Ankara beynəlxalq situasiyanı nəzərə alır

Türkiyə Ukraynaya bəzi Avropa ölkələrindən daha çox dəstək verib
  Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib ki, Ukrayna məsələsində Türkiyəyə qarşı qərəzli mövqe tutmaq istəyənlər var. Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsi ilə bağlı balanslı siyasət yeridir: “Bunu digər tərəflər də başa düşməlidirlər. Bəziləri anlasa da, bəziləri Türkiyəyə qarşı qərəzli mövqe sərgiləyirlər". Akar həmçinin xatırladıb ki, Türkiyə ilə məsafəli davranan ölkələr belə Ukrayna taxılının xarici bazara çıxarılması ilə bağlı əldə olunan razılığı alqışlayıb. 
Rusiya-Ukrayna müharibəsi başlayandan bu yana Türkiyə zaman-zaman ittihamlara məruz qalmaqdadır. Qardaş ölkə bəzən Ukraynaya daha ciddi dəstək verməməkdə, bəzən isə Rusiyaya daha çox yaxınlıq göstərməkdə suçlanır. 
AĞ Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli "Şərq"ə bildirib ki, Türkiyənin Qərbin oyununa getməməsi və Rusiyaya qarşı məcburi formalaşdırılmış alyansda yer almaması ABŞ və Avropa Birliyini narahat edən əsas amildir. Ekspert qeyd edib ki, Türkiyə ilk növbədə öz milli maraqlarını, daha sonra beynəlxalq situasiyanı nəzərə alır:
 "Türkiyə Ukraynaya kifayət qədər dəstək verib. Hətta hazırda Rusiyaya qarşı sanksiya tətbiq edən bir sıra Avropa ölkəsindən daha çox Kiyevə yardım əli uzadıb. Təkcə "Bayraktar" PUA-ların Ukraynaya verilməsi elə ən böyük dəstəkdir. Almaniya və Fransa Türkiyə qədər Ukraynaya hərbi yardım göstərməyib. Həmçinin, Türkiyə "taxıl dəhlizinin" yaranması və fəaliyyətə başlaması üçün ciddi təşəbbüslər göstərib və Ukraynadan taxıl daşınmasına nail olub. O baxımdan heç bir dövlətin mənəvi və hüquqi haqqı çatmır ki, qardaş ölkəni ittiham etsin. Ən təəssüfedici hal odur ki, bəzən Kiyevin özündən də Türkiyəyə ittihamlar səslənir. Prezident Zelenskinin sözçüləri səviyyəsində Ankara hökuməti əsassız suçlanır. Rəsmi Kiyev ölkədəki erməni lobbisinin fitnə-fəsadına uymamalıdır. Ukrayna üçün anti-Türkiyə mövqeyindən vaz keçmək daha məqsədəuyğun və faydalıdır. Çünki Türkiyə Ukraynanın ərazi bütövlüyü və Krım məsələsində bəzi ölkələrdən fərqli olaraq səmimi və qətiyyətli mövqedədir".