Prezident Şahin Mustafayevə yeni vəzifə verdi

Prezident İlham Əliyev tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.

Sherg.az sərəncamın mətnini təqdim edir:

Azərbaycan Respublikasında tikinti sahəsində institusional əsasların gücləndirilməsi məqsədilə kompleks islahatlar həyata keçirilmiş, bu çərçivədə qəbul edilmiş qanunvericilik aktları ilə tikinti prosedurları təkmilləşdirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, şəhərsalma və tikinti sahəsində islahatların davam etdirilməsi məqsədilə qərara alıram:

1. Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi, icra intizamına nəzarətin təmin edilməsi, mütərəqqi təcrübələrin öyrənilməsi və tətbiqinə dair təkliflərin hazırlanması məqsədilə aşağıdakı tərkibdə Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası (bundan sonra – Komissiya) yaradılsın:

Komissiyanın sədri

Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru.

2. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına həvalə edilsin.

3. Komissiya:

3.1. dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin icrası zamanı bütün mövcud prosedurlar və mərhələlər üzrə icra intizamının cari vəziyyəti, eləcə də hər mərhələdə icra müddətlərinə riayət olunması vəziyyətinə və gecikmə səbəblərinə dair təhlillər aparılmasını təmin etsin;

3.2. dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin hazırlanması, razılaşdırılması və tikintiyə icazə verilməsi prosesində yaranan gecikmələrin operativ həllini, prosedurlar və mərhələlər üzrə normativ hüquqi aktlarla müəyyən edilmiş müddətlərə riayət olunmasını və icra intizamını, aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini təmin etsin;

3.3. aidiyyəti dövlət orqanlarından (qurumlarından) hesabatlar əldə etməklə, dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələri ilə bağlı razılaşdırma və icazə prosedurları çərçivəsində həmin orqanlara (qurumlara) daxil olan müraciətlərə normativ hüquqi aktlarla müəyyən olunmuş müddətlərdə baxılmasına nəzarət etsin, habelə bu sahədə icra intizamının artırılması məqsədilə rəqəmsal həllərin, məlumat mübadiləsi mexanizmlərinin və qabaqcıl təcrübənin tətbiqi imkanlarını araşdırsın;

3.4. aşağıdakı məsələlərə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

3.4.1. tikinti layihələri ilə bağlı razılaşdırma, icazə və digər inzibati prosedurların sadələşdirilməsi, habelə icra mərhələlərinin və müddətlərinin optimallaşdırılması üzrə normativ hüquqi aktların təkmilləşdirilməsi;

3.4.2. tikinti sahəsində investisiyaların stimullaşdırılması məqsədilə özəl sektorun vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinə münasibətdə – beynəlxalq təcrübəyə uyğun qabaqcıl alətlər və təşviq mexanizmləri, o cümlədən rəqəmsal alətlər vasitəsilə tikinti layihələri üzrə açıq, şəffaf və rəqabətli mexanizm;

3.4.3. dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin qiymətləndirilməsi üçün tətbiq olunan smeta-normativ və qiymətqoyma mexanizmlərinin, habelə qiymətqoymanın resurs metodunun təkmilləşdirilməsi;

3.5. görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat versin;

3.6. zərurət yarandığı hallarda digər dövlət orqanlarını (qurumlarını), habelə ekspertləri (mütəxəssisləri) Komissiyanın işinə cəlb etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tikintiyə icazələrlə əlaqədar müraciətlərə baxılması üzrə mövcud dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi, bunun üçün zəruri olan məlumatların vahid məlumat bazasında toplanması, habelə qurumlararası məlumat mübadiləsi və informasiya ehtiyatları və sistemləri arasında inteqrasiyanın təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğun texnoloji həllərin genişləndirilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Komissiyaya təqdim etsin.

6. Bu Sərəncamın 3.1-ci bəndinin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.