16 yaşlı gənc müəllimin taleyi...

  İlk xanım pedaqoqlardan Törə xanım Zamanovanın həyatı, fəaliyyəti araşdırılmayıb.
H.Z.Tağıyevin Lifli maddələrin emalı səhmdar cəmiyyəti nəzdindəki oğlan və qızlar üçün birsinifli 
ibtidai məktəbinin tatar, yəni Azərbaycan dili və şəriət müəllimi Törə Məşədi Rəsul qızı 
Zamanovanın pedaqoji fəaliyyəti  haqqında demək olar ki, indiyə kimi araşdırma aparılmayıb.  
Azərbaycanın təhsil tarixində müəyyən rolu və xidməti olan, lakin haqqında bugünədək heç bir 
məlumat dərc edilməyən növbəti qadın pedaqoqlardan biri də Törə Məşədi Rəsul qızı Zamanovadır. 
Törə Zamanova haqqında nə ensiklopediyalarda, nə də ki, digər kütləvi nəşrlərdə, hətta internet 
saytlarında, vikipediyada hər hansı bir məlumat aşkar etmək mümkün deyil. Bu qadın pedaqoqun 
fəaliyyəti bugünədək öyrənilməyib və cəmiyyətimizə tanıdılmayıb. Amma Azərbaycanda 
savadsızlığın aradan qaldırılmasında, məktəb-təhsil işinin yayılmasında rolu və xidməti olmuş 
pedaqoqların fəaliyyəti öyrənilərək cəmiyyətimizə tanıdılmalıdır. Törə Zamanova Azərbaycanda neft 
sənayesinin inkişafında xidmətləri olan böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim 
H.Z.Tağıyevin Bakı şəhərində təsis etdiyi Aleksandrinski, eləcə də Mariyin məktəbinin kurslarını 
bitirib. Xatırladıram ki,  Azərbaycanda  milli ziyalı qadın təbəqəsinin yaranmasında, dünyəvi qadın 
təhsilinin inkişafında, Azərbaycan qadınının dünyəvi təhsil almasında H.Z.Tağıyevin təşkil etdiyi ilk 
müsəlman qız məktəbinin əhəmiyyətli xidmətləri  var. Bu məktəbi bitirən onlarla azərbaycanlı qızlar, 
o cümlədən Səidə xanım Şeyxzadə, Mina xanım Aslanova, Ayna Musabəyova, Fatma Sultanova, 
Maral Bayraməlibəyova,  Xeyransa Axundova, Sona Axundova, Nabat Nərimanova və  onlarca digər 
qadın-pedaqoqlar sonrakı dövrlərdə, xüsusilə  müstəqillik illərində millətimizin mədəni tərəqqisində, 
Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasətinin həyata  keçirilməsində yaxından iştirak ediblər. 
  H.Z.Tağıyevin müsəlman qızlar üçün təsis etdiyi Aleksandrinski qadın məktəbinin, həmçinin 
Mariyin məktəbinin kurslarını bitirən Törə xanım Zamanova 1915-ci il sentyabrın 1-də Hacı 
Zeynalabdin Tağıyevə ərizə ilə müraciət edərək ona fabrika nəzdində təsis edilən həmin məktəbdə 
tatar (Azərbaycan dili) müəlliməsi vakant yerinin  verilməsini xahiş edib. Törə xanım Zamanova eyni 
məzmunlu ərizə ilə 1915-ci il sentyabrın 1-də həmçinin Bakı quberniyası və Dağıstan Vilayətinin  
xalq məktəbləri müfəttişinə də müraciət edib. 
  Törə xanım Zamanova istər H.Z.Tağıyevə, istərsə də Bakı quberniyası və Dağıstan vilayətinin xalq 
məktəbləri müfəttişinə ünvanladığı ərizələrində sənədlərinin Aleksandrinski məktəbinin 
dəftərxanasında olduğunu qeyd edirdi. Törə xanım Zamanovanın H.Z.Tağıyevə ünvanladığı 
ərizəsinin dərkənarında məktəbin müdiri Vera  Stefanovskaya tərəfindən aşağıdakılar qeyd edilib: 
"Hacı göstəriş vermişdir ki, Törə Zamanova tatar (Azərbaycan dili) müəlliməsi kimi qəbul edilsin”. 
Daha sonra məktəbin müdiri Vera Stefanovskayanın 3 sentyabr 1915-ci il tarixdə  Törə xanım 
Zamanovaya ünvanladığı məktubda qeyd edilirdi: "Lütfkar məlikə, məlumat verirəm ki, siz 
sentyabrın 1-dən etibarən  Lifli maddələrin emalı səhmdar cəmiyyəti nəzdindəki birsinifli məktəbə 
tatar, Azərbaycan dili və şəriət müəlliməsinin vəzifələrini icra edən təyin edilirsiniz. Təxirə 
salınmadan qulluq yerinə gəlməyinizi təklif edirəm”.
  Müvafiq arxiv sənədlərində təəssüflər olsun ki, Törə Zamanovanın avtobioqrafik məlumatları aşkar 
edilməyib. Ona görə də onun avtobiaqrafiyası haqqında hər hansı bir məlumat vermək çətindir. Lakin 
Törə xanım Zamanovanın doğum tarixini Bakı quberniyası və Dağıstan vilayətinin  Xalq Məktəbləri 
Direktorunun Xalq Məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M.Qəniyevə 22 sentyabr 1915-ci il 
tarixdə göndərdiyi məktubla təqribən müəyyən etmək mümkündür. Belə ki, həmin məktubda Bakı 
quberniyası və Dağıstan vilayətinin  Xalq Məktəbləri Direktoru qeyd edirdi: "Aleksandrinski 
məktəbinin kurslarını bitirmiş Zamanova mənim yanımda olarkən bildirmişdi ki, onun heç on altı 
yaşı yoxdur. Buna görə də o, müəllimə vəzifəsini icra edən təyin edilə bilməz və yalnız məktəbdə 
dərslərə ezam edilə bilər. Bunu sizə  binagüzarlıq üçün bildirirəm”. 
  Törə xanım Zamanovanın doğum tarixini təsdiq edən və yaxud bu barədə məlumat verən digər hər 
hansı bir sənəd yoxdursa, bu məlumata əsaslanaraq qeyd etmək olar ki, Törə xanım təxminən 1899-
1900-cü illərdə anadan olub. Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəbləri müfəttişinin 
H.Z.Tağıyevin fabrikasının nəzdindəki məktəbin müdirinə göndərdiyi 3 sentyabr 1915-ci il tarixli 
məktubda Törə xanım Zamanovanın Bakı Aleksandrinski və Mariyin məktəblərinin kurslarını 
bitirdiyi haqqında məlumat qeyd edilib.
  Xalq Maarif Nazirliyinin Xalq Maarifi Departamenti hərbi xidmətə çağırılanların əvəz edilməsinə 
dair görüləcək tədbirlər haqqında hazırladığı arayışı 1915-ci il sentyabrın 11-də Xalq məktəblərinin 
direktorlarına göndərmişdir. Həmin arayışda qeyd edilirdi:”... əvvəllər ibtidai məktəblərdən 
hərbiyəyə çağırılanların böyük əksəriyyətinin hərbi hissələrdə saxlanılması, həmçinin hərbi xidmətə 
yeni könüllü kontingentinin cəlb edilməsi məktəblərin doğru fəaliyyətini təmin etmək üçün bizdən 
hərbiyəyə çağırılanları əvəz edə biləcək hazırlıqlı şəxslərin axtarıb tapılması və onların əvəz edilməsi 
işlərinə qayğı ilə yanaşılmasını tələb edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Departament 
sizlərdən xahiş edir ki, hərbi xidmətə çağırılanları və könüllərin yeni kontingentini əvəz edə biləcək 
şəxslərin işə cəlb edilməsi işinə diqqəti artırasınız”. 
  Çox güman ki, Xalq Maarif Nazirliyinin Xalq Maarifi Departamentinin hərbi xidmətə çağırılanların 
əvəz edilməsi üzrə görüləcək tədbirlər haqqında sirkulyarın tələblərinin yerinə yetirilməsi məqsədilə 
Törə xanımın 16 yaşı olmasına baxmayaraq, məktəbə müəllimə kimi qəbul edilmişdir. Arxiv 
materialları təsdiq edir ki, Lifli maddələrin emalı səhmdar cəmiyyəti nəzdindəki birsinifli məktəbdə 
tatar (Azərbaycan dili) və şəriət müəlliməsi vəzifəsində 11 sentyabr 1910-cu ildən 1 sentyabr 1915-ci 
ilədək Rza bəy Lətifbəyov olub. Rza bəy Lətifbəyov 5 sentyabr  1915-ci il tarixli ərizəsinə uyğun 
olaraq işdən azad edilib. 
  Tarixdən  məlumdur ki, Rusiya İmperiyasının ictimai-siyasi həyatı 1917-ci ildə baş vermiş müxtəlif 
çevriliş və inqilablarla müşayiət olunub. Fevralın 27-də paytaxt Petroqradda baş verən fevral 
demokratik inqilabı fevralın 28-də inqilabın qələbəsi ilə nəticələndi. Bununla yanaşı, Rusiyanın siyasi 
həyatındakı təlatümlər bitməyib davam edirdi. 1917-ci il oktyabrın 25-də Petroqradda bolşevik 
çevrilişi baş verdi. Rusiyanın paytaxtında baş verən inqilabi çevriliş Bakıya da təsirsiz ötüşmədi. 
Bakıda 1917-ci ilin martından - 1918-ci il iyulun 31-dək hakimiyyətdə olan Bakı sovetinin 25 aprel 
1918-ci il tarixli  qərarı ilə Bakı Soveti Xalq Komissarlığı tərkibində Xalq Maarif Komissarlığı 
yaradıldı. Bununla da Azərbaycanda məktəb işinin inkişafı, məktəb şəbəkəsinin genişləndirilməsi və 
s. məktəb-təhsil məsələləri Xalq Maarif Komissarlığının qarşısında duran məsələlərdən biri sayıldı.
  H.Z.Tağıyevin Fabrikası nəzdindəki məktəbin müəlliməsi Törə Zamanova 14/27 may 1918-ci il 
tarixdə Bakı Soveti  tərkibindəki Xalq Maarif Komissarlığına ərizə ilə müraciət etdi. Onun həmin 
ərizəsində qeyd edilirdi: "1916-cı ildən etibarən mən Tağıyevin məktəbində müəlliməyəm. 
Komissariatın əmrinə əsaslanaraq bildirirəm ki, bundan sonra da həmin məktəbdə müəllimə olaraq 
qalıb işləmək istəyirəm. Xahiş edirəm məni adıçəkilən məktəbə müəllimə vəzifəsinə qəbul edəsiniz. 
Mənim bütün sənədlərim Xalq Məktəbləri Direksiyasındadır. Cari ildə mən heç yerə getməmişəm və 
getməyəcəyəm, Tağıyevin fabriki nəzdindəki öz evimdə qalacam. Əmrə uyğun olaraq məndən 
partiyadan vəsiqə tələb edilir ki, bunu da mən təqdim edə bilməyəcəyəm, çünki heç bir siyasi 
partiyada işləməmişəm". 
  H.Z.Tağıyevin toxuma-əyirmə fabriki nəzdində yaradılan məktəb həm oğlan, həm də qız uşaqları 
üçün nəzərdə tutulurdu. Həmin məktəbdə fabrikada çalışan fəhlələrin hər iki cinsdən olan övladları, 
həmçinin Əhmədli və Zığ kəndlərindən gələn uşaqlar təhsil alırdılar. Arxiv sənədləri təsdiq edir ki, 
H.Z.Tağıyevin fabriki nəzdində yaşlılar üçün də axşam kursları fəaliyyət göstərib. H.Z.Tağıyevin 
Lifli maddələrin emalı Qafqaz səhmdar cəmiyyətinin direktoru 1916-cı il  yanvarın 18-də Xalq 
Məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M.Qəniyevə ərizə ilə müraciət edərək xalq məktəblərinin 
proqramları üzrə məktəbin binasında fəhlələr üçün axşam məşğələlərinin açılmasını xahiş edir. Bakı 
quberniyası və Dağıstan vilayətinin Xalq Məktəbləri Direktorunun 1916-cı il fevralın 25-də Xalq 
Məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M.Qəniyevə göndərdiyi 2093 saylı məktubda qeyd 
edilirdi ki, həmin məşğələlərdə pedaqoji fəaliyyəti şəhər məktəbinin kursunu bitirmiş Abdullayev 
Mir Məcid tərəfindən həyata keçiriləcəkdir. Gələn tədris ilindən etibarən isə yaşlılarla məşğələlərin 
aparılması üçün daha münasib şəxsin axtarıb tapılması mənim tərəfimdən təklif edilmişdir. Həmin 
dövrdə fabrika nəzdindəki məktəbin müdirəsi xanım M.Reyn olmuşdur.
  Azərbaycanda savadsızlığın aradan qaldırılmasında, ölkəmizdə təhsilin və məktəb işinin inkişaf 
etdirilməsində rolu və xidməti olan hər bir müəllim və pedaqoqun zəhməti xalqımız tərəfindən 
unudulmur və daim yüksək qiymətləndirilir. Törə xanım Zamanovanın da ölkəmizdə savadsızlığın 
aradan qaldırılmasında, uşaqların təhsil ocağı olan məktəblərə cəlb edilməsində və onlara dünyəvi 
təhsil verilməsindəki xidmətləri böyük hörmət və ehtiramla bu gün də anılır. Zəngin arxiv 
materialları içərisindən Törə xanım Zamanovanın  pedaqoji fəaliyyətini əks etdirən sənədlərin 
araşdırılaraq tapılması və həmin sənədlər əsasında onun pedaqoji fəaliyyətinə dair bu məqalənin 
yazılması onun xatirəsinə hörmət və ehtiramla yanaşılmasının bariz nümunəsidir.

Rafiq Səfərov,
Milli Arxiv İdarəsinin baş məsləhətçisi