Azərbaycan Avropa İttifaqının səylərinə xüsusi önəm verir

Qərb strukturlarının qətiyyətli təşəbbüsləri olarsa, sülh prosesini sürətləndirə bilərik
“Bakı və İrəvanın nümayəndələri mayın əvvəllərində Brüsseldə görüşə bilər”. Bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. Avropa İttifaqını (Aİ) Azərbaycanın mühüm tərəfdaşı adlandıran dövlət başçısı deyib ki, Aİ ilə Azərbaycanın çox geniş əməkdaşlıq gündəliyi var. Prezident bildirib ki, rəsmi Bakı Avropa İttifaqını vicdanlı aktor hesab edir və onun səylərini alqışlayır: “İndi Minsk qrupu mövcud deyil, ona görə düşünürük ki, Avropa İttifaqı normallaşma prosesində öz rolunu oynaya bilər. Sülh sazişini imzalamağın vaxtı gəlib. Biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik. Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər”. 
Dövlət başçısının növbəti görüş və sülh danışıqları ilə bağlı bəyanatını “Şərq”ə şərh edən millət vəkili Ceyhun Məmmədov deyib ki, cənab Prezidentin sülh çağırışı çox önəmlidir. Deputatın sözlərinə görə, Azərbaycan tərəfi davamlı olaraq bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir: “Bu gün qarşımızda duran əsas məsələ müzakirələri, danışıqlar prosesini sürətləndirmək və sülhün imzalanmasına nail olmaqdır. Bu baxımdan Azərbaycan Avropa İttifaqının təşəbbüslərinə xüsusi önəm verir. Hesab edirik ki, Qərb strukturlarının qətiyyətli təşəbbüsləri olarsa, sülh prosesini sürətləndirə bilərik. Rəsmi Bakı üzərinə düşən bütün addımları tərəddüd etmədən atır. Ermənistanın da ümumi prosesə öz töhfəsini verməsi vacibdir. Problem odur ki, erməni tərəfi Azərbaycanın sülhə və münasibətlərin qurulmasına yönəlik davamlı çağırışlarına müsbət cavab vermir. Lakin əvvəl-axır sülh imzalanmalıdır. Cənab Prezidentin də dediyi kimi istənilən ölkədə tərəflərin iştirakı ilə geniş müzakirələr aparıla bilər”.