Paşinyan hakimiyyətinin son planı: Konstitusiya, sülh müqaviləsi və istefa vədi - Professor ŞƏRHİ

  • Qafar Çaxmaqlı: "Baş nazirin siyasi taleyi referendumdan asılıdır. 2027-ci il Ermənistan üçün həlledici olacaq”
  • "Müxalifət də müəyyən mərhələdə məsələlərin həlli istiqamətində əməkdaşlığa yönələ bilər. Mənim qənaətim budur ki, gələn il Paşinyan hakimiyyəti bu məsələlərin həlli üçün mühüm addımlar atacaq”

Ermənistan Baş naziri Nikol Paşinyan xalqın yeni konstitusiyanı rədd edəcəyi təqdirdə istefa verəcəyini bildirib.

Paşinyan bu barədə hökumətin iclasında çıxışı zamanı danışıb. O, müxalifəti referendumun keçirilməsi üçün əməkdaşlığa çağıraraq qərarı xalqın verməli olduğunu vurğulayıb:

“Gəlin referenduma gedək. Əgər xalq yeni konstitusiyanı rədd etsə, istefa verəcəyəm. Əgər xalq yeni konstitusiyaya “hə” desə, növbəti seçkilərdə baş nazirliyə namizəd olmayacağam. Gəlin referenduma gedək, mənə etimad göstərib-göstərmədiyini xalq desin”.

Baş nazir həmçinin qeyd edib ki, imtina edəcəyi təqdirdə bu, müxalifət üçün siyasi ölümə çevriləcək formuladır.

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a açıqlamasında Paşinyanın parlamentdəki çıxışını diqqətlə izlədiyini bildirib. Onun sözlərinə görə, Ermənistanın baş naziri müxalifəti yeni konstitusiya ilə bağlı referendumun keçirilməsi üçün hakimiyyətə lazım olan səsləri təmin etməyə çağırıb:

“Paşinyan parlamentdə müxalifətə müraciət edərək referendumun keçirilməsi üçün zəruri səs çoxluğunun formalaşdırılmasını təklif edib. Çünki hakimiyyət hazırda konstitusiya çoxluğunu təmin edə bilmir. Parlamentdəki 64 səsə əlavə olaraq daha 6 səs əldə olunarsa, referendumun keçirilməsi barədə qərar qəbul etmək mümkün olacaq.

Paşinyan hesab edir ki, referendumda xalqın yeni konstitusiyaya müsbət münasibət bildirməsi ona Azərbaycanla sülh müqaviləsini imzalamaq üçün siyasi imkan yaradacaq. Baş nazir bu prosesi Ermənistan üçün əsas hədəflərdən biri kimi təqdim edir. Onun yanaşmasına görə, Azərbaycanla sülh müqaviləsinin imzalanması və regionda sabitliyin qorunması təmin olunduqdan sonra siyasi missiyasını başa çatdırmış hesab edilə bilər. Məhz buna görə də Paşinyan hədəfinə çatdıqdan sonra istefa verərək siyasətdən gedəcəyini bəyan edir”.

Q. Çaxmaqlı qeyd edib ki, Paşinyanın mövqeyi belədir ki, müxalifət referendumun keçirilməsi üçün tələb olunan səsləri verməkdən imtina edərsə, ölkədə növbədənkənar parlament seçkilərinə gediləcək:

“Baş nazir açıq şəkildə bəyan etdi ki, belə bir ssenari reallaşarsa, hazırkı müxalifət nümayəndələrinin heç biri yeni parlamentdə yer ala bilməyəcək. O, hətta müxalifətə qarşı daha sərt ifadələr işlədərək onları siyasi ölümə məhkum edəcəyini bildirdi. Paşinyanın fikrincə, bu halda Ermənistanda qeyri-konstruktiv müxalifət mövcud olmayacaq və növbədənkənar seçkilərdən sonra indiki müxalifət qüvvələri parlamentdə təmsil olunmaq imkanını itirəcəklər”.

Alim hesab edir ki, Paşinyan konstitusiya referendumunu öz siyasi taleyi ilə birbaşa əlaqələndirir. Onun sözlərinə görə, referendumun keçirilməməsi Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesini təhlükə altına sala, regionda gərginliyin artmasına və gözlənilməz hadisələrin baş verməsinə səbəb ola bilər:

“Bu isə Paşinyan hakimiyyəti üçün ciddi təhdidlər yaradır. Hazırda əsas sual müxalifətin Paşinyanın təklifinə necə cavab verəcəyidir. Dəfələrlə qeyd etmişəm ki, Ermənistan müxalifətinin daxilində elə şəxslər var ki, onlarla müəyyən razılaşmalar əldə etmək mümkün ola bilərdi. Əgər referendumun keçirilməsi ilə bağlı qərar gizli səsvermə yolu ilə qəbul edilsəydi, Paşinyan, bəlkə də, tələb olunan əlavə 6-7 səsi əldə edə bilərdi. Lakin hazırda belə bir mexanizm nəzərdə tutulmur. Paşinyan açıq şəkildə müxalifəti razı salmağa və referendum qərarının qəbulunda ona dəstək verməyə çalışır. Əgər referendumun keçirilməsi barədə qərar qəbul olunsa, lakin xalq yeni konstitusiyaya “yox” desə, bu, Paşinyan hakimiyyətini çətin vəziyyətə sala bilər. Bununla belə, mən belə ehtimalı az hesab edirəm. Düşünürəm ki, referendum keçiriləcəyi təqdirdə kifayət qədər “hə” səsi toplamaq mümkün olacaq. Paşinyanın siyasi hesablamalarının özünü doğruldacağını düşünürəm. Yaxın vaxtlarda müxalifətlə danışıqların aparılması da gözləniləndir.

Digər tərəfdən, Paşinyanın müxalifətlə əməkdaşlıq təklif etməsinə baxmayaraq, ona qarşı təzyiqlərin davam etməsi də diqqət çəkir. Belə ki, baş nazir bir tərəfdən müxalifəti əməkdaşlığa dəvət edir, digər tərəfdən isə müxalifətə qarşı həbslər və müxtəlif təzyiq addımları ilə bağlı ittihamlarla üzləşir. Bu ziddiyyətli vəziyyət hakimiyyətin müxalifətlə münasibətlərində ciddi suallar yaradır”.

Qafar Çaxmaqlı hesab edir ki, qarşıdakı aylarda həm TRIPP layihəsi, həm də digər regional məsələlərlə bağlı baş verəcək proseslər Ermənistan müxalifətini də mövcud problemlərin həllində əməkdaşlığa sövq edə bilər. Onun sözlərinə görə, 2027-ci il bu baxımdan mühüm mərhələ olacaq:

“2027-ci il yaxınlaşır və düşünürəm ki, qarşıdakı dövrdə həm TRIPP layihəsinin həyata keçirilməsi, həm də Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində ciddi irəliləyişlər mümkündür. Bu proseslər Ermənistan daxilindəki siyasi qüvvələrə də təsirsiz ötüşməyəcək. Hesab edirəm ki, müxalifət də müəyyən mərhələdə məsələlərin həlli istiqamətində əməkdaşlığa yönələ bilər. Mənim qənaətim budur ki, gələn il Paşinyan hakimiyyəti bu məsələlərin həlli üçün mühüm addımlar atacaq”.