əcnəbi tələbələrin qəbulu dayandırılacaq". Bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze bildirib.
O qeyd edib ki, özəl ali məktəblər fəaliyyətlərini adi rejimdə davam etdirəcəklər və əcnəbi tələbələri qəbul etmək imkanı əldə edəcəklər.
Nazirin sözlərinə görə, hazırda bəzi dövlət universitetlərində əcnəbi tələbələrin sayı təhsil alanların ümumi sayının təqribən yarısını təşkil edir.
“Biz Gürcüstan vətəndaşlarına keyfiyyətli təhsilin verilməsinə diqqət yetirməliyik. Buna görə də dövlət ali məktəblərinə Gürcüstan vətəndaşlarından bir neçə dəfə çox təhsil haqqı ödəyən əcnəbilər qəbul edilməyəcək”, - Mikanadze əlavə edib.
Qeyd edək ki, Gürcüstanda 63 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan 19-u dövlət universitetidir.
2024-2025-ci tədris ilində Gürcüstan universitetlərində təhsil alan əcnəbilərin sayı 37 125 nəfər təşkil edib. Bu göstərici əvvəlki tədris ili ilə müqayisədə 6 424 nəfər çoxdur.
Qonşu ölkədə ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı isə 860 nəfərdir. Onların 376-sı dövlət, 484-ü isə özəl universitetlərin tələbələridir.
Təhsil eksperti Kamran Əsədov Sherg.az-a açıqlamasında bildirib ki, Gürcüstanın dövlət universitetlərinə əcnəbi tələbə qəbulunu dayandırmaq qərarı ali təhsil sisteminin daşıma qabiliyyətinin həddini aşması, milli kadr hazırlığının prioritetləşdirilməsi və dövlət maliyyələşən təhsil müəssisələrində kommersiya yükünün azaldılması ilə bağlıdır:

“Mövcud statistika göstərir ki, Gürcüstanın ali təhsil məkanında tələbə kontingentinin sürətli artımı artıq struktur balansını pozub: 2024/25-ci tədris ilində ölkədə 187,8 min tələbə təhsil alır və onların 37,1 mini əcnəbilərdir. Bu, ümumi tələbə sayının təxminən 20 faizinə bərabərdir. Bəzi dövlət universitetlərində isə əcnəbi tələbələrin payı ümumi kontingentin yarısına qədər yüksəlib ki, bu da dövlət təhsil müəssisələrinin sosial missiyasını ikinci plana keçirir. Gürcüstan qanunvericiliyi – xüsusən “Ali təhsil haqqında” qanun – dövlət universitetlərinin vətəndaşlar üçün əlçatan təhsil təmin etmək öhdəliyini vurğulayır. Buna görə də nazirin “dövlət universitetləri daha çox Gürcüstan vətəndaşlarına xidmət etməlidir” fikri hüquqi çərçivənin icrasının sərtləşdirilməsi kimi təhlil olunur. Bu qərarın müsbət tərəfi ondan ibarət olacaq ki, dövlət maliyyəsi hesabına fəaliyyət göstərən ali məktəblərdə yerli tələbələrin qəbul imkanları genişlənəcək, auditoriyaların sıxlığı azalacaq, tədrisin planlaşdırılması stabilləşəcək və resurslar milli prioritetlərə yönələcək. Dövlət universitetlərinin əcnəbi tələbələrdən asılılığı azaldıqca tədris və elmi fəaliyyətlər daha strateji şəkildə planlaşdırıla bilər. Bir çox Avropa ölkələrinin təcrübəsi göstərir ki, dövlət universitetlərində qəbul siyasətində milli prioritetlərin qorunması ali təhsilin keyfiyyətinə birbaşa təsir edir. Məsələn, Finlandiyada dövlət universitetləri xarici tələbələrə yüksək limitlər tətbiq etmir, amma dövlət resurslarının böyük hissəsi yalnız ölkə vətəndaşlarına yönəlir. Gürcüstanın addımı bu modelin daha sərt versiyası kimi görünür. Mənfi tərəfdən isə Gürcüstan ali təhsil sisteminin beynəlmiləlləşmə səviyyəsi azalacaq, çünki əcnəbi tələbələr universitetlərin maliyyə dayanıqlığına, reytinqlərdə görünməsinə və beynəlxalq təqaüdlə ciddi töhfə verirdi. Dünya Bankının məlumatlarına görə, əcnəbi tələbələrin ali təhsil sisteminə əlavə etdiyi iqtisadi dəyər illik yüz milyonlarla dollar təşkil edir. Gürcüstanın yalnız tibb təhsili sahəsində xarici tələbələrdən əldə etdiyi illik gəlirin 200 milyon ABŞ dollarından artıq olması məlumdur. Dövlət universitetlərində bu kanalın bağlanması daha çox özəl universitetlərə tələbə axını yaradacaq və ali təhsil sektorunda struktur bölünməsini dərinləşdirəcək”.
