Turab Rzayev: "Tbilisi Rusiyaya meyilli siyasət yürütmək məcburiyyətində qalıb"
Avropa İttifaqı ilə Gürcüstan hökuməti arasındakı münasibətlər diplomatik müstəvidə dalana dirənib. Aprelin 27-də Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinskinin Gürcüstan höküməti üçün səsləndirdiyi fikirlər, rəsmi Tblisinin etirazına tuş gəlib.
Səfir Gürcüstanın yoxsulluq və qeyri-sabit risklərlə üzləşəcəyinə dair xəbərdarlıq edib. Hadisədən dərhal sonra onu Xarici İşlər Nazirliyinə çağırıblar. Baş nazir İrakli Kobaxidze isə Gürcüstan xalqına ünvanlanan ifadələrin qəbuledilməz olduğunu açıqlayıb. Qeyd edək ki, bir neçə gün əvvəl Baş nazirin Avropa İttifaqı haqqında dedikləri ictimai və siyasi dairələrdə müzakirələrə səbəb olmuşdu. İ.Kobaxidze, Aİ-nin tamhüquqlu üzvü olmağa çalışdıqlarını bildirsə də, təşkilatın əvvəlki təsir gücünə malik olmadığını qeyd etmişdi.
Tərəflər arasında getdikcə gərginləşən münasibətlərin pərdəarxasında hansı məqamlar dayanır?
Mövzu ilə bağlı politoloq Turab Rzayev Sherg.az-a bildirib ki, Gürcüstan geopolitik cəhətdən Avropa ittifaqı ilə Rusiya arasında qarşıdurma meydanına çevrilib:
“Rəsmi Tblisi iki fərqli güc mərkəzi arasında seçim etmək məcburiyyətindədir. Avropa onların Rusiyanın təsir dairəsindən çıxmasını tələb edir. Moskva isə Tbilisidən Avropa İttifaqı ilə münasibətlərdə neytral siyasi xəttə üstünlük verməyi və geosiyasi baxımdan Rusiyanın yanında mövqe tutmağı gözləyir. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi tərəflər arasında diplomatik münasibətlərin kəsilməsinə səbəb olsa da, Moskva ticarət əlaqələrini yenidən bərpa etməyə başladı”.
Politoloqun sözlərinə görə Gürcüstan höküməti hazırda, Rusiyaya meyilli siyasət yürüdür:
“2023-cü ildə parlamentin “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini qəbulu, minlərlə insanın küçələrə axışmasına səbəb olmuşdu. Layihə Rusiyada qüvvədə olan qanuna bənzədilirdi. Kütləvi etirazlara tab gətirə bilməyən hökümət qanunu geri çəksə də, 2024-cü ildə yenidən qəbul etdi. Aİ nümayəndələri bu layihənin Gürcüstanın təşkilata inteqrasiya prosesinə əngəl törədəcəyini düşünürdü. Bu da Avropa İttifaqı ilə Gürcüstan arasındakı münasibətləri korladı”.
Analitik vurğulayıb ki, Aİ Gürcüstanı cəzalandırmaq məqsədilə ölkəyə göstərilən hərbi, iqtisadi yardımları dayandırır:
“Şərqi Avropa ölkələrinin hökumətə qənim kəsilən sabiq prezident Mixeil Saakaşviliyə göstərdiyi dəstək Gürcüstan ilə Avropa İttifaqı arasında münasibətləri çıxılmaz vəziyyətə gətirib. Baş nazir İrakli Kobaxidze isə tam olaraq Rusiyaya meylli siyasətə üstünlük verir. O, dəfələrlə, Rusiya və Çin ilə əməkdaşlığa diqqət göstərəcəklərini bəyan edib. Bu açıqlama Gürcüstan hökmətinin Avropa İtiifaqına inteqrasiya məsələsində səmimi olmadığını göstərir. Əgər onlar Aİ-yə qoşulmaq niyyətində olsaydılar, üzvlüyü dondurmazdılar”.
R.Rzayevin fikrincə, Kobaxidze Aİ-nin zəiflədiyini söyləməkdə haqlıdır:
“Rusiya-Ukrayna müharibəsinə görə İttifaqa üzv ölkələrə göstərilən dəstəyin qeyri-bərabərliyi və qərarvermə proseslərində vahid rəhbərlin olmaması təşkilatın əvvəlki qüdrətini itirdiyini göstərir. Rəsmi Tbilisi bir tərəfdən Aİ-nin zəifliyindən bəhs edir, digər tərəfdən isə təşkilata qoşulmağa hazır olduqlarını açıqlayır. Bu fikirlər ziddiyyətli görünsə də pərdəarxasında başqa məqamlar dayanır. Əslində Gürcüstan hökuməti Aİ ilə münasibətlərin normallaşmasına maraqlıdır. O şərtlə ki, təşkilata daxil olan ölkələr Gürcüstanın daxili işlərinə və Rusiya ilə münasibətlərinə qarışmasın”.