İmtahanlar xaosa çevrilir: SAT nəticələri süni şəkildə şişirdir

şşKamran Əsədov xəbərdarlıq edib ki, təhsildə saxtakarlıq gələcək nəsli məhv edə bilər
Azərbaycanda beynəlxalq SAT (Scholastic Assessment Test)
imtahanında yüksək nəticə göstərən abituriyentlərin sayında kəskin artım müşahidə olunub. Mütəxəssislər isə  bu artımın təbii inkişaf yox, mümkün saxtakarlıq və rüşvət mexanizmləri ilə bağlı ola biləcəyindən bəhs ediblər. Təhsil eksperti Yalçın İslamzadə sosial media hesabında məsələyə bu cür yanaşma sərgiləyib: “Builki SAT imtahanında yüksək nəticə göstərən abituriyent sayında kəskin artım olub. 2016-cı ildə Taylandda da oxşar hadisə baş vermişdi, araşdırmalar ciddi saxtakarlıq sistemini üzə çıxarmışdı”.
Ekspert qeyd edib ki, əvvəllər də Azərbaycanda SAT nəticələrinin saxtalaşdırılması iddiaları gündəmə gəlmişdi. Hətta bu səbəbdən bəzi imtahan mərkəzlərinin nəticələri ləğv olunmuş, ölkə daxilində SAT imtahanlarının keçirilməsinə müəyyən müddət qadağa qoyulmuşdu: “O dövrdə vətəndaşlar "Biz korrupsiyanı beynəlxalq imtahana da tətbiq etmişik, ona görə də öz ölkəmizdə SAT imtahanı keçirməyə icazə vermirlər" məntiqi ilə ədalətli imtahan üçün Gürcüstanın imtahan mərkəzlərinə üz tutmuşdular. SAT imtahanının nəticəsinə görə universitetlər abituriyentin universitet proqramında uğur qazanıb-qazanmayacağını müəyyən edir, qəbula qərar verirlər”.
Y.İslamzadə qeyd edib ki, SAT imtahanı abituriyentin ABŞ universitetlərində uğur qazanıb-qazanmayacağını proqnozlaşdırmaq üçün istifadə olunur. Bu imtahanda yüksək bal toplayanlar nüfuzlu universitetlərdən qəbul almaq şansı əldə edirlər. Lakin bu balın rüşvətlə əldə olunması bir sıra ciddi nəticələrə səbəb olur: “Pulla alınmış yüksək SAT balı ilə qəbul olunan abituriyent universitetdə çətinlik çəkəcək. Çünki qəbul edənlər onun bu qiyməti öz biliyi və zəhməti nəticəsində əldə etdiyini fərz edirlər. Öz zəhməti və biliyi ilə satılan baldan daha az bal toplamış abituriyent rüşvətlə qiymət almış abituriyentdən qabiliyyətli olsa da, qəbul almaq imkanından məhrum olur. Nəticədə, imtahan nəticəsi satanlar və alanlar böyük ləyaqətsizlik nümunəsi göstərirlər. Qabiliyyəti olmayan birinin tələbkar universitetə qəbul olunmasına və sonra da oxuya bilməməsinə səbəb olmaqla ona pislik edirlər. Həmçinin, böyük vəsait xərcləyərək, yuxusuz gecələr nəticəsində satılmış baldan daha az olan, ancaq alın təri ilə qazanılmış balı olan abituriyentlərin bir neçə illik zəhmətini puç edirlər”.
ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov isə Sherg.az-a açıqlamasında Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə təhsil sahəsinə göstərilən diqqət və qayğının əhəmiyyətli nəticələr verdiyini xatırladıb. Onun sözlərinə görə, təhsil infrastrukturunun müasirləşdirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, şəhid və aztəminatlı ailələrin övladları üçün təhsil imkanlarının genişləndirilməsi, dövlət sifarişi əsasında ali təhsil yerlərinin artırılması, orta məktəblərin yenidən qurulması kimi genişmiqyaslı tədbirlər ölkə rəhbərliyinin bu sahəyə necə strateji yanaşdığını sübut edir:
 “Dövlət başçısının siyasi iradəsi və ayırdığı vəsaitlər sayəsində Azərbaycan təhsili maddi-texniki baza baxımından heç vaxt olmadığı qədər təmin olunub. Lakin bu diqqət və vəsait yalnız institusional səviyyədə deyil, həm də təhsil prosesinin şəffaflığı, obyektivliyi və cəmiyyətin inamı ilə ölçülməlidir. Bu isə artıq icraçı orqanların məsuliyyətində olan bir sahədir. Təəssüf ki, bu baxımdan çatışmazlıqlar ciddidir. Qeyd etdiyiniz kimi, ictimai müzakirələrə səbəb olan məsələlərdən biri də SAT imtahanları ilə bağlı yaranan şübhələrdir. SAT  beynəlxalq qəbul imtahanıdır və ABŞ başda olmaqla çoxsaylı universitetlərə qəbul zamanı istifadə olunur. Azərbaycanda isə bu imtahan xaricdə təhsil almaq istəyən gənclər üçün geniş yayılıb. Lakin 2023–2024-cü tədris ilində SAT nəticələrində qeyri-adi sıçrayış müşahidə olunub. Əgər 2022-ci ildə 1400+ bal toplayan abituriyentlərin sayı 70-80 nəfər ətrafında idisə, 2024-cü ildə bu say bir neçə yüz nəfərə çatıb. Bu kəskin artım nə təhsil sistemindəki dəyişikliklərlə, nə də hazırlıq səviyyəsinin keyfiyyətindəki ümumi irəliləyişlə əsaslandırıla bilir. Bu vəziyyət cavabların əvvəlcədən əldə olunması, imtahan təhlükəsizliyinin pozulması və nəticələrin süni şəkildə artırılması kimi ehtimalları gündəmə gətirir.
