Hava soyuq, qız şagirdlər dərsdən uzaq…

Şalvar qadağası humanist prinsiplərə ziddir

Məktəb rəhbərliyi hava şəraitini mütləq nəzərə almalıdır

Sumqayıt şəhəri, 39 nömrəli tam orta məktəbdə geyim qaydaları ilə bağlı yaranan narazılıq valideynlərin ciddi etirazına səbəb olub. Bu barədə “Xezerxeber.az”da videomaterial yayımlanıb. Süjetə istinad edən Bakupost.az xəbər verir ki, geyimlə bağlı vahid standart olsa da, bu məktəbin öz daxili qaydaları var. İddialara görə, bu məktəbdə qız uşaqlarına şalvar geyinmək qadağandır. Şikayətdə bildirilir ki, məktəb rəhbərliyi qız şagirdlərin şalvarla dərsə gəlməsinə qadağa tətbiq edir. Valideynlərin sözlərinə görə, həmin geyimlər Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ümumi məktəb formalarına daxildir. Buna baxmayaraq, məktəb rəhbərliyi şalvar geyinən qızları dərsdən çıxarır və evə göndərir. Şikayətdə qeyd edilir ki, hava şəraitinin kəskin soyumasına baxmayaraq, qız şagirdlər isti geyindiklərinə görə dərsdən kənarlaşdırılır və həmin gün üçün onlar üçün "qayıb" yazılır. Valideynlər bunu həm qanunsuz qərar, həm də uşaqların sağlamlığına biganə yanaşma kimi qiymətləndirirlər. Valideynlər bildirir ki, digər məktəbdə şalvar geyinməyə icazə verilir və heç bir problem yaşanmır. Eyni qaydaların tətbiq olunmalı olduğu halda, 39 nömrəli məktəbdə qadağanın davam etməsi narazılıqları artırıb. Sumqayıt şəhər 39 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirildi ki, vahid məktəbli formasına uyğun olaraq, pedaqoji şura tərəfindən valideynlərin rəyi nəzərə alınmaqla ağ və tünd göy rənglərindən ibarət olan forma nümunəsi seçilib. Məktəb rəhbərliyi tərəfindən qız şagirdlərin məktəbli formasına aid olan şalvardan istifadəsinə etiraz edilmir. Vətəndaşların şikayəti yarandığı təqdirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət edə bilərlər.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil məsələləri üzrə ekspert Əmrah Həsənli Sherg.az-a açıqlamasında bildirdi ki, qız şagirdləri üçün şalvar məktəbli formasının tərkib hissəsidir və bu, Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi vahid standartlarda açıq şəkildə göstərilir:

- Yəni məktəblər forma seçərkən rəng və üslub üzrə müəyyən çərçivələr daxilində qərar verə bilsələr də, komplektdən kənara çıxmaq, xüsusilə də hər hansı geyim elementini qadağan etmək kimi səlahiyyətə malik deyillər. Bu baxımdan valideynlərin narazılığı başadüşüləndir və həm norma, həm də ümumi qaydaların məntiqi ilə üst-üstə düşür.

Ə.Həsənli qeyd etdi ki, əslində, bu kimi məsələlərdə əsas prinsip uşağın təhlükəsizliyi, sağlamlığı və təhsil hüququnun təmin edilməsidir. Şalvar qadağasının tətbiq olunması, xüsusilə də hava şəraitinin kəskin soyuduğu günlərdə qız şagirdlərin dərsdən kənarlaşdırılması həm pedaqoji yanaşmaya, həm də məktəb idarəetməsinin etik çərçivəsinə uyğun deyil. Məktəb rəhbərliyi hava şəraitini mütləq nəzərə almalıdır. Çünki sağlamlıq amili istənilən halda formanın texniki tələbindən üstün tutulur və bu, yalnız pedaqoji məsuliyyət deyil, həm də humanist yanaşmanın əsas prinsipidir:

- Burada diqqət yetirilməli olan digər vacib məqam məktəbin daxili qaydalarının dövlət tərəfindən təsdiqlənmiş standartlardan üstün ola bilməməsidir. Əgər valideynlər bildirirlərsə ki, şəhərin digər məktəblərində heç bir problemlə qarşılaşmırlar və vahid forma standartı çərçivəsində qız uşaqları sərbəst şəkildə şalvar geyinir, deməli, məsələ konkret olaraq həmin məktəbin daxili qərarından qaynaqlanır. Bu isə valideyn-məktəb münasibətində əlavə gərginlik yaradır və ümumi təhsil mühitinə mənfi təsir göstərir. Düşünürəm ki, hər bir məktəb rəhbərliyi qayda tətbiq edərkən həm qanunvericiliyi, həm də valideynlərin rəyini nəzərə almalıdır. Uşağın dərsdən uzaqlaşdırılması heç vaxt tərbiyəvi tədbir ola bilməz. Əksinə, bu, həm tədris davamiyyətinə, həm də məktəbə inama zərər vurur. Daha sağlam yol dialoq, izahat və aydınlaşdırma üsullarının tətbiqidir. Qeyd etmək istəyirəm ki, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş standartlar ölkənin bütün məktəblərində eyni şəkildə keçərlidir. Əgər bu norma pozulursa, valideynlərin regional təhsil idarəsinə müraciəti tamamilə əsaslıdır və idarə bu məsələni araşdırmaqla həm şəffaflığı təmin edir, həm də eyni qaydanın vahid şəkildə tətbiqinə nəzarət edir.