Pandemiya buraxılış imtahanına təsirini göstərib

Şagirdlər riyaziyyat fənni üzrə test tapşırıqlarından narazı qalıblar

   11 illik təhsil sistemi üzrə şənbə və bazar günləri keçirilən buraxılış imtahanlarının çətinliyindən narazılıq edilir. İmtahanda iştirak etmiş 11-cilər xüsusilə riyaziyyat fənni üzrə test tapşırıqlarının çətinliyindən gileylənir.  Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, rəhbəri olduğu Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi imtahan iştirakçıları arasında sorğu keçirib: 

- Sorğu zamanı məlum oldu ki, bəli, şagirdlər əsasən riyaziyyat fənni üzrə test tapşırıqlarından narazıdırlar, yəni, sualların  çətin olduğunu dedilər. Həm açıq tipli test tapşırıqları, həm də situasiya xarakterli tapşırıqlar. Məncə, şagirdlərin test tapşırıqlarını ağır hesab etməsi pandemiya ilə əlaqədardır. Çünki pandemiya müddətində şagirdlər dərslərdə müntəzəm iştirak edə bilmirdilər. Onlayn dərslərsə ənənəvi, əyani dərsləri əvəz edə bilmir. 

Müəllimin sinifdə dərsi, tapşırıqları əyani şəkildə başa salması ilə onlayn qoşulma arasında böyük fərq var. Şagirdlər yaxşı  hazırlaşa bilməyiblər deyə, suallar çətin görünüb onlara. Bizim qeyd etdiyimiz nöqsan ingilis dili fənni üzrə dinləmə tapşırıqları ilə bağlıdır. Dinləmə tapşırıqları  qurğular vasitəsilə icra olunur.

 Sorğu zamanı şagirdlər dinləmə qurğularının işində problem yarandığını, normal dinləmənin mümkün olmadığını, səslərin aydın eşidilmədiyini dedilər. Hesab edirik ki, ümumiyyətlə, dinləmə tapşırıqları imtahan başlayan kimi səslənməməlidir. Bu, şagirdləri çaşdırır. Yaxşı olar ki, xarici dil fənni üzrə dinləmə tapşırıqları imtahan müddətinin ortasında səsləndirilsin.

  Ümumi götürdükdə, buraxılış imtahanlarında test tapşırıqları orta-asan-ağır sistemi üzrə olub. Məncə, bu, normaldır.