Trampın “Süni intellekt qüvvələri” planı təəccüb yaradıb

ABŞ Prezidenti Donald Trampın ölkədə “Süni intellekt qüvvələri” yaradılması ilə bağlı açıqlaması texnologiya sektorunun nümayəndələri üçün gözlənilməz olub.

Sherg.az xəbər verir ki, “Politico”nun məlumatına görə, Tramp bu təşəbbüsü açıqlamazdan əvvəl texnologiya sənayesinin nümayəndələri ilə məsələni müzakirə etməyib. Nəşrlə danışan dörd sənaye nümayəndəsi bildiriblər ki, onlar Trampın “Truth Social” platformasında paylaşımına qədər belə bir qərarın hazırlanmasından böyük ölçüdə xəbərsiz olublar.

Sənaye nümayəndələrindən biri ideyanın onlarla müzakirə edilmədiyini, digəri isə təşəbbüsün mahiyyətinin hələ aydın olmadığını bildirib.

Tramp bir gün əvvəl ABŞ-da “Süni intellekt qüvvələri” yaradılacağını öz sosial şəbəkə hesabında açıqlamışdı.

Bu arada ABŞ-da süni intellekt üzrə mütəxəssislər nəzarətdən çıxan alqoritmlərin yaratdığı fövqəladə vəziyyətlərə qarşı digər süni intellekt alətlərindən istifadə edən müdafiə sistemi üzərində çalışırlar.