SAT imtahanları ABŞ-də yerləşən "College Board" tərəfindən təşkil olunur. Bütün dünyada rəsmi test mərkəzləri vasitəsilə həyata keçirilir. Lakin bu imtahanın keçirilməsinə nə Elm və Təhsil Nazirliyi, nə Dövlət İmtahan Mərkəzi, nə də hər hansı yerli dövlət qurumu nəzarət edir. Bu isə Azərbaycanda SAT imtahanlarının şəffaflığı və nəzarəti ilə bağlı boşluq yaradır. Hazırda bir çox kommersiya məqsədli təhsil mərkəzləri SAT hazırlığını və bəzən testin keçirilməsini eyni məkanda təşkil edir. Bu isə açıq şəkildə maraq toqquşması yaradır və təhsildə obyektivliyin prinsiplərinə ziddir.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 6.2. maddəsində qeyd olunur ki, təhsilin idarə olunmasında dövlətin əsas prinsiplərindən biri şəffaflıq və hesabatlılıqdır. Lakin SAT imtahanlarının keçirilməsi və nəticələrinin təhlili ilə bağlı heç bir rəsmi hesabat mövcud deyil. Elm və Təhsil Nazirliyi bu sahədə ya ümumiyyətlə mövqe bildirmir, ya da məsuliyyəti kommersiya mərkəzlərinə yönəldir. Nazirliyin nə bu istiqamətdə nəzarət sistemi var, nə də ictimai maarifləndirmə işi aparılır. Halbuki bu imtahan nəticələri əsasında minlərlə gəncin gələcəyi qurulur, dövlətin ali təhsil və kadr siyasətinə təsir göstərir”.
Dünya təcrübəsində bu cür beynəlxalq imtahanların ciddi nəzarət mexanizmləri ilə müşayiət olunduğunu vurğulayan K.Əsədov qeyd edib ki, Cənubi Koreyada 2018-ci ildə SAT cavablarının sızması ilə bağlı araşdırma nəticəsində həmin ölkədəki bir neçə test mərkəzinin lisenziyası ləğv edilib, nəticələr isə tanınmayıb:
 “ABŞ-nin özündə “Varsity Blues” skandalı zamanı SAT imtahanlarında saxtakarlıq faktları ilə bağlı bir neçə valideyn və test məmuru həbs edilib. Həmçinin bəzi Asiya ölkələrində – xüsusilə Çin və Hindistanda – test cavablarının yayılması nəticəsində "College Board" tərəfindən həmin ölkələrdəki imtahanlar ləğv edilib. Bütün bunlar göstərir ki, SAT imtahanları nə qədər standartlaşdırılmış olsa da, onu keçirən yerli strukturların nəzarətsizliyi halında ciddi sui-istifadə halları mümkündür. Azərbaycanda da eyni risk mövcuddur. SAT imtahanı ilə bağlı nə real monitorinq aparılır, nə də nəticələrdəki anomaliyalar üzrə araşdırma başlanır. Əgər bu məsələ nəzarətsiz qalarsa, gələcəkdə Azərbaycan abituriyentlərinin nəticələri beynəlxalq universitetlər tərəfindən şübhə ilə qarşılanacaq və bu, bütöv bir nəsil üçün təhsil qapılarının bağlanmasına səbəb ola bilər. SAT nəticələri süni şəkildə şişirdilərsə, bu yalnız həmin şəxslərin deyil, ölkənin təhsil imicinin də sual altına düşməsi deməkdir.
Mövcud şəraitdə nə dəyişməlidir? SAT imtahanlarının keçirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyi minimum nəzarət mexanizmi formalaşdırmalı, test mərkəzləri lisenziyalaşdırılmalı, imtahanlar müşahidə kameraları ilə izlənilməli və ictimaiyyətə təqdim olunan nəticələr üzrə təhlillər aparılmalıdır. Nəticələrdə gözlənilməz artım müşahidə olunduqda, həmin nəticələr üzrə xüsusi yoxlama və audit sistemləri tətbiq edilməlidir. SAT hazırlığını və testin keçirilməsini eyni binada təşkil edən mərkəzlərə ciddi nəzarət edilməlidir. Əks halda bu imtahan kommersiya vasitəsinə çevriləcək və təhsildə korrupsiyaya yol açacaq.
Əgər bu sahədə tədbirlər görülməzsə, Prezidentin təhsilə göstərdiyi diqqət və qayğı icra səviyyəsində mənasızlaşdırılacaq. Dövlət başçısı təhsil sistemini şəffaf, ədalətli və rəqabətə davamlı görmək istəyir. Bu iradəyə uyğun olaraq aidiyyəti qurumlar dərhal bu məsələni gündəliklərinə daxil etməli, konkret tədbirlər planı hazırlamalı və ictimaiyyətlə açıq şəkildə bölüşməlidirlər. Yalnız bu halda həm SAT imtahanlarının obyektivliyi qorunacaq, həm də Azərbaycanın beynəlxalq təhsil nüfuzu təhlükə qarşısında qalmayacaq. Əks təqdirdə, bu imtahanların nəticələri nə real, nə də legitim hesab edilə bilər. Təhsildə saxtakarlıq sadəcə bir nəfərin nəticəsi deyil – cəmiyyətin gələcəyinə vurulan zərbədir”.