Azərbaycan demoqrafik fəlakətin astanasındadır- EKSPERTLƏRİN RƏYİ

Mail Yaqub: İşsizlik və yüksək yaşayış xərcləri əhali artımını ləngidir

Yusif Nəbiyev: Problemin kökü sosial-iqtisadi şəraitin yetərsiz dəstəyindədir

Özbəkistanda çoxuşaqlı ailələrin sayı kəskin şəkildə artıb. 2025-ci ildə Özbəkistanda 4 və daha çox uşağı olan ev təsərrüfatlarının payı 8,9 faizə çatıb. Bu göstərici son illərin nəticələri ilə müqayisədə əhəmiyyətli dərəcədə artım göstərir. Bu barədə ölkənin Milli Statistika Komitəsi məlumat yayıb ki, 2025-ci ildə pay 2024-cü illə müqayisədə 1,6, 2020-ci illə müqayisədə isə 1,7 faiz artıb. 2015-ci ildə qeydə alınan 7,9 faiz göstəricisi də 2025-ci ildə yenilənərək daha yüksək səviyyəyə qaldırılıb. 

Azərbaycanda isə əhali artsa da, statistik göstəricilərə görə əvvəlki illərlə müqayisədə əhali artımında azalma müşahidə olunur. 2025-ci ilin yanvar‑oktyabr aylarında Azərbaycanda əhalinin sayı 32 109 nəfər artaraq 0,3 % artım göstərib. Bu əhali artımının tempində son 10 ilin ən kəskin geriləməsidir. 

Mövzu ilə bağlı “Sherg.az”a danışan sosioloq Mail Yaqub bu məsələni “demoqrafik fəlakət" adlandırıb:

“Azərbaycan əhalisin artımındakı azalma bizə heç də yaxşı gələcək vəd etmir. Onsuz da Azərbaycan əhalisinin sayı azdır və belə getsə, 60-70 il sonra Azərbaycan əhalisi 2 milyon azalacaq. Necə ki, biz bunu Rusiyada, Avropa ölkələrində görürük.

Azərbaycanda əhalinin artım tempinin azalması nə ilə bağlıdır? Başlıca sosial problemlərlə. Yəni işsizlik, yaşayış xərclərinin artması, sosial ədalətsizlik və s. İkinci səbəb isə ailələrin həyata baxışının dəyişməsidir. Yəni hazırda imkanlı ailələrdə belə uşaq sayı azdır. Bu həyata baxışın dəyişdiyini göstərir.

Bəs nə etmək lazımdır? Dövlət buna mütləq müdaxilə etməlidir. Vətəndaşları çox uşaq dünyaya gətirməyə təşviq etməlidir. Bunun üçün təşviqedici addımlar atmalıdır. Məsələn ikinci və üçüncü uşağa sahib olan ailələrə xüsusi imtiyazlar verilməlidir. Əgər bunlar olsa, bizdə də vəziyyət dəyişəcək. Özbəkistanda çoxuşaqlı ailələrin sayı kəskin şəkildə artıbsa, deməli bu mümkündür. Mən hesab edirəm ki, ailələrdə sosial-iqtisadi vəziyyət ölkə demoqrafiyasına çox təsir edir. Özbəkistanda son illərdə sosial-iqtisadi vəziyyət müsbətə doğru dəyişib. Bu bizdə də dəyişməlidir. Onda bizdə də artım tempi çoxalacaq”.

Sosioloq Yusif Nəbiyev isə hesab edir ki, Azərbaycanda demoqrafik vəziyyət "fəlakət" deyiləcək səviyyədə deyil:

“Amma bu yenə də o demək deyil ki, məsələnin mahiyyəti kifayət qədər ciddi deyil. Özbəkistanda çoxuşaqlı ailələrin artması daha çox erkən nikahların, ənənəvi ailə modelinin və dövlətin ailə-mərkəzli sosial siyasətinin nəticəsidir. Azərbaycan cəmiyyəti isə keçid cəmiyyətlərinə xas olan prosesdən keçir. Buna görə də ənənəvi ailə modeli tədricən dəyişir. İnsanlar gələcəyi daha qeyri-müəyyən gördükcə, övlad sayını artırmaqdan təbii olaraq çəkinirlər. Hərçənd ki, Azərbaycanda əhalinin artım tempinin azalması bir səbəblə izah oluna bilməz. Burada urbanizasiya, qadınların təhsil və əmək bazarında daha aktiv iştirakı, yaşayış xərclərinin artması və ailə qurmağa dair gözləntilərin dəyişməsi kimi aparıcı faktorlar da var. Sosial dəyişiklik tempi sürətləndikcə ənənəvi normalar da zəifləyir və fərdi qərarlar ön plana keçir. Yəni problem təkcə insanların “uşaq istəməməsi” deyil, uşaq böyütməyin sosial və iqtisadi yükünün artması da ciddi problemdir. Hazırki demoqrafik vəziyyəti dəyişmək üçün yalnız çağırışlar və ya pxisoloji təzyiq yetərli deyil. Dövlət ailəni sözdə, şüarlarda, açıqlamalarda yox, real şəkildə dəstəkləməlidir. Uşaq baxımı infrastrukturu inkişaf etdirilməlidir. İşləyən valideynlər üçün elastik iş modelləri yaradılmalıdır. Mənzil və sosial təminat mexanizmləri gücləndirilməlidir. Yəni, insanlara “çoxalın”, "uşaq artırın" deməklə real təsir yaratmaq mümkün deyil, insanların “necə və hansı şərtlərlə?” suallarına cavab verilməlidir”.