Hamlet İsaxanlı: "Sözün açığı, birgə universitet konkret nəylə fərqlənəcək, nə iş görəcək, bu mənə tam aydın deyil. Düşünmürəm ki, birgə təhsil ocağı nəsə inqilabi bir addımdır"
Rafiq İsmayılov: "Əgər birgə universitetdə hər iki ölkənin təhsilindəki yaxşılar cəmləşərsə, uğur qazanmaq mümkündür"
“Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması, hətta gələn təhsil ilində fəaliyyətə başlamasını çox arzu edirəm”. Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib. Parlament rəhbəri bildirib ki, bu gün bizim ehtiyacımız olan ən böyük şey akademik çalışmalardır: “Türkiyə-Azərbaycan birliyinin sevincini yaşayırıq və bu birliyin daha da möhkəmlənməsini arzulayırıq. Bu konqresin Azərbaycan və Türkiyə arasında təhsil sahəsində yeni işlərə start verəcəyini düşünürəm. Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsində də bu yaxınlaşmaya zəmin yaradacaq maddələr var. Sözlərin artıq həyata keçirilməsi vacibdir”.
Təhsil naziri Emin Əmrullayev də birgə universitet məsələsindən danışıb. Nazir bildirib ki, iki ölkənin razılığı ilə ali təhsil ocağının reallaşması ciddi iş tələb edir: “Türkiyə-Azərbaycan arasında olan dost və qardaş münasibətləri hər sahədə olduğu kimi, təhsil sahəsinə də sirayət edir”. E.Əmrullayev bəyan edib ki, Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır: “Bu, digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələrdən 5-6 dəfə çoxdur. Son aylar ərzində Türkiyə-Azərbaycan arasında birgə universitetlərin yaradılması sahəsində işlər görmüşük. Bu, təhsil əməkdaşlığı sahəsinin çox şanlı sahəsi olacaq. Bir az vaxt aparacaq, amma çalışırıq ki, növbəti tədris ilinə hazır olaq”. Qeyd edək ki, Türkiyədə 204, Azərbaycanda isə 51 universitet fəaliyyət göstərir. Azərbaycan-Türkiyə birgə universitetinin paytaxt Bakıda açılacağı, daha sonra filiallarının Gəncə və Şuşada fəaliyyətə başlayacağı deyilir.
Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı “Şərq”ə açıqlamasında illərdir müzakirə olunan məsələyə fərqli aspektdən yanaşıb. Professor bildirib ki, Türkiyə və Azərbaycanda oturuşmuş ali təhsil ocaqları var:
“Hər iki ölkə arasında təhsil əlaqələri kifayət qədərdir. Universitetlərin bir-biri ilə müqavilələri, gediş-gəlişləri, tələbə mübadilələri, birgə tədqiqat proqramları mövcuddur. Sözün açığı, birgə universitet konkret nəylə fərqlənəcək, nə iş görəcək, bu mənə tam aydın deyil. Düşünmürəm ki, birgə təhsil ocağı nəsə inqilabi bir addımdır. Məsələn, bizdən kimsə Koreya universitetində oxumaq istəyirsə, yaxud hansısa koreyalı burada təhsil almaq arzusundadırsa, bunun üçün mütləq Koreya-Azərbaycan universitetinə ehtiyac yoxdur. Hər bir azərbaycanlı Koreyanın istənilən universitetində təhsilini davam etdirə bilər. Mənim fikrim belədir”.
Təhsil eksperti Rafiq İsmayılov isə “Şərq”ə açıqlamasında vurğulayıb ki, Azərbaycan-Türkiyə birgə universitetinin açılması mümkündür. Ekspertə görə, əgər hər iki ölkənin təhsil qurumları ortaq təhsil müəssisəsi yaratmaq qərarına gəlibsə, bunu reallaşdırmaq olar:
“Ortaq universitetdə təhsil sahəsindəki yeniliklər tətbiq edilə bilər. Necə ki, dünyanın nüfuzlu universitetlərinin Azərbaycanda filiallarının açılmasını istəyirik, Azərbaycan-Türkiyə birgə universiteti də belə təkliflərdən biridir. Fikrimcə, yaxşı təklifdir. Əlbəttə, birgə universitetin təhsil konsepsiyasının necə olacağı, buna kimlərin rəhbərlik edəcəyi müzakirə mövzularıdır. Yəni universitetin tanınması, dünya reytinqində özünə yer tutması üçün ciddi addımlar atılmalıdır. Universitet də bir müəssisədir və öz menecmenti, marketinqi var. Əsas məsələ işin necə qurulacağı, rəhbərliyin və idarəçiliyin hansı tərzdə həyata keçiriləcəyi ilə bağlıdır. İş yaxşı olarsa, nəticələr də müsbət olar. Hər iki ölkədə müəyyən sahələrdə irəliləyiş var. Məsələn, elə sahə var ki, orada Türkiyə daha qabaqdadır. Yaxud, əksinə, bir sıra sektorlarda Azərbaycan öndədir. Bizim xeyli müəllimimiz Türkiyənin ali təhsil ocaqlarında dərs deyirlər. Bu, o deməkdir ki, Azərbaycanda kadr potensialı var. Sadəcə, onlara şərait yaratmaq lazımdır. Əgər birgə universitetdə hər iki ölkənin təhsilindəki yaxşılar cəmləşərsə, uğur qazanmaq mümkündür”.