- Mehriban Zeynalova: 105 manatla uşağın dolanışığını təmin etmək mümkün deyil
Samux rayonunda yaşayan çoxuşaqlı ailə barədə sosial şəbəkələrdə yayılan videoda ailənin məişət şəraitinin ürəkaçan olmadığı görünür. Qeyd edək ki, söhbət Feyzullayevlər ailəsindən gedir. Ailə ata, ana və 10 uşaqdan ibarətdir. Övladlardan ən böyüyünün 20, ən kiçiyinin isə 7 aylıq olduğu bildirilir.
Uşaqların anası Zinyət Feyzullayeva ailənin çətin dolanışığından danışır. O deyir ki, gündə 10 ədəd çörək alırlar. Mənzil şəraiti pisdir, otaqların döşəməsi betondur. Uşaqların təminatı da yaxşı deyil. Geyimlə bağlı çətinlik çəkirlər, böyüklərin paltarlarını kiçik uşaqlara geyindirməklə birtəhər dolanırlar. Bəzən də onlara kimsə yardım edir.
Xatırladaq ki, Azərbaycanda ailədə 5 və daha çox uşaq olduqda, qanunvericiliklə müəyyən edilmiş şərtlər əsasında hər uşağa görə aylıq 105 manat sosial müavinət ödənilir. Bəs 105 manat bir uşağın aylıq xərclərini qarşılamaq üçün kifayət edirmi?
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sherg.az-a açıqlamasında bildirib ki, çoxuşaqlı ailələr üçün sosial dəstək mexanizmləri və müəyyən imtiyazlar mövcuddur. Bunlar əsasən sosial müavinətlər və yardımlar formasındadır:
“Qanunvericiliyə əsasən, 5 və daha çox övladı olan analara hər uşağa görə aylıq müavinət ayrılır. Bu məbləğ hər uşaq üçün 105 manatdır. Ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ölkə üzrə müəyyən edilmiş ehtiyac meyarından (2026-cı il üçün 300 manat) aşağıdırsa, ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə bir il müddətinə ünvanlı dövlət sosial yardımı ala bilər. Çoxuşaqlı ailələrin valideynləri üçün əmək qanunvericiliyində bəzi əlavə təminatlar və güzəştlər nəzərdə tutulub. Ailənin ümumi sosial-iqtisadi vəziyyətindən və ünvanlı sosial yardım meyarlarına uyğunluğundan asılı olaraq kommunal xidmətlər, təhsil və səhiyyə sahələrində müəyyən yerli və ümumi dəstək imkanlarından yararlanmaq mümkündür.
Amma, məsələn, mənzil problemini həll etmək çətindir, çünki dövlət tərəfindən hər çoxuşaqlı ailəyə pulsuz mənzil verilmir. Pulsuz mənzillər yalnız şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və xüsusi qayğıya ehtiyacı olan digər şəxslər kimi müəyyən kateqoriyalara aid insanlara verilir. Burada da konkret meyarlar mövcuddur.
Çoxuşaqlı ailə mənzil şəraitini yaxşılaşdırmaq üçün güzