Müəllimi linç etmək daha ağır fəsadlar verə bilər

Şagirdlər məhz valideynlərin yanlış tərbiyəsinin güdazına gedirlər
   Paytaxtın 165 saylı məktəbində şagirdlərin davranışı barədə video-görüntülərin yayılmasından sonra fənn müəlliminə töhmət verilməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bəzi ekspertlər sinifdə vəziyyətin acınacaqlı həddə gəlib çatmasında ilk növbədə müəllimin özünü günahlandırıblar. Bunu onun qeyri-peşəkarlığı ilə, şagirdlər arasında nüfuzsuzluğu ilə əlaqələndiriblər. Qeyd ediblər ki, bu cür xoşagəlməz hadisələr müəllimlərin və direktorların imtahan, müsabiqə yolu ilə seçilməsinin doğurduğu mənfi xüsusiyyətdir. Onların fikrincə, bundan sonra müəllimlər işə götürüləndə və yaxud məktəbə direktor təyin olunanda psixoloji durumları, şagirdlə işləmək qabiliyyətləri yoxlanılmalıdır. Lakin əksəriyyət töhmət verilməsini haqsızlıq və müəllimin aşağılanması kimi dəyərləndiriblər. Hesab ediblər ki, sinifdə azğın şagirdlər tərəfindən təhqirlərə məruz qalmış müəllimin üstəlik töhmət alması ədalətsiz yanaşmadır. 
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə açıqlamasında bildirib ki, məktəblərdə bu kimi arzuolunmaz hadisələr baş verəndə hamımız elliklə məhz müəllimlərin üzərinə hücuma keçməməli, onları linç etməməliyik. Partiya sədrinin sözlərinə görə, müəllimə bütün fəsadların əsas səbəbkarı kimi baxmaq düzgün deyil: 
“Bu, yanlış yanaşmadır. Tək-tək müəllimlərin səriştəsizliyinə, qeyri-peşəkar xüsusiyyətlərinə görə bütün müəllimləri ucdantutma qaralamaq mənfi nəticələrə gətirib çıxara bilər. Bu cür situasiyalarda dərhal müəllimlərin yaxasından yapışmağa, onları suçlu çıxarmağa tələsməməliyik. Çünki belə hadisələrin baş verməsində müəllim yeganə tərəf deyil, burada valideyn də, məktəb rəhbərliyi də, şagirdlər də məsuliyyət daşıyır. Yalnız müəllimləri ittiham etmək yolunu seçsək, bununla həm də şagirdləri müəllimlərin üzərinə qaldırmış olarıq. Bu isə gələcəkdə daha böyük fəsadlara, indikindən də betər iyrənc hadisələrin baş verməsinə şərait yarada bilər. Ona görə də bu cür məqamlarda ortaq məxrəci tapmalı, obyektiv və ədalətli qərarlar qəbul etməliyik”. 
Ə.Hüseynov bəyan edib ki, müəllimə töhmət verilibsə, həmin şagirdlər də hansısa formada cəzalandırılmalıdır: 
“Sadəcə üzr istəməklə məsələ düzəlmir. Bu gün üzr istəməklə canını qurtaran şagird sabah daha böyük azğınlığa yol verər. Odur ki, daha səmərəli islah metodları seçilməlidir. Həmçinin, valideynlərin də üzərinə müəyyən məsuliyyət yükü qoyulmalıdır. Təcrübə göstərir ki, bir çox hallarda bu cür şagirdlər məhz valideynlərin yanlış tərbiyəsinin güdazına gedirlər. Bəzi hallarda isə hətta valideynlər özləri övladlarını müəllimlərə qarşı saymazyanalığa, kobudluğa təhrik edirlər. Qərar qəbul ediləndə bu kimi spesifik məqamların hamısı mütləq nəzərə alınmalıdır”. 
İsmayıl Qocayev