“Akıncı” Azərbaycanın gücünü qat-qat artıracaq

Ermənistanın İrandan silah tədarük etməsi ciddi təhlükə deyil

  Ermənistan da İrandan pilotsuz uçuş aparatları (PUA) almaq istəyən ölkələr arasındadır. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı və İranın Ali Rəhbərinin hərbi məsələlər üzrə köməkçisi, general-mayor Yəhya Rəhim Səfəvi bildirib. 

O deyib ki, İran pilotsuz təyyarələrini almağa hazırkı namizəd ölkələr Ermənistan, Tacikistan, Serbiya, Əlcəzair, Venesuela və digər dövlətlərdir. Xatırladaq ki, bundan əvvəl Yəhya Rəhim Səfəvi 22 ölkənin İran istehsalı olan hərbi pilotsuz təyyarələrin alınması üçün rəsmi müraciət etdiyini bildirmişdi. 

  Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə deyib ki, əsas silah təchizatı Rusiya olan İrəvan 44 günlük müharibədə ağır zərbə alan hərbi arsenalını gücləndirmək üçün İran və Hindistan kimi üçüncü ölkələrə üz tutur:

 "İrəvanın hərbi baxımdan özünü bərpa etmək cəhdləri həm hazırda regiondakı proseslər, həm də perspektivdə yenidən təhdidlər yaratması baxımından Azərbaycana sərf etmir. Hərçənd, Azərbaycan Ordusunun arsenalında olan Türkiyə istehsalı “Bayraktar” və İsrail istehsalı dronlarla müqayisədə İran dronları daha zəifdir. Xüsusilə dağ relyefində döyüşlərin aparılması baxımından əlverişsizdir. Türkiyənin yeni istehsalı olan “Akıncı”nı hərbi arsenalımıza daxil etməyə hazırlıq da Azərbaycanın gücünü qat-qat artıracaq. Burada İranın Azərbaycana "dua", Ermənistana PUA göndərməsi siyasəti də yenidən gündəmə gəlir".