İntensiv yağışlar təhsildə fövqəladə hazırlığın zəruriliyini ortaya qoydu
Yağışlı havada işə gedənlər də əziyyət çəkir, dərsə, məktəbə gedənlər də. Səhər saatlarından valideynlər sosial şəbəkədə paylaşım edərək yazırlar ki, evdən çıxanda küçələrin yağış sularına qərq olduğunu görüb geri qayıdırlar. Yollar keçilməz haldadır. Neçə gündür şəhərdəki vəziyyət hamıya bəllidir. Bu halda məktəb rəhbərlərinin müəllimlərə, müəllimlərın də valideynlərə xəbərdarlıq edərək onlayn tədrisə keçildiyi bildirmələri bu qədərmi çətindir? Bir halda ki onlayn tədris mümkündür, uşaqları səhərin soyuğunda, suya bata-bata məktəbə gətirtmək nə dərəcədə doğrudur?
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, son günlər müşahidə etdiyimiz intensiv yağıntılar təhsil sisteminin yalnız sinif otaqları ilə məhdudlaşdırılmayaraq, fövqəladə vəziyyətlərə qarşı çevik və alternativ mexanizmlərlə dəstəklənməli olduğunu göstərir: 
- Valideynin səhər övladını məktəbə yola salmaq istəyərkən küçələrin su altında qalması ilə qarşılaşması artıq təkcə məişət problemi deyil, bu, birbaşa təhsilə çıxış məsələsidir. Belə hallarda əsas məsələ “dərs keçirilsin ya keçirilməsin” yox, “təhsilin fasiləsizliyi necə təmin olunsun” olmalıdır. Çünki bir neçə gün davam edən hava şəraiti şagirdlərin öyrənmə ritminə ciddi təsir göstərə bilər. Bu baxımdan onlayn və ya hibrid təhsil modellərinin tətbiqi artıq seçim yox, zərurət kimi qiymətləndirilməlidir. Amma burada vacib bir məqam var: biz onlayn təhsilə fövqəladə vəziyyətdə “keçid planı” kimi yox, əvvəlcədən hazırlanmış, sınaqdan keçirilmiş və sistemli şəkildə qurulmuş alternativ kimi baxmalıyıq. Pandemiya dövründə əldə etdiyimiz təcrübə göstərdi ki, hazırlıqsız keçid həm müəllim, həm şagird, həm də valideyn üçün əlavə çətinliklər yaradır. Ona görə də məktəblər əvvəlcədən bu kimi situasiyalar üçün texniki və metodiki hazırlıq planlarına sahib olmalıdırlar. Digər tərəfdən, bu məsələ sosial bərabərlik aspektindən də qiymətləndirilməlidir. Çünki hər bir şagirdin evində stabil internet, uyğun cihaz və ya sakit öyrənmə mühiti yoxdur. Bu səbəbdən dövlət səviyyəsində rəqəmsal əlçatanlığın artırılması, müəllimlərin onlayn tədris bacarıqlarının inkişafı və valideynlərin maarifləndirilməsi paralel şəkildə həyata keçirilməlidir.
Ekspert hesab edir ki, ümumiyyətlə qeyri-adi hava şəraitində dərslərin operativ şəkildə onlayn formata keçirilməsi üçün Elm və Təhsil Nazirliyi tərəfindən əvvəlcədən hazırlanmış “fövqəladə tədris protokolu” olmalıdır:
- Bu protokol konkret olaraq hansı hallarda, hansı müddətdə və hansı formatda dərslərin davam etdiriləcəyini aydın şəkildə müəyyən etməlidir. Bu, həm valideynin, həm müəllimin, həm də şagirdin qərarsızlıq yaşamasının qarşısını alar. Nəticə olaraq, biz artıq təhsili yalnız fiziki məkan üzərindən planlaşdırmamalıyıq. Müasir dövr bizdən tələb edir ki, təhsil sistemi istənilən şəraitdə – istər pandemiya, istər təbii fəlakət, istərsə də digər fövqəladə hallar zamanı dayanmadan davam edə bilsin. Bunun üçün isə əvvəlcədən düşünülmüş strategiya, texnoloji hazırlıq və çevik idarəetmə əsas şərtdir.