Elçin Əfəndi: Valideynlər övladlarını dini cərəyanlara yönləndirə bilməz
Sumqayıtdakı orta məktəblərin birində hicablı şagirdlərin dərsə buraxımadığı iddiaları səsləndirilir. Bu barədə AĞ Partiya sədri Tural Abbaslı paylaşım edib. Partiya sədri şagirdlərin hicablı olduqlarına görə dərsə buraxmamasını Konstitusiyaya zidd hesab etdiyini bildirib.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a açıqlamasında məsələyə hüquqi yanaşmanın vacib olduğunu dedi: 
- “Uşaq hüquqları haqqında” qanuna əsasən uşaqların vicdan, fikir və söz azadlığı qorunur. Uşaqların söz, fikir azadlığına hörmətlə yanaşılmalıdır. Bu istiqamətdə dövlət orqanları da uşaqların hüquqlarını müdafiə edir. Təəssüf ki, bəzi valideynlər övladlarının dini cərəyanlara - burada təkcə islam dini yox, digər dini cərəyanlar da nəzərdə tutulur - qoşulmalarına təsir edir, öz inanclarını onlara da təlqin edirlər. Qanunvericiliyə görə, uşaqların səhhətinə zərər verə biləcək dini ayinlərə cəlb edilməsi qadağandır. Şəxs özü 18 yaşına çatdıqda dini etiqadla bağlı qərar verməlidir. Valideyn özünün istədiyi istiqamətə uşağı məcburən yönləndirməməlidir. “Dini etiqad azadlığı” haqqında qanuna görə də əgər dini etiqad azadlığı ictimai təhükəsizlik mənafelərinə ziddirsə, ictimai qaydanın təmin edilməsində hər hası narahatlıq yaradırsa məhdudlaşdırıla bilər. Uşaqların geyimi onların fiziki-psixi sağlamlığına təsir göstərməməlidir. Azərbaycan Konstitusiyasına görə din dövlətdən ayrıdır. Dövlət təhsil sistemi isə dünyəvi xarakter daşıyır. Bütün bunları nəzərə aldıqda, uşaqların dini geyimlərə məcbur edilməsi qadağandır. Orta ümumtəhsil sistemində vahid məktəbli geyim forması var və bu geyim forması da “Təhsil haqqında” qanunla tənzimlənir. Orta ümumtəhsil müəssisələrinin şagirdləri qanuna əsasən vahid geyimdən istifadə etməli, eyni geyimdə olmalıdırlar. Kimsə hər hansı fərqli element daşıyırsa, bu, fərqlilik yaradır və qanunvericiliyin pozulması deməkdir.
E.Əfəndi qeyd etdi ki, təhsil müəssisəsi fərqli geyim tərzi ilə bağlı qadağa tətbiq edirsə, mövcud qanunlara əsaslanır:
- Bu qadağa qanunvericiliyə söykənildiyi üçün qanunidir. Elə şəxslər var qanunlara hörmətlə yanaşırlar. Məsələn, ölkəmizdə təhsil alan qardaş Türkiyə vətəndaşı var, başı örtülüdür, amma təhsil müəssisəsinə gələrkən büş örtüsünü açır, tədris prosesinə qatılır, məktəbdın çıxdıqda isə təkrar başını örtür. Bunu başqa bir ölkə vətəndaşı edirsə, biz niyə əməl etməyək?!