K.Əsədov hesab edir ki, bu qərarın Azərbaycan vətəndaşlarına təsiri də nəzərəçarpacaq dərəcədə hiss olunacaq:
“Azərbaycanın minlərlə vətəndaşı – xüsusilə tibb, biznes və mühəndislik üzrə – Gürcüstanın dövlət universitetlərini seçirdi, çünki bu universitetlər həm təhsil haqqı baxımından nisbətən əlçatan idi, həm də qəbul prosedurları daha çevik və şəffaf idi. Dövlət sektorunun bağlanması azərbaycanlı tələbələri iki seçim qarşısında qoyacaq: ya daha yüksək təhsil haqqı tələb edən özəl universitetlərdə oxumaq, ya da Türkiyə, Polşa, Macarıstan və Baltik ölkələri kimi alternativ istiqamətlərə yönəlmək. Bu isə sosial-iqtisadi imkanları məhdud ailələr üçün təhsil əlçatanlığını azaldacaq və tələbə miqrasiyasında yeni balans yaradacaq. Müqayisə baxımından Azərbaycan tam fərqli ali təhsil strategiyası tətbiq edir. “Təhsil haqqında” Qanunun 5-ci maddəsi ali təhsilin beynəlmiləlləşməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi təsbit edir və xarici tələbələr üçün məhdudiyyət nəzərdə tutmur. Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi siyasət – ATİS platformasının təkmilləşdirilməsi, ikili diplom proqramlarının genişləndirilməsi, vizasız giriş imkanlarının yaradılması, beynəlxalq akkreditasiyaların artırılması – Azərbaycan ali təhsilinin rəqabət qabiliyyətini gücləndirir və xarici tələbə axınını bir inkişaf aləti kimi formalaşdırır. Nazirliyin bu istiqamətdə apardığı siyasət regional miqyasda ən rasional və dayanıqlı modellərdən biri kimi dəyərləndirilir, çünki həm ali təhsilin maliyyə sabitliyini artırır, həm də universitetlərin beynəlxalq mövqeyini möhkəmləndirir”.
Bununla belə mütəxəssis qeyd edib ki, Gürcüstanın qərarı Azərbaycan üçün xəbərdarlıq deyil, əksinə, ali təhsil bazarında fərqli modellərin mövcudluğunu göstərən nümunədir:
“Azərbaycanın məqsədi regional təhsil mərkəzinə çevrilməkdir və bunun üçün Elm və Təhsil Nazirliyinin gördüyü işlər strateji baxımdan tam uyğun və əsaslandırılmışdır. Həm tələbə axını, həm maliyyə dayanıqlığı, həm də beynəlxalq reytinqlərin yüksəldilməsi istiqamətində nəticələr göstərir ki, Azərbaycan açıq ali təhsil modelinin üstünlüklərindən maksimum faydalanır. Hesab edirəm ki, Gürcüstanın əcnəbi tələbə qəbulunu dayandırması daxili sosial, iqtisadi və hüquqi səbəblərə əsaslansa da, azərbaycanlı tələbələrin təhsil imkanlarını məhdudlaşdıracaq və onların alternativ regionlara yönəlməsini artıracaq. Azərbaycan isə öz ali təhsil strategiyası ilə bunun əksinə olaraq beynəlmiləlləşməni gücləndirir və bu siyasət Elm və Təhsil Nazirliyinin ən uğurlu addımlarından biri kimi qiymətləndirilir”.