Ana dilində təhsil bir nömrəli prioritetdir

Güney azərbaycanlıların müdafiəsi bundan sonra daim gündəmdə olacaq


  Prezident İlham Əliyevin Arazın o tayındakı soydaşlarımızın haqq və hüquqları ilə bağlı hər çıxışı Güney Azərbaycanda böyük rezonans doğurur. Belə də olmalıydı, çünki bir əsrə yaxındır şah rejimi və fars-molla hakimiyyəti tərəfindən haqları tapdalanan güneyli soydaşlarımızın bizdən və qardaş Türkiyədən başqa güvənə biləcəkləri, ümidlə baxa biləcəkləri ikinci bir ünvan yoxdur. Dövlət başçısı ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı konfransda da İranın Azərbaycana qarşı sərgilədiyi aqressiv mövqeyə və Güney Azərbaycan türklərinin təməl haqlarının təmin olunmaması məsələsinə münasibət bildirdi. Prezident qeyd etdi ki, biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik: "Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.

  Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Şərq"ə deyib ki, bu, Azərbaycan liderinin davakar molla rejiminə verdiyi ən layiqli cavablardan biri kimi qiymətləndirilməlidir. Beləliklə, rəsmi Tehrana bir daha açıq diplomatik-siyasi dildə başa salındı ki, siz bizi başqaları ilə səhv salmayın və sizin Araz çayı boyunca hərbi təlimlər keçirməyiniz Azərbaycan tərəfini əsla qorxuda bilməz:

 "Həmçinin ölkə rəhbəri İlham Əliyev açıq şəkildə bəyan etdi ki, bundan sonra İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Bu bəyanat əslində mollaların sifətinə çırpılmış tərs şapalaq kimi dəyərləndirilməlidir. Onlar bu bəyanatdan sonra ciddi şəkildə narahat olmağa başlayacaqlar. Günahkar mollalar özləridir. Daim dinc-yanaşı, mehriban qonşuluq şəraitində yaşamaq xəttini yürüdən, sülhə və əmin-amanlığa can atan Azərbaycanı öz çirkin, təhrikedici əməlləri ilə, xain davranışları ilə bu həddə gətirib çatdırmamalıydılar. Bizim itirəcəyimiz bir şey yoxdur, İran itirən tərəf olacaq. Necə deyərlər, nə əkiblərsə, onu da biçəcəklər. Azərbaycan dövləti bundan sonra bu məsələni də daim diqqət mərkəzində saxlayacaq". 
  Ə.Hüseynov bildirib ki, Prezident İlham Əliyev də ADA-dakı çıxışında soydaşlarımızın ana dilində təhsil alma hüququnun olmamasına da toxunub: "Azərbaycan Prezidenti məsələni qaldırmaqda tamamilə haqlıdır. Güneylilərin ana dilində təhsil almaq hüququ heç bir halda İranın daxili işi sayıla bilməz. Molla rejimi bu haqqı tanımalı və təmin etməlidir. Türklüyə və müsəlmanlığa qarşı daim düşmən mövqe tutan bir ovuc erməniyə İranda ermənicə təhsil almaq üçün hər cür imkanlar yaradılır, üstəgəl, işğalçı Ermənistan dəstəklənir. İran hakimiyyəti bu cür riyakar, ikiüzlü siyasətini əbədi davam etdirə bilməz. Mollalar bilməlidir ki, biz güneyli soydaşlarımızı tək qoymayacağıq!".