Aİ-nin Ermənistana dəstəyi 2026-cı ildə daha da artacaq - POLİTOLOQ

Kallasın mövqeyi sadəcə ehtiyatlı xəbərdarlıq deyil, Rusiyanın mümkün təsir cəhdlərinə qarşı qabaqlayıcı siyasi mesajdır

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri öz iclaslarında Ermənistanı da müzakirə edirlər. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib ki, gələn il Ermənistanda seçkilər keçiriləcək və buna görə də Aİ Ermənistana necə kömək edə biləcəyini müzakirə edir: "Ermənistan xarici müdaxilələrin qarşısının alınması mövzusunda bizdən kömək istəyib". Büundan əvvəl Kaya Kallas 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiyanın Ermənistanda dezinformasiya kampaniyasını gücləndirdiyini iddia edib. 

Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Ermənistandakı seçkilərlə bağlı açıqlaması sıradan diplomatik bəyanat deyil. Ekspertin sözlərinə görə, bu, həm zamanlama baxımından, həm də məzmun etibarilə Aİ-nin Cənubi Qafqazda artan geosiyasi narahatlıqlarının açıq ifadəsidir: "Kallas daha öncə də 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiyanın bu ölkədə dezinformasiya kampaniyasını gücləndirdiyini iddia etmişdi. Kallas faktiki olaraq etiraf edir ki, Ermənistan qarşıdan gələn seçkilər ərəfəsində xarici müdaxilə riskini real təhlükə kimi görür. Prinsip etibarilə, Kallasın narahatlığı əsaslıdır. Rusiya son zamanlar Ermənistanda Baş nazir Nikol Paşinyan hakimiyyətinin Qərbə doğru meyillənən siyasətindən ciddi şəkildə narazıdır. Paşinyanın Avropa İttifaqı ilə siyasi yaxınlaşmanı dərinləşdirməsi, təhlükəsizlik məsələlərində Moskvanın rolunu açıq şəkildə sorğulaması və ən əsası, Ermənistanda kilsə və müxalifət dairələrinə qarşı atdığı addımlar Kreml tərəfindən Cənubi Qafqazdakı ənənəvi təsir mexanizmlərinə zərbə kimi qəbul edilir. Rusiya üçün Ermənistan təkcə müttəfiq deyil, həm də regionda son dayaq nöqtələrindən biridir. Bu dayağın zəifləməsi isə Kremlin strateji planlarını alt-üst edir".

Analitik qeyd edib ki, Rusiyanın seçkilərə müdaxilə ehtimalı kifayət qədər yüksəkdir: "İlk mərhələdə Moskvanın məqsədi özünə loyal siyasi qüvvələrin hakimiyyətə gəlməsini təmin etmək olacaq. Bu mümkün olmasa, daha tanış ssenari işə düşə bilər: seçki sonrası proseslərin legitimliyini şübhə altına almaq, kütləvi etirazları stimullaşdırmaq və ölkə daxilində siyasi xaos yaratmaq. Belə bir model Rusiya üçün yeni deyil və postsovet məkanında dəfələrlə sınaqdan çıxarılıb.

Məhz bu kontekstdə Avropa İttifaqının Ermənistana dəstəyini artırmaq istəyi anlaşılandır. Çünki hazırkı mərhələdə Paşinyanın hakimiyyətdə qalması təkcə Ermənistan üçün deyil, həm də Aİ, Türkiyə və Azərbaycan üçün daha sərfəli hesab olunur. Paşinyanın qələbəsi onun daxili siyasi mövqelərini gücləndirəcək. Bu, bir neçə istiqamətdə konkret nəticələr verə bilər. Məsələn, Türkiyə ilə normallaşma prosesinin sürətlənməsi, Avropa İttifaqı ilə inteqrasiyanın dərinləşməsi və Azərbaycanla danışıqların davam etdirilməsi, hətta sülh sazişinin imzalanması perspektivi fonunda baş verə bilər. Sadalananların reallaşması Rusiyanın Cənubi Qafqazdakı ənənəvi regional siyasətinin faktiki olaraq iflasa uğraması deməkdir. Moskva məhz bu səbəbdən prosesə müdaxilə etməyə çalışacaq. Kaya Kallasın açıqlaması da əslində mövcud reallığın Avropa səviyyəsində qəbul edildiyini göstərir. Aİ anlayır ki, Ermənistanda seçkilərin taleyi təkcə bir ölkənin daxili məsələsi deyil, bütövlükdə regionun geosiyasi istiqamətini müəyyənləşdirəcək əsas faktorlardan biridir. Fikrimcə, Kallasın mövqeyi sadəcə ehtiyatlı xəbərdarlıq deyil, Rusiyanın mümkün təsir cəhdlərinə qarşı qabaqlayıcı siyasi mesajdır. Avropa İttifaqının Ermənistana dəstəyi 2026-cı ildə daha da artacaq".