30 ilə yaxın susdurulan azanlar qiyamətədək oxunacaq
Türk dövlətlərinin dini liderləri Şuşada bəyanat qəbul ediblər
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini liderləri Şuşada birgə bəyanat qəbul ediblər. Birgə bəyanatda qeyd olunub ki, üzv dövlətlərdə din-dövlət münasibətlərinin təkmilləşdirilməsi üçün müvafiq qurumlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün müvafiq layihələr hazırlanacaq. Həmçinin, birgə elmi və dini mərkəzlər yaratmaq, tələb-müəllim və təcrübə mübadiləsinə kömək ediləcək. Sənəddə ziyarət turları təşkil edən təşkilatlar arasında təcrübə mübadiləsi üçün birgə işin aparılması da qeyd olunub. Şuşada TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi də imzalanıb. TDT-yə üzv ölkələrin müsəlman dini liderləri Qarabağ zəfərinin ikinci ildönümü münasibətilə İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə vurğulanıb ki, Azərbaycan xalqının möhtəşəm günlərini yaşadığı günlərdə Şuşada olmaq dini liderlər üçün böyük fəxarətdir: "Bu qələbənin müəllifi, Qarabağ fatehi İlham Əliyevi səmimi qəlbdən təbrik edirik”. Daha sonra dini liderlər Şuşadakı Yuxarı Gövhər Ağa məscidində birgə namaz qılıblar. Onlar şəhidlərimizin ruhuna, eləcə də əbədi sülh və əmin-amanlıq naminə dualar oxuyublar.
"Revanşizmə, nifrət və təxribatlara son qoyun!"
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Şuşadan erməni kilsəsinə, Eçmiədzinə müraciət edərək revanşizmə, nifrət və təxribatlara son qoymalarını istəyib. O, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin Şuşada keçirilən üçüncü görüşündə çıxışı zamanı erməni kilsəsinin rəhbərliyinin Xankəndiyə səfərlər edərək revanşist bəyanatlar səsləndirməsinin böyük təəssüf doğurduğunu bildirib: "Bir əlində "İncil", bir əlində avtomat həyat deyil, ölümə, dinc birgəyaşayışa deyil, işğala, zülmə və zora xeyir-dua vermək dini dəyərlərlə bir araya sığmır, erməni xalqına vəd etdikləri səadət əvəzinə yeni faciələr gətirməkdədir. Nə qədər gec deyil, erməni kilsəsi Uca Yaradan qarşısında üzərinə düşən mənəvi missiyasını yerinə yetirərək, öz xalqının taleyini, ermənilərin tarixi müqəddəratını düşünərək müdriklik nümayiş etdirməli, xalqını məhvə sürükləmək əvəzinə, onu xilas edəcək, ona nicat və tərəqqi gətirəcək ideyalar təlqin etməlidir. Buradan, azad Şuşadan erməni kilsəsinə, Eçmiədzinə səslənirəm - revanşizmə, nifrət və təxribatlara son qoyun! Uca Yaradan qarşısında mənəvi borcunuzdan çıxış edərək ölümə, yeni müsibət və faciələrə deyil, həyata çağırın! Yalan vədlər deyil, məhz həqiqətləri demək sizin erməni xalqı qarşısında ən böyük tarixi xidmətiniz olar”.
"Bu gün Şuşa türk-islam birliyinin mənəvi vəhdətinin rəsmiləşdiyi məkan kimi tarixə düşdü"
Allahşükür Paşazadə deyib ki, Şuşa türk-islam birliyinin mənəvi vəhdətinin rəsmiləşdiyi məkan kimi tarixə düşüb: "Prezident İlham Əliyevin türk dünyasının ağsaqqalı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə imzaladıqları Şuşa Bəyannaməsi, heç şübhəsiz, mühüm tarixi əhəmiyyətli sənəddir. Bu gün Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə Rəhbərləri Şurasının Əsasnaməsinin də Şuşada imzalanması, Birgə Bəyanatın qəbul edilməsi, öz növbəsində, Şuşanın adının tarixin salnaməsinə türk-islam birliyinin mənəvi vəhdətinin rəsmiləşdiyi məkan kimi daxil olması deməkdir. Biz, dini liderlər Birgə Bəyanatımızı türk-islam sivilizasiyasının qədim mərkəzlərindən biri olan, 2022-ci ildə Azərbaycanın, 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş Şuşada qəbul etməklə müqəddəs dinimizə, ortaq tarix, mədəniyyət və adət-ənənələrimizə olan dərin ehtiramımızı bir daha bütün dünyaya nümayiş etdirmiş olduq. Türk Dövlətləri Təşkilatının qəbul etdiyi, özəlliklə, dini-mənəvi sahəyə dair qərar və tövsiyələrin həyata keçirilməsində fəal rol oynamaq əzmimizi bəyan etmiş olduq. Allahı, "Qurani-Kərimi", qibləsi bir olan, eyni dildə danışan qardaş xalqlarımızın dini-mənəvi müstəvidə birlik olması bizim ümumi, ortaq mənəviyyatımızın dünya miqyasında, beynəlxalq platformalarda yetkin, nüfuzlu qurum olaraq qəbul olunmağımızı təmin edəcək”.
"Ərdoğanın Zəngilan aeroportunun açılışında iştirakı bizlərə qürur bəxş edir"
QMİ sədri bildirib ki, Ərdoğanın Zəngilan aeroportunun açılışında iştirakı bizlərə qürur bəxş edir: "Bugünkü Şuşa görüşümüz əlamətdar hadisə - işğaldan azad olunmuş Zəngilanda aeroportun açılışı ilə eyni günə təsadüf edir. Füzuli aeroportunun ardınca Qarabağın daha bir hava limanının açılış mərasimində Azərbaycan Prezidenti ilə bərabər, qardaşı - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi bizlərə qürur bəxş edir”. Onun sözlərinə görə, yenidən qurulan yollar, abad kənd və şəhərlər, hava limanları Azərbaycanın və ümumən türk birliyinin rifah və gələcəyinə xidmət edəcək: “İslam və türk dünyasının tolerantlıq və multikulturalizm ənənələrinə sadiq Azərbaycan dövlətinin məscidlərlə yanaşı, kilsə və məbədlərə himayə və qayğısı türk mentalitetinin yüksək mənəvi statusunu dünya miqyasında əyani təsdiq edir. Bu gün azad Qarabağda dini-mənəvi abidələrin, məscidlərimizin nəfis şəkildə bərpası və yenidən qurulması sahəsində həyata keçirilən yüksək səviyyəli işlər möhtərəm prezidentimizin qətiyyətli siyasi iradəsinin və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın zəhmətlərinin nəticəsidir”.
“Erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı aparır”
A.Paşazadə qeyd edib ki, erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı aparır: "Erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır”. Onun sözlərinə görə, Azərbaycan xalqı minlərlə şəhidimizin qanı ilə öz əzəli torpaqlarını azad edərək tarixi ədaləti bərpa edib: “Məscidlərdən azan səsləri ucalır, ata-baba torpaqlarımızda qurub yaradır və göz bəbəyimiz kimi qoruyuruq. İşğal dövründə müharibə cinayətlərindən çəkinməyən, Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədən, şəhər və kəndlərimizi məqsədyönlü şəkildə yer üzündən silən, torpaqları qəsdən yandırıb yararsız hala salan, su hövzələrimizi zəhərləyən, qəbiristanlıqları dağıdan, məscid və məbədlərimizi yerlə-yeksan edən erməni vandalizminin izlərini bütün dünya görür, basdırdıqları minalar bu gün də yüzlərlə mülki şəxsin həyatına son qoymaqda davam edir”.
"Eçmiədzinə səslənirəm – revanşizmə, nifrət və təxribatlara son qoyun"
QMİ sədri erməni siyasi rəhbərliyinin son sərhəd təxribatları ilə bağlı vurğulayıb ki, vəziyyətə dini don geyindirmək cəhdləri qeyri-məqbuldur: "Lakin həqiqət bundan ibarətdir ki, məhz erməni dini dairələri din adından nifrətə çağırışlar, qızışdırıcı bəyanatlar səsləndirməkdədirlər. Erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Uzun illər ərzində erməni siyasi liderlərin cinayətkar əməllərinə mənəvi haqq qazandıran erməni kilsəsinin rəhbərliyinin Xankəndiyə səfərlər edərək revanşist bəyanatlar səsləndirməsi böyük təəssüf doğurur. Bir əlində İncil, bir əlində avtomat, həyat deyil, ölümə, dinc birgə yaşayışa deyil, işğala, zülmə və zora xeyir-dua vermək dini dəyərlərlə bir araya sığmır, erməni xalqına vəd etdikləri səadət əvəzinə yeni faciələr gətirməkdədir. Nə qədər gec deyil, erməni kilsəsi Uca Yaradan qarşısında üzərinə düşən mənəvi missiyasını yerinə yetirərək, öz xalqının taleyini, ermənilərin tarixi müqəddəratını düşünərək müdriklik nümayiş etdirməli, xalqını məhvə sürükləmək əvəzinə, onu xilas edəcək, ona nicat və tərəqqi gətirəcək ideyalar təlqin etməlidir. Buradan, azad Şuşadan erməni kilsəsinə, Eçmiədzinə səslənirəm – revanşizmə, nifrət və təxribatlara son qoyun. Uca Yaradan qarşısında mənəvi borcunuzdan çıxış edərək ölümə, yeni müsibət və faciələrə deyil, həyata çağırın! Yalan vədlər deyil, məhz həqiqətləri demək sizin erməni xalqı qarşısında ən böyük tarixi xidmətiniz olar”.
"Bu gün Zəngilan aeroportunun açılışı tarixi hadisədir"
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev deyib ki, bu gün Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasiminin keçirilməsi tarixi hadisədir: "Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həmin mərasimdə iştirakı hər birimiz üçün xoşbəxtlikdir. Bu gün türk dünyası bir-birinə yaxınlaşır”.
"Azad olunan ərazilərdə susdurulan azanlar qiyamətədək oxunacaq"
Türkiyə Diyanət İşləri İdarəsinin rəhbəri Əli Erbaş bildirib ki, azad olunan ərazilərdə 30 ilə yaxın susdurulan azanlar qiyamətədək oxunmağa davam edəcək. Onun sözlərinə görə, TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsinin Şuşada imzalanması çox mühüm hadisədir: “Məsuliyyətimizin fərqindəyik. Birlikdə yaşamaq, sülh və əmin-amanlıq kimi dəyərləri insanlara çatdırmağa davam edəcəyik".