Peşə məktəblərinin "Açıq qapı"sı...

Kamran Əsədov: "Bu atılan addımlar peşə-ixtisas təhsili müəssisələrinə marağı və müraciəti ciddi şəkildə artıracaq"

İctimai və dövlət maraqlarının müdafiəsi; 

İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur. Məlumdur ki, ictimai maraqlar hər bir cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, çoxluğun marağını üstün sayan bir anlayışdır. Bu anlayışın tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən sığortalanır. Lakin müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir.

İctimai və dövlət maraqlarının qorunmasına xidmət edən mühüm sahələrdən biri də təhsil və bu sektorda atılan önəmli addımlardır. Xüsusən, son dönəmlər kifayət qədər “qan itirmiş” peşə təhsili sahəsində tərəqqiyə nail olmaq üçün ciddi tədbirlərin görülməsi olduqca vacibdir. Müasir dövrdə əmək bazarının inkişaf xüsusiyyətlərinə uyğun olaraq onun peşə biliklərinə malik şəxslərlə təmin edilməsi kifayət qədər aktuallıq kəsb edir. Ümumilikdə dövlət və iqtisadiyyatın müəyyən sahələri üçün müvafiq ali təhsilli mütəxəssislərlə yanaşı, müxtəlif peşə sahələri üzrə zəruri bilik və vərdişlərə malik mütəxəssislərin hazırlanması da vacibdir. Müxtəlif sahələrdə çalışmaq üçün mütləq şəkildə ali təhsilə malik olmaq zəruri deyil. Bu mənada müəyyən peşə ixtisası üzrə biliklərin əldə edilməsi ilə də iqtisadi və sosial həyatın müəyyən sferalarında əmək fəaliyyəti ilə məşğul olmaq mümkündür. Peşə təhsilinin əhəmiyyəti həm də onunla bağlıdır ki, ümumilikdə əmək bazarının tələbatına uyğun olaraq orta məktəbi bitirən şəxslərin əmək bazarına ixtisassız girişinin qarşısı alınır. Eyni zamanda onların ilkin bilik və bacarıqlar ilə təmin olunması səbəbilə əmək fəaliyyətinə daha hazırlıqlı başlaması, daha sonra gələcəkdə inkişaf və karyera yönümlü istiqamətdə bu təcrübənin onlar üçün yararlı olması səbəbindən peşə təhsili mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan yaxşı olardı ki, orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri haqqında geniş məlumat verilsin, ilkin bilik və bacarıqlar aşılansın. Cəmiyyətimizdə elə bir fikir formalaşıb ki, orta məktəbi bitirən hər kəs ali təhsil almalıdır. Bəzən müəyyən peşə sahəsinə marağı və istəyi olan gənc valideynlərinin təkidi ilə ali məktəblərə imtahan vermək məcburiyyətində qalır. Biz bu stereotipləri qırmalıyıq, həmin gənclərə dəstək olmaq üçün müəyyən mexanizm hazırlanmalıdır. Peşə təhsilinə marağın artırılması məqsədi ilə ötən gün Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “açıq qapı” günləri keçirilib. Gün ərzində davam edəcək tədbirdə yuxarı sinif şagirdləri, valideynlər, müəllimlər, eləcə də dövlət qurumlarının və əlaqədar tərəflərin rəsmi nümayəndələri iştirak edib. Qeyd olunub ki, Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi Bakı, Gəncə və Cəlilabadda yerləşən bir sıra peşə təhsil mərkəzləri üçün “açıq qapı” günlərinin təşkilinə dəstək göstərir. “Açıq qapı” günlərinin məqsədi peşə təhsil mərkəzləri haqqında məlumatlılıq səviyyəsini yüksəltməyə, peşə təhsilinin ölkədə qadın və kişilər üçün perspektivli təhsil seçimlərindən biri olaraq təqdim etməyə, ümumilikdə peşə təhsilinin cəlbediciliyini artırmağa kömək etməkdir. Tədbir zamanı iştirakçılar peşə təhsil müəssisəsinin emalatxanalarına baş çəkib, mövcud avadanlıq və xidmətlərlə yerində tanış olublar. Tədbirdə kostyum ustası və dərzi, tikiş, bədii tərtibat, aşpazlıq, qənnadçılıq, floristika, zərgərlik, dekorasiya, ağac üzərində oyma, xalçaçılıq və qrim kimi müxtəlif istiqamətləri əhatə edən stendlərdə tələbələrin əl işləri sərgilənib, ustad dərsləri təşkil edilib. “Açıq qapı” günündə iştirakçılar peşədə inklüziv tədris və xidmətlər, hazırkı qəbul qaydaları, peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində cari fəaliyyətlər haqqında ətraflı öyrəniblər. O cümlədən uğurlu məzunlar və işəgötürənlərlə karyera perspektivləri barədə müzakirələr aparıblar. Qeyd olunub ki, “Açıq qapı” günləri aprelin 26-da Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində, aprelin 28-də isə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək tədbirlərlə davam edəcək.  

Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında bildirib ki, “Açıq qapı” günlərinin təşkil olunmasında məqsəd müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə peşə məktəbi arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir. Ekspertin sözlərinə görə, “Açıq qapı” günləri çərçivəsində valideynlər peşə məktəbinin mühiti ilə daha yaxından tanış olurlar: 

“Peşə məktəbinin rəhbərliyi və müəllimlərlə görüş zamanı valideynlərə məktəblərin fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verilir. Valideynlərin tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələr ilə bağlı rəyləri, təklifləri dinlənilir və səmərəli fikir mübadiləsi aparılır. Etiraf edək ki, insanların peşə təhsili ilə bağlı məlumatları çox deyil. Eyni zamanda qəbul qaydalarını bilmirlər. Buna görə “Açıq qapı” günlərinin böyük əhəmiyyəti var”. Ekspert sənaye, kənd təəssürafatı və digər texniki vasitələrin inkişafına istiqamətlənən peşəyönümlü məktəblərin keyfiyyətlərinin artırılmasının vacibliyini vurğulayıb: “Sovetlər dövründə texniki-peşə təhsili ölkə iqtisadiyyatının peşə-ixtisas kadrlarına olan ehtiyacının ödənilməsində mühüm rol oynayıb. Azərbaycanda texniki peşə məktəblərinin fəaliyyəti qənaətbəxş deyil. SSRİ dağıldıqdan sonra peşə təhsilində ciddi problemlər yarandı. O dövrdə texniki peşə təhsili müəssisələri baxımsızlıq ucbatından bərbad vəziyyətə düşmüşdü. 1988-1993- cü illərdə Azərbaycanda yaranmış mürəkkəb iqtisadi-siyasi şərait bütün sahələrdə olduğu kimi, texniki peşə təhsilinin inkişafına da öz mənfi təsirini göstərdi. Bu dövrdə hökm sürən ictimai və sosial-iqtisadi sabitsizlik, istehsal həcminin kəskin azalması və nəticə etibarilə əmək bazarında ixtisaslı işçi qüvvəsinə tələbatın aşağı düşməsi texniki peşə təhsili sistemini iflic vəziyyətinə saldı”. K.Əsədov texniki peşə təhsilinin bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla, cəmiyyətin sosial mənəvi və iqtisadi inkişafında fərdlərin iştirakını təmin etdiyini bildirib: “Peşəyönümlü ixtisaslar ətraf mühitə təsir etmək imkanlarını artırır, insanları yeni biliklərə yiyələnməyə istiqamətləndirir, peşəkar fəaliyyətdə davamlı inkişafa nail olmaqda real köməklik göstərir. Bu gün orta məktəbləri bitirmiş şəxslər kütləvi şəkildə ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edirlər. 

Halbuki, 54 ali təhsil müəssisəmizdə təhsil alan 164 min tələbənin yalnız 42 faizi təhsilini başa vurduqdan sonra əmək bazarında ixtisası üzrə işlə təmin olunur. Artıq bir neçə ildir ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir. Bütün bu atılan addımlar peşə-ixtisas təhsili müəssisələrinə marağı və müraciəti ciddi şəkildə artıracaq”.