“Peşə təhsilinə marağın artırılması cəmiyyət üçün əsas hədəflərdən biridir. Hazırda 2027-2030-cu illəri əhatə edəcək Sosial-İqtisadi İnkişaf Proqramının konsepsiyası üzərində işləyirik”,-deyə Elm və Təhsil Nazirliyinin şöbə müdiri Turxan Süleyman konfransda bildirib. O əlavə edib ki, təkliflər hökumətə və ictimaiyyətə təqdim olunub, ali və orta ixtisas təhsili müəssisələri ilə müzakirələr aparılıb. Şöbə müdürü yanvardan qanunvericilik bazasının yenilənməsi ilə bağlı təşəbbüslərin müzakirə olunacağını söyləyib.
"Master of Science" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu Sherg.az-a açıqlamasında Azərbaycanda əmək bazarının tələblərinin dəyişdiyini söyləyib:

"Pəşə təhsili strateji prioritet kimi qarşıya qoyulub. Azərbaycanda əmək bazarının tələbləri dəyişir. Buna uyğun olaraq peşə təhsilinə yönəlmənin artırılması dövlət siyasətinin əsas hədəfinə çevrilib. İnsan kapitalının inkişafı və rəqabət qabiliyyətli ixtisaslı kadrların yetişdirilməsi üçün peşə təhsili vacib istiqamət kimi önə çəkilib. İkinci bir məsələ 2027-2030-cu il sosial iqtisadi inkişaf proqramına hazırlıqla bağlı mesaj ötürürlər. Bu proqramın konsepsiyası üzərində hələki iş gedir. Peşə təhsili ilə bağlı təkliflər hökumətə və ictimaiyyətə təqdim olunub. Bu peşə təhsilinin gələcəkdə daha sistemli şəkildə inkişaf etdiriləcəyinə bir işarədir. Üçüncü diqqətə çatdırılan əsas mesaj təhsil müəssələrində geniş müzakirələrin aparılmasıdır. Təkcə universitetlərlə deyil, həm də kolleclərlə də dialoqlar aparılır. Həmçinin bu yanaşma sektorlar araaı kordinasiyanın və real ehtiyacların öurənilməsinin göstəricisidir. Dördüncü məsələ qanunvericilik bazasının yenilənməsi istiqamətidir. 2026-nın yanvarından normativ hüquqi sənədlərin yenilənməsi üçün təşəbbüslər müzakirə olunacaq. Peşə təhsilinin sturukturlaşdırılması, maliyyələşmə modelləri, yeniliklər və əmək bazarında əlaqələrin gücləndirilməsi kimi istiqamətləri əhatə edə bilər".
Ekspert peşə təhsilinə qəbulun artması üçün yeni stimulların lazım olduğunu vurğulayıb:
"Məsələn, işlə təminat mexanizmi, müəssisələrdə olan təhsil modellərinin genişləndirilməsi vacibdir. Qanunvericilikdə dəyişikliklə peşə məktəblərinin statusu, maliyyələşməsi və əmək bazarına inteqrasiyası da güclənə bilər. Həmçinin ictimaiyyətlə kommunikasiya artacaq. Çünki peşə təhsili ilə bağlı hər tərəfli və hədəfli maarifləndirməyə ehtiyac var. İşəgötürənlərlə əməkdaşlıq formalaşa bilər. Bu da praktiki bacarıqların artırılmasına təsir edəcək. Eləcə də peşə məktəbini bitirənlərin əmək bazarında öz yerlərini tez tutmalarına səbəb olacaq. Peşə təhsili müəssisələri qısa müddətlidir. Burada qısa müddət ərzində şəxs seçdiyi sahə üzrə ixtisaslaşmış olacaq".