- ADY, AZAL, SOCAR, ABB, “Azərxalça” və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində ixtisarlar və daxili birləşdirmələr prosesinə başlanacaq
2027-ci ildə böyük ixtisarlar olacağının anonsu verilir. Yola salmaqda olduğumuz 2026-cı ildə də bir sıra dövlət qurumlarında, agentlik və komitələrdə işçi ixtisarlarının şahidi olduq. Prosesin növbəti ildə də davam edəcəyi gözlənilir. Məqsəd dövlət büdcəsinin yükünü azaltmaqdır. İxtisara düşənlər nə edəcək, harada işləyəcək, nə ilə dolanacaq, deyəsən, bu, büdcənin təəssübünü çəkənləri o qədər də maraqlandırmır.
İqtisadçı Razi Abasbəyli hesab edir ki, dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. İqtisadçı qeyd etdi ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə verdiyi rəydə bildirilib:
“Burada qeyd olunur ki, dividend ödənişləri etməyən dövlət müəssisələrinin, o cümlədən törəmə müəssisələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədəuyğundur. Bu xəbərin əsas hissəsidir. Başqa bir məqam isə bundan ibarətdir ki, 2025-ci il dekabrın 29-da təsdiq olunmuş dividend siyasətinə əsasən, dövlət müəssisələrinin xalis mənfəətindən minimum 30 faiz dividend ödənilməsi nəzərdə tutulur. Müəssisə iki il ardıcıl zərərlə işlədikdə isə Maliyyə Nazirliyi səbəbləri araşdıraraq təkliflərini Prezidentə təqdim etməlidir”.
R.Abasbəyli Sherg.az-a açıqlamasında zərərlə işləyən müəssisələrin bir neçəsinin adını çəkdi:
- Məsələn, Bakı Metropoliteni. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı “Bakı Metropoliteni” QSC-ni digər böyük dövlət müəssisələri ilə birlikdə korporativ idarəetmə çərçivəsində qiymətləndirib. Bu qiymətləndirmə metropolitenin texniki vəziyyətinə və ya tunel inşaatına deyil, birbaşa onun idarəetmə və maliyyə şəffaflığına yönəlib. İƏİT 2024-cü ilin sentyabrında “Azərbaycan İnvestisiya Holdinqinin və onun Dövlət Müəssisələrinin Korporativ İdarəetməsinin İcmalı” adlı hesabat dərc etmişdi. Hesabatda Bakı Metropoliteni QSC-nin ardıcıl beş il zərərlə işlədiyi göstərilir: 2018-ci ildə 32,3 milyon, 2019-cu ildə 32,4 milyon, 2020-ci ildə 23 milyon, 2021-ci ildə 40,7 milyon, 2022-ci ildə isə 48,7 milyon dollar. Beş ildə ümumi zərər 177,1 milyon dollar olub. Rəsmi məlumatlara əsasən, Bakı Metropoliteni QSC-də 2018–2022-ci illərdə dividend ödənişi qeydə alınmayıb.
Digər ləğvi gözlənilən qurumlar böyük ehtimalla SOCAR-ın tabeliyində olan strukturlar olacaq. Kiçik törəmə şirkətlərin ləğvi 2027-ci ildə reallaşdırıla bilər. Demək olar ki, bütün beynəlxalq audit hesabatlarında SOCAR-ın idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr var. Azərbaycan Dəmir Yollarında, AZAL-da, “Azərişıq”da da struktur islahatları, ləğvetmə və birləşdirilmə prosesi həyata keçirilə bilər.
Zərərlə işləyən və dividend ödənişləri etməyən qurumlar arasında BakuBus və “Təmiz Şəhər” ASC də var. İƏİT-in Azərbaycan İnvestisiya Holdinqi və dövlət müəssisələri haqqında geniş araşdırmasında bu şirkətlər birbaşa zərərlə işləyən müəssisələr kimi göstərilir. Keçmiş “Azərsu” ASC yenidən strukturlaşdırılaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti kimi fəaliyyət göstərir. Burada zərər daha çoxdur. Bu dövlət qurumu son beş hesabat ili (2020–2024) ərzində ümumilikdə 1 milyard 427,37 milyon manat xalis zərər edib. Eləcə də “Azərxalça” ASC-nin 2025-ci ilin sonunda yığılmış zərəri 24,6 milyon manat olub.
R.Abasbəyli bildirdi ki, faktiki fəaliyyət göstərməyən və ya zərərlə işləyən törəmə şirkətlər də var. İƏİT-in Azərbaycan dövlət müəssisələri haqqında hesabatında Azərbaycan Beynəlxalq Bankının iki törəmə müəssisəsinin fəaliyyət göstərmədiyi qeyd olunur:
- ABB-Moskva MMC – Rusiya, ABB-Geo QSC – Gürcüstan. İƏİT-in araşdırmasına görə, 2023-cü ilin avqustunda Prezidentin müəyyən etdiyi, özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan müəssisələr sırasında SOCAR-ın Azərikimya İstehsalat Birliyi, Karbamid zavodu və Metanol zavodu kimi aktivləri də olub. Bu isə o deməkdir ki, həmin zavodlar özəl investisiyalar üçün açıq ola bilər.
Qeyd edilən dövlət şirkətlərinin özəlləşdirilməsi mümkünsüz görünsə də, xərclərin optimallaşdırılması baxımından ADY, AZAL, SOCAR, ABB, “Azərxalça” və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində ixtisarlar və daxili birləşdirmələr prosesinə başlanacaq. Yəni büdcəyə yük olan dövlət şirkətləri və onların törəmə strukturlarında birləşdirmə və ləğvetmə prosesi çərçivəsində kütləvi ixtisarlar da qaçılmaz olacaq.