“Dövlət qulluğuna imtahanlar dəyişir - təkcə bilik yox, bacarıq da yoxlanacaq”
Kompetensiyaya əsaslanan imtahanlara keçirik. Bu sözləri DİM-in İdarə heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
“Bu, dövlət qulluğunda çox vacib mərhələdir. Bu prosesdə dövlət orqanları sıx iştirak edir. Ümumiyyətlə, təhsil sistemində dövrün tələbi ilə əlaqədar yeni çağırışlar var. Biz bu proseslərin şəffaflığını və yeni innovativ yanaşmaları təmin etməyə çalışırıq”,- Məleykə Abbaszadə vurğulayıb.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a açıqlamasında qeyd etdi ki, dövlət qulluğuna imtahanlar zamanı kompetensiya üzrə biliklərin yoxlanması da nəzərdə tutulur. Bu, konkret bilik və bacarıqlar deyil, eyni zamanda imtahan verən namizədlərin qanunvericilik fəaliyyəti istiqamətində praktik davranışları, praktik biliklərini hansı formada icra edə biləcəyinin yoxlanılması deməkdir. Məleykə Abbaszadə kompetensiyaya əsaslanan imtahanlar dedikdə bunu nəzərdə tutur:
- Dövlət qulluğuna imtahanlarda təkcə nəzəri biliklər deyil, praktik yanaşmalar da yoxlanmalıdır. Namizəd dövlət qulluğuna imtahan verir, məsələn, sosial müdafiə və ya vətəndaşlarla iş istiqamətində, onun bu istiqamıtdə bilik və bacarıqlarının təcrübi biliklərinin yoxlanmasına da diqqət ayrılacaq. Burada təcrübi biliklərin yoxlanması nəzərdə tutulur. Nəzəriyyə ilə paralel praktiki bacarıqlarınını olması da əsas şərtdir.