Azərbaycan-İtaliya münasibətləri daha da möhkəmlənir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İtaliyanın baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında telefon danışığı baş tutub. Nazir Ceyhun Bayramov iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsində baş tutan ali və yüksək səviyyəli səfərlərin, xüsusilə İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana, Prezident İlham Əliyevin 2020-ci ildə və cari ilin sentyabr ayında İtaliyaya, habelə sabiq xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayonun 2022-ci ildə ölkəmizə səfərlərinin mühüm rol oynadığını qeyd edib.
Ölkələrimiz arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin və siyasi dialoqun “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” çərçivəsində daha da genişlənməsinin vacibliyi vurğulanıb. Nazir eyni zamanda, Vətən müharibəsindən sonra post-münaqişə dövründə aparılan bərpa və quruculuq işləri, Ermənistanla normallaşma və sülh prosesi barədə məlumat verərək, İtaliyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib. Eyni zamanda, İtaliyanın işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində ilk iştirak edən ölkələrdən olduğu qeyd edilib. Enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq qeyd edilməklə yanaşı, sonuncu dəfə Romada keçirilmiş Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının Bakıda təşkilinə hazırlıq ifadə olunub.
Nazir Antonio Tayani də öz növbəsində Azərbaycanla İtaliya arasında strateji dialoq və əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb. İtaliyanın bölgəmizdə sülh və sabitliyə daim dəstək verdiyi bildirilib. Nazir energetika ilə yanaşı, təhsil və mədəniyyət sahəsində də geniş əməkdaşlıq perspektivlərinin olduğunu diqqətə çatdırıb. Tərəflər, Azərbaycan və İtaliya arasında iqtisadi sahədə səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğunu, bu xüsusda İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, Azərbaycanın isə İtaliyanın ən böyük enerji təchizatçılarından biri olduğunu məmnunluqla qeyd ediblər.
Millət vəkili Cavid Osmanov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan-İtaliya əlaqələri yüksələn dinamika üzrə inkişaf edir. Deputat deyib ki, iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq genişlənir:
"Xüsusən, siyasi, humanitar-mədəni əlaqələr, enerji sahəsində əməkdaşlıq iki dövlətin münasibətlərini daha da möhkəmləndirir. Azərbaycan ümumilikdə Avropa Birliyinə üzv ölkələrin üçdə biri ilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb. Onlardan da biri məhz İtaliyadır. İtaliya dünyanın və Avropanın aparıcı, nüfuzlu ölkələrindən biridir. İtaliya-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addımlar atılmaqdadır.
İlk növbədə enerji layihələrinin həyata keçirilməsi Azərbaycan-İtaliya münasibətlərini daha da möhkəmləndirir. Digər yandan İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biridir. İtaliya ilk Avropa ölkəsidir ki, işğaldan azad edilmiş ərazilərdə məhz onların şirkətləri quruculuq-bərpa işlərində iştirak edir.
Bilirsiz ki, Azərbaycanda İtaliya ali təhsil müəssisəsinin yaradılması ilə bağlı da əməli fəaliyyətə başlanılıb. İki ölkənin əlaqələrinin inkişafı eyni zamanda Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığına da mühüm töhfə verir. Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti, konkret hədəflərinin müəyyənləşməsi ikili münasibətləri daha da gücləndirir".