Süni intellektin ikiüzlü gücü: Düzgün əllərdə inkişaf, yanlış əllərdə təhlükədir 

Cengiz Çalıkoğlu: “Süni intellekt ya rifah gətirəcək, ya da ciddi təhlükəyə çevriləcək”

İlon Mask ABŞ-dakı OpenAI məhkəməsində çıxışı zamanı süni intellektin gələcəyi haqqında diqqətçəkən fikirlər səsləndirib. O bildirib ki, süni intellekt insanlığı daha yaxşı vəziyyətə gətirə, amma eyni zamanda öldürə də bilər.

Sİ-dən istifadənin geniş yayıldığı zamanda Maskın fikirləri geniş müzakirə mövzusuna çevrilib.

Texnologiya strategiyaları, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal transformasiya üzrə lider Cengiz Çalıkoğlu Sherg.az-a açıqlamasında İlon Maskın açıqlamasına münasibət bildirib:

"Burada məsələ sadəcə “süni intellekt yaxşıdır, yoxsa pis?” müzakirəsi deyil. Əsas məsələ onun hansı məqsədlə, hansı məlumat bazası ilə və hansı etik çərçivədə inkişaf etdirilməsidir. İlon Maskın da dediyi kimi, süni intellekt insanlıq üçün böyük rifah və inkişaf potensialı yaratdığı qədər, nəzarətsiz və ya pis niyyətli istifadələr zamanı ciddi risklər də daşıyır.

Xüsusilə düzgün məlumat, arxitektura və düzgün alqoritmlərlə qurulan süni intellekt sistemləri xidmət sektorundan dövlət idarəçiliyinə, maliyyədən səhiyyəyə qədər bir çox sahədə əməliyyat yükünü azaltma potensialına malikdir. Sİ prosesləri avtomatlaşdıra və qurumları real mənada rəqəmsal transformasiyaya daşıya bilər. Burada ən vacib məqam “təmiz və etibarlı məlumat” ilə yanaşı, insan mərkəzli yanaşmanın qorunmasıdır".

Mütəxəssis qeyd edib ki, süni intellekt yalnız fayda yaratmaq üçün istifadə olunmur:

 "Kibertəhlükəsizlik sahəsində kəşfiyyat, kiberhücumlar, kritik infrastruktur obyektlərinə yönəlmiş təhdidlərlərdə partlamamış bomba rolunu oynaya bilər. Hətta son dövrlərdə müharibə meydanlarında gördüyümüz süni intellekt dəstəkli hədəfləmə sistemləri bu texnologiyanın yanlış əllərdə nə qədər təhlükəli ola biləcəyini açıq şəkildə göstərir. Buna görə də süni intellekt artıq sadəcə texnologiya mövzusu deyil. Eyni zamanda təhlükəsizlik, etik, hüquq və insanlıq məsələsidir.

Digər tərəfdən, eyni süni intellekt düzgün strategiyalarla istifadə edildikdə kibertəhdidlərə qarşı güclü müdafiə mexanizminə də çevrilə bilər. Anomaliya aşkarlanması, hücumların qarşısının alınması, təhdid analizi və kritik sistemlərin qorunması kimi sahələrdə süni intellekt dəstəkli müdafiə yanaşmaları yaxın gələcəkdə daha da həlledici rol oynayacaq".

Ekspert vurğulayıb ki, məsələ texnologiyaya kor-koranə heyran olmaq və ya ona tam qorxu ilə yanaşmaq deyil, əsas məsələ onu hansı dəyərlər əsasında inkişaf etdirdiyimizdir: 

"Süni intellekt düzgün əllərdə böyük inkişaf və tərəqqi gücünə çevrilə, yanlış əllərdə isə ciddi risklər yaradar. Buna görə də texniki potensialla yanaşı etik sərhədlər, şəffaflıq və insan yönümlü yanaşma da ən az texnologiyanın özü qədər vacibdir".