Lənkəran rayonu Boladi kənd Nahir Axundov adına 1 nömrəli tam orta məktəbin şagirdləri mina təhlükəsindən qorunmaq üçün “ağıllı çəkmə” hazırlayıblar. “Teleqraf”ın Cənub bürosu xəbər verir ki, şagirdlərin hazırladığı sistem çəkmənin alt hissəsinə yerləşdirilən xüsusi mina detektoru prototipi üzərində qurulub. Sistem əsgər addım atmadan əvvəl 6–8 sm məsafədə torpaq altında olan metal və mina ehtimalını müəyyən edərək səs, vibrasiya və ya işıq siqnalı ilə xəbərdarlıq edir. Layihəyə dəstək olan fizika müəllimi Seyran Əliyevin sözlərinə görə, çəkmədə yerləşdirilən piezo element addım zamanı yaranan enerjini elektrik enerjisinə çevirərək batareyanı doldurur və cihazın fasiləsiz işləməsini təmin edir. Qeyd edilir ki, bu layihə “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsində qızıl medal qazanıb.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında bu cür layihələrin məktəblərimizdə kifayət qədər istedadlı, düşünən və cəmiyyətin real problemlərinə həll axtaran şagirdlər yetişdiyinin təsdiqi olduğunu dedi: 
- Lənkəranda məktəblilərin mina təhlükəsinə qarşı “ağıllı çəkmə” hazırlaması sadəcə bir məktəbin uğuru deyil, bu, həm də gənc nəslin elmi biliklərini praktik faydaya çevirmək bacarığının çox yaxşı nümunəsidir. Layihənin qızıl medala layiq görülməsi faktı özü də göstərir ki, söhbət adi ideyadan yox, diqqət çəkən və dəyərli bir təşəbbüsdən gedir. Mən hesab edirəm ki, belə layihələr təkcə alqışla yox, real dəstək mexanizmləri ilə müşayiət olunmalıdır. Çünki istedad var, ideya var, potensial var, amma bunun davamlı nəticə verməsi üçün maliyyə, texniki imkan, laboratoriya mühiti və mentor dəstəyi də olmalıdır. Xüsusilə cəmiyyət üçün faydalı, təhlükəsizlik, mühəndislik, texnologiya və insan həyatı ilə bağlı mövzulara toxunan şagird layihələrinə dövlət, özəl sektor və aidiyyəti qurumlar tərəfindən əlavə investisiya ayrılması çox vacibdir.
Ə.Həsənli bildirdi ki, bu cür nümunələr bizə təhsil sahəsi üzrə vacib bir mesaj verir:
- Məktəb yalnız dərs keçilən yer deyil, həm də fikir istehsal olunan, problem həll edən, gələcəyin alim və mühəndislərinin formalaşdığı məkandır. Əgər biz bu gün belə şagirdlərin ideyalarına vaxtında yatırım etsək, sabah həm ölkə üçün ciddi texnoloji həllər qazanarıq, həm də gənclərdə elmə və innovasiyaya marağı daha da gücləndirərik. Ona görə də belə faydalı layihələrə maliyyə ayrılması artıq seçim yox, zərurət kimi qiymətləndirilməlidir.