"Azərbaycan torpaqlarının necə işğal olunduğu bəllidir" - Alqış Musayev:
"Prezident İlham Əliyev daha qüdrətli Azərbaycanla, ümumtürk coğrafiyası ilə bağlı tarixi yaddaşın bərpası istiqamətində çox böyük işlər görür"
Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Dövlət başçısına binada yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub.
Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. Ölkə rəhbərinin diqqətinə çatdırılıb ki, 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir. İcma nümayəndələri ilə görüş zamanı çıxış edən dövlət başçısı Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma yurdlarına qayıdışı ilə bağlı mühüm mesajlar verib: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar". Prezident tarixi həqiqətləri bir daha diqqətə çatdıraraq İcma qarşısında önəmli tapşırıqlar qoyub.
Dövlət başçısı ilə görüşdə iştirak etmiş "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev Sherg.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev daha qüdrətli Azərbaycanla, ümumtürk coğrafiyası ilə bağlı tarixi yaddaşın bərpası istiqamətində çox böyük işlər görüb və görməkdə davam edir. Baş redaktor vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsi ilə görüş dövlət başçısının gördüyü və görəcəyi işlərin bir qolu, həlqəsidir:
"Türk coğrafiyasının, Azərbaycan torpaqlarının necə işğal olunduğu bəllidir. Ermənilər əvvəlcə bir ərazini hədəf seçirlər. Sonra onun ətrafında tarixi saxtalaşdırmaqla, etnonimləri erməniləşdirməklə məşğul olurlar. Üçüncü mərhələdə isə tarixi yaddaşımızı, etno-yaddaşımızı bloklayırlar ki, biz bu barədə ümumiyyətlə düşünməyək. Ayrı-ayrı mövzularla başımızı qatıblar. İlham Əliyev bizim tarixi yaddaşımızı bərpa edir. Hesab edirəm ki, bu sahədə böyük işlər görülüb. 44 günlük Vətən müharibəsində həm də ona görə qalib gələ bildik ki, son yüz ildə, bəlkə iki yüz ildə Azərbaycan xalqının tarixi yaddaşı indiki kimi canlı, ayaqüstə, təzə-tər olmayıb. Tarixi yaddaşın güclü olması torpaqlarımıza qayıdışa start verilməsi deməkdir. O baxımdan düşünürəm ki, cənab Prezidentin Qərbi Azərbaycan İcması ilə görüşü, çıxışları, konseptual baxışları ümumtürk tarixi ilə bağlı görülən işlərin bir detalıdır. Əminik ki, bu, reallaşacaq".
A.Musayev bəyan edib ki, cənab Prezident vaxtı ilə Naxçıvanda Zəngəzurla bağlı danışarkən bildirmişdi ki, məqsəd türk coğrafiyasının parçalanması, türk xalqlarının bölünüb, ayrı-ayrı fraqmentlərdən ibarət olması, zəifləməsi idi:
"Dövlət başçısı 50 yaşında Ağcabədidə Şuşadan danışırdı. Deyirdi ki, xalqımız mütləq öz torpaqlarına qayıdacaq. 60 yaşını Şuşada, Cıdır düzündə Meğri, Göyçə, İrəvan bizim dədə-baba torpaqlarımızdır. Türk Dövlətləri Təşkilatının sammitində dövlət başçısı İran azərbaycanlılarının hüquqlarından danışdı. Məsələyə o qədər peşəkarcasına izah verdi ki, buna hansısa siyasi irad bildirmək mümkün deyildi. Prezident bəyan etdi ki, İran azərbaycanlılarının əsas problemi dillə bağlıdır və bu, bizi narahat edir. Çünki dili tədrisdən, məktəbdən uzaqda saxladıqda dil ədəbi komponentlərini itirir və məişət səviyyəsinə düşür. Məişət səviyyəsinə düşmüş dil məhvolma ilə üzləşir. Bu, peşəkarcasına biz izahdır. Cənab Prezident Qərbi Azərbaycanla bağlı vurğuladı ki, hər bir insanın öz dədə-baba yurdunu, əcdadlarının məzarını ziyarət etməsi onun fundamental haqqıdır. Dünya da bu haqqı tanımalıdır. Buna qarşı hansısa siyasi iddia və yaxud bəhanə irəli sürmək qeyri-mümkündür".
Baş redaktorun sözlərinə görə, cənab Prezident dedi ki, bizə əminlik verən tarixi yaddaşımızın güclü olmasıdır. Həmçinin geosiyasət bizim tərəfimizdədir: "Biz İkinci Qarabağ müharibəsində təkcə erməniləri məğlub etmədik, həm də geosiyasəti udduq. Ermənilər isə geosiyasəti uduzublar, geosiyasi dalana çevriliblər. Postmüharibə dövrünün ən dəqiq mənzərəsini cənab İlham Əliyev təsvir edib, deyib ki, ayağımızın altındadırlar. Onlar sözün həqiqi mənasında, həm demoqrafiq, həm iqtisadi, həm də coğrafi baxımdan ayaqlarımızın altındadırlar. Ermənilərin müəyyən aktivlik göstərməsini də ayağımıza dolaşma cəhdi kimi dəyərləndirirəm. İnanıram ki, biz bu mərhələni də çox böyük uğurla arxada qoyacağıq".