Azərbaycanla əməkdaşlığımız çox vacibdir və siyasi dialoqdan daha geniş məzmun daşıyır.
“APA-Economics” xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Gediminas Varanaviçius Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransı çərçivəsində keçirilən panel müzakirələrində deyib.
“Gələcək perspektivlərə gəldikdə isə Azərbaycanla bu sahədə əməkdaşlığımızı daha da gücləndirəcək mühüm siyasi çərçivə üzərində iş aparılır. Söhbət 2026–2030-cu illəri əhatə edəcək yeni Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetlərindən gedir. Hazırda bu sənəd üzrə danışıqlar yekun mərhələdədir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, həmin prioritetlərdə enerji təhlükəsizliyi, regional bağlantılar, rəqəmsallaşma və dayanıqlı infrastruktur məsələlərinə xüsusi əhəmiyyət verilir. Bundan əlavə, Aİ-Azərbaycan Bağlantı Tərəfdaşlığı çərçivəsində süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlığı da nəzərdə tuturuq. Bütün bunlar təcrübə mübadiləsi aparmaq, praktiki həllər hazırlamaq və əməkdaşlığımızı daha da gücləndirmək üçün möhkəm zəmin yaradır”.