Süni intellekt texnologiyalarının sürətlə yayılması əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Aparılan araşdırmalar isə göstərir ki, bu proses xüsusilə Z nəsli arasında narahatlıq və gələcəklə bağlı qeyri-müəyyənliyi artırır.
Sherg.az xəbər verir ki, ABŞ-də keçirilən məzuniyyət mərasimlərində süni intellekti “qaçılmaz inqilab” kimi təqdim edən çıxışlar tələbələrin etirazı ilə qarşılanıb. Mütəxəssislər bunu gənclərin iş yerlərini itirmək qorxusu ilə əlaqələndirirlər.
Bu narahatlıqları gücləndirən amillərdən biri də iri şirkətlərin süni intellektə keçid fonunda işçi ixtisarlarına başlamasıdır. Bir sıra beynəlxalq şirkətlər minlərlə iş yerinin ləğv ediləcəyini açıqlayıb.
“Gallup”un son hesabatına görə, 1997-2012-ci illərdə doğulan gənclərin süni intellektə münasibətində mənfi tendensiya güclənib. 2025-ci ildə bu texnologiyaya ümidlə yanaşanların payı 36 faiz olduğu halda, 2026-cı ildə bu göstərici 22 faizə enib. Araşdırmaya əsasən, Z nəslinin 42 faizi süni intellektlə bağlı narahatlıq keçirdiyini bildirib.
Sorğuda iştirak edənlərin təxminən yarısı süni intellektin risklərinin faydalarından daha çox olduğunu düşünür. Gənclərin bir qismi isə bu texnologiyanın yaradıcılığa və dərin öyrənmə bacarıqlarına mənfi təsir göstərdiyini hesab edir.
Bununla belə, texnologiya sahəsinin nümayəndələri süni intellektin yaratdığı dəyişikliklərin qaçılmaz olduğunu və yeni şəraitə uyğunlaşmağın vacibliyini vurğulayırlar.