Nazir icra başçılarını deşifrə edir:“Bağça müəllimlərinin sertifikasiyası…” – Çoxu kəsiləcək!

“Uzun zamandır, bağçalar icra hakimiyyətlərinin nəzdində idi”
“Bu səbəbdən də direktorların, müəllimlərin və digər tərbiyəçilərin işə qəbulu hansısa imtahan və müsabiqə nəticəsinə əsasən müəyyən olunmurdu”
“Burada hər hansısa tanışlıq, tapşırıq və ya illeqal yollar var idi. İndi də müəyyən qədər narazılıqlar olacaq”
Təhsil naziri Emin Əmrullayev ötənlərdə baş tutan brifinqdə məktəbəqədər təhsil müəssisələrinə diqqət çəkib. O qeyd edib ki, bu müəssisələrdə təhsilin keyfiyyəti yüksəldiləcək:“Orada çalışan müəllimlər və tərbiyəçilər üçün təlimlər təşkil olunacaq, onların diaqnostik qiymətləndirilməsi aparılacaq”. 
Təhsil nazirinin açıqlamasından sonra sözügedən müəssisələrd çalışan bəzi müəllimlər və yaxınları narahat olmağa başlayıblar.  Onlar diaqnostik qiymətləndirilmədən keçə bilməyəcəklərini anladıqları üçün təlaş keçirirlər. Axı indiyə qədər bağçalara işə qəbul olunan müəllimlərin seçimi heç də ədalətli və şəffaf aparılmayıb. İcra Hakimiyyətləri başçıları həmin postlara ya öz qohum-əqrəbası təyin edib, ya da imtahan olunmadan tapşırılaraq və rüşvət verərək işə cəlb olunublar. İndi də nazir bu işə əncam çəkmək istəyini ortaya qoyub.
 Vəziyyəti dəyərləndirən təhsil eksperti Elşən Ramizoğlu “Sherg.az”a bildirib ki, Təhsil Nazirliyinin bu sahədə islahat aparması düzgün qərardır:
“Hər bir halda bu addım doğrudur. Müəllimlər sertifikasiyadan keçməlidir. Qeyd edim ki, öncələr bu sertifiksiyalar məktəbəqədər təhsil müəssisələrində aparılırdı. Son zamanlar isə həmin fəaliyyət dayanmışdı. İndi yenidən davam etməsini alqışlayıram. Bu sertifikasiyalar müəllimlərin peşə yararlığını yoxlanılması məqsədilə nəzərdə tutulub. Fikrimcə, doğru qərardır. Bu qərarın təyinatlar uğrunda mübarizəni artıracağını düşünürəm”.
E.Ramizoğlu hesab edir ki, bu qərar müəyyən şəxslərin narazılığına səbəb olacaq: 
“İlk növbədə onu qeyd edim ki, uzun zamandır, bağçalar icra hakimiyyətlərinin nəzdində idi. Bu səbəbdən də direktorların, müəllimlərin və digər tərbiyəçilərin işə qəbulu hansısa imtahan və müsabiqə nəticəsinə əsasən müəyyən olunmurdu. Burada hər hansısa tanışlıq, tapşırıq və ya illeqal yollar var idi. İndi də müəyyən qədər narazılıqlar olacaq. Bu narazılıqlar tapşırılan şəxslər tərəfindən ola bilər. Çünki həmin şəxslər sertifikasiyadan keçə bilməyəcək”.
Çimnaz ŞAHLAR