“Sülh gündəliyi artıq iqtisadi reallığa çevrilir”
“Ermənistanın Azərbaycana ixracı demək olar ki, yoxdur-amma gələcək ssenari dəyişə bilər”
Aprelin 29-da Ağverəndə Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların 13-cü iclası keçirilib. Tərəflər delimitasiya prosesinin təşkilati və texniki məsələlərini müzakirə edib, ekspert qruplarının işi, xəritələrin hazırlanması və sənədlərin tərtibi ilə bağlı üç əsas təlimat layihəsini razılaşdırıblar. Görüşdə həmçinin yüklərin tranziti, Azərbaycanın Ermənistana neft məhsulları tədarükü və iqtisadi-ticari əməkdaşlıq imkanları müzakirə olunub. İclasın yekununda protokol imzalanıb və növbəti görüşün Azərbaycanda keçirilməsi razılaşdırılıb.
Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, Azərbaycan Respublikasının ərazisi ilə Ermənistan Respublikasına yüklərin tranziti uğurla həyata keçirilir və hazırda da davam edir.
Məmnunluqla vurğulanıb ki, Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi iki ölkə arasında iqtisadi-ticari əlaqələrin formalaşmasının göstəricisidir.
Həmçinin tərəflərin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə iqtisadi-ticari əməkdaşlığın inkişafı, malların və xidmətlərin qarşılıqlı tədarükü, həmçinin tranzit daşımaları məsələləri müzakirə olunub.
Xüsusi olaraq qeyd edilib ki, əldə olunan nəticələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın siyasi iradəsi sayəsində mümkün olub.
Komissiyaların görüşünün yekunlarına dair müvafiq Protokol imzalanıb.
Tərəflər komissiyaların Azərbaycan Respublikasında növbəti iclasının tarixinin işçi qaydada müəyyən edilməsi barədə razılığa gəliblər.
Siyasi ekspert Elçin Alıoğlu Sherg.az-a bildirib ki, Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri sensasiya deyil, bu, sərhədlərin delimitasiyası üzrə komissiyanın planlı və işgüzar fəaliyyətinin davamıdır. Onun fikrincə bu səfər miqyasına görə diqqət çəksə də, əslində prosesin məntiqi davamıdır:
“Sonuncu belə səfər 2025-ci ilin noyabrında Ermənistan baş nazirinin müavininin Qəbələyə gəlişi idi. Bunu “sülh gündəliyinin növbəti addımı” kimi təqdim etmək olar, amma belə yanaşma artıq bir qədər şablon səslənir. Əsl maraqlı məqamlar isə rəsmi protokoldan kənarda qalan detallardır və məhz onlar erməni mediasının obyektivlərinə düşüb”.
Politoloq vurğulayıb ki, əsas diqqət rəsmi protokoldan kənarda qalan məqamlara yönəlməlidir:
“Formal olaraq danışıqlar sərhəd məsələlərinə həsr olunsa da, faktiki olaraq region ehtiyatlı şəkildə iqtisadi əlaqələrin bərpası mərhələsinə daxil olur. Artıq yanacaq və enerji təchizatı, mümkün ticarət zəncirləri, nəqliyyat-logistika marşrutları, o cümlədən TRIPP layihəsi, eləcə də tranzit və infrastruktur istiqamətləri müzakirə olunur və qismən praktik addımlar müşahidə edilir”.
İki dövlət arasındakı real iqtisadi nəticələrin hələlik məhdud olduğu nu xatırladan E. Alıoğlu bildirib ki, Ermənistanın Azərbaycana sistemli ixracı faktiki olaraq mövcud deyil:
“Son dövrdə qeydə alınan yeganə konkret əməliyyat təxminən 1000 dollar dəyərində Niderland güllərinin göndərilməsi olub. Digər istiqamətlər, folqa, şəkər və müxtəlif məhsullar üzrə müzakirələr aparılsa da, hələlik praktik nəticə yoxdur. Mövcud şəraitdə iri erməni biznesi gələcək iqtisadi modelin potensial iştirakçıları kimi ön plana çıxa bilər. Əgər siyasi çərçivə yalnız texniki delimitasiya ilə məhdudlaşmasa, bu proses daha da sürətlənə bilər. Rəsmi baxımdan Şahin Mustafayevin səfəri texniki xarakter daşıyır, lakin paralel olaraq yeni bir reallıq, yəni iqtisadi reallıq formalaşır. Bu müstəvidə biznes dairələri çox vaxt gələcək imkanları siyasətçilərdən daha tez dəyərləndirə bilir”.