Göydə yeni dövr başlayır: Süni intellekt təyyarələrə “bu yoldan uçma” deyəcək

İngiltərədə 5 milyon funt sterlinqlik “Operation Blue Skies” layihəsinə start verilib. Layihə çərçivəsində süni intellekt təyyarələrin iqlimə təsir edən uzunmüddətli kondensasiya izləri yarada biləcəyi hava qatlarını əvvəlcədən müəyyənləşdirəcək.

“Şərq” xəbər verir ki, layihədə Google, Britaniya hökuməti, Met Office, NATS, Kembric Universiteti və London İmperial Kollecinin tədqiqatçıları iştirak edir. Süni intellekt peyk görüntüləri, əvvəlki uçuş məlumatları və hava proqnozlarını təhlil edərək riskli bölgələri müəyyənləşdirəcək.

Daha sonra məlumatlar hava hərəkətinin idarə olunması xidməti NATS-a ötürüləcək və uyğun hallarda pilotlara həmin ərazilərdən yayınmaq üçün marşrutu dəyişmək tövsiyə olunacaq. Bunun üçün təyyarələrin əsasən təxminən 610 metr hündürlük dəyişməsi nəzərdə tutulur.

Sınaqlar 2026-2027 və 2027-2028-ci illərin qış aylarında Şimali Atlantikdəki Shanwick hava məkanında aparılacaq. Təxminən 10 min uçuşun sınaq dövründə bu ərazidən keçəcəyi gözlənilir.

Təyyarələrin arxasında görünən ağ xətlər mühərriklərdən çıxan su buxarının yüksək hündürlükdəki soyuq və rütubətli hava ilə qarşılaşaraq buz kristallarına çevrilməsi nəticəsində yaranır. Bəzi izlər bir neçə dəqiqəyə yox olur, digərləri isə saatlarla havada qalaraq genişlənə və yüksək hündürlükdə buludlara çevrilə bilər.

Alimlər uzun müddət qalan bu izlərin atmosferdə istiliyi saxlayaraq qlobal istiləşməyə töhfə verə biləcəyini bildirirlər.

Qeyd edək ki, bu hadisə sosial şəbəkələrdə yayılan “chemtrail” sui-qəsd nəzəriyyəsi ilə eyni deyil. Layihənin məqsədi atmosferə hər hansı kimyəvi maddə buraxmaq yox, uçuş hündürlüyünü dəyişməklə uzunmüddətli kondensasiya izlərinin yaranmasının qarşısını almaqdır.