Tərbiyə böhranı dərinləşir - səbəb təkcə şagirdlər deyil. Aqressiya iki tərəfdəndir
Son günlər yeniyetmələrlə bağlı problemlərə nəzər saldıqla bütün oxlar təhsil ocağını göstərir. Bir tərəfdən gənclər arasında zorakılıq halları artıb, digər tərəfdən isə təhsilin keyfiyyəti gözlə görünəcək dərəcədə aşağı düşüb. Məktəbdə sinif yoldaşları arasında bıçaqlanma hadisələri baş alıb gedir. Sanki dərsə getməzdən öncə hansı mövzunu oxuyacaqlarını deyil, kimə zərər verəcəklərini düşünürlər.
Aprelin 23-də məktəblərin birində VII sinif şagirdi yoldaşları ucbatından özünü kəsici alətlə yaralamaq istəyib. Məlum olub ki, yoldaşları onu videolarını çəkib yayımlamaqla şantaj ediblər. Bir vaxtlar valideynlər övladlarını məktəbə göndərərkən yalnız təhsilini düşünürdülər. Bu gün isə əsas qayğıları onların təhlükəsiz şəkildə evə qayıdıb-qayıtmayacağıdır. Problemin dərinliyi Elm və Təhsil naziri Emin Əmrullayevin də diqqət mərkəzinə çevrilib. O, qarşıda duran ən çətin məqsədlərdən birinin tərbiyə və dəyərin formalaşdırılması olduğunu açıqlayıb.
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Sherg.az-a bildirib ki, məktəblərin əsas vəzifələrindən biri pedaqoji, mənəvi-psixoloji və fiziki tərbiyənin düzgün təşkili və həyata keçirilməsidir:
“Məktəblərdə gənclər arasında tərbiyədənkənar və qeyri-qanuni hərəkətlərin artmasının həm obyektiv, həm də subyektiv səbəbləri var. Problem ondadır ki, bir tərəfdən müəllimin nüfuzunu aşağı salıb, ona müxtəlif cərimələr tətbiq edirik, digər tərəfdən isə ondan ciddi tərbiyə işi və yüksək tələbkarlıq gözləyirik. İki yanaşmanı eyni anda uzlaşdırmaq olduqca çətindir. Müəllim üzərində qurulan nəzarət mexanizmi şəffaf olmalıdır. O, fəaliyyətinə nəzarət edildiyini bilməli, lakin bu nəzarətin psixoloji təzyiqini hiss etməməlidir. Müəllimin cəmiyyətdə hörmət görməsi, özünü dəyərli hiss etməsi və psixoloji durumu şagirdlə davranışına təsir göstərir”.
Sosioloqun sözlərinə görə gənclərin formalaşmasında valideynlərin də məsuliyyət payı böyükdür:
“Uşaq yaşlarından, məktəb dövründə etikadan kənar davranışları norma kimi qəbul edən valideynlərin övladlarına aşıladığı dəyərlər də yanlış davranışların formalaşmasına səbəb olur. Bu cür düşüncəyə malik valideynlərin çoxluğu məktəblərdə aparılan tərbiyəvi işin vəziyyətinə mənfi təsir göstərir. Hər bir yeniyetmə valideynlərinin yanlış davranışlarını norma kimi qəbul edib, mənimsəyir. Yanlış davranışların daşıyıcısına çevrilən gənclər bunu məktəb mühitində nümayiş etdirməyə başlayırlar. Bıçaqlanma hadisələri və sinif yoldaşının video və fotolar ilə şantaj etmək təhsil sistemindəki boşluqlardan xəbər verir. Tərbiyəvi problemin nazir tərəfindən etiraf edilməsi, çatışmazlığın gözləniləndən daha ciddi olduğunu göstərir”.
N.Niftəliyev qeyd edib ki, məktəblərdə tərbiyə və dəyərlərin formalaşdırıması üçün bir neçə istiqamətdə işlər görülə bilər:
“Hazırda məktəblərdə baş alıb gedən lüzumsuz halların sosioloji təhlili və buna uyğun tədbirlər planının hazırlanması istiqamətində işlər görülür. Qeyri-hökümət təşkilatlarından birinin dəstəyi əsasında, təhsil sistemindəki problemlərlə bağlı 6 məktəbə pilot layihəsi çərçivəsində sorğu keçirildi. 6-11-ci sinifləri əhatə edən sorğuda bir çox faktlar ortaya çıxdı. Şagirdlər əsasən müəllimlərin sərt və qəddar davranışlarından, cəzalandırma və təhqir hallarından narazı olduqlarını bildiriblər. Təbii ki, müəllimin sərt reaksiyasına, şagird tərəfindən verilən cavab da kəskin olacaq. Hər iki tərəfin aqressiv davranışı təhsil sistemindəki problemləri dərinləşdirir. Lakin çətinliklərin həlli istiqamətində nümunəvi modellərə istinad etməklə, müəyyən təşəbbüslərin həyata keçirilməsi mümkündür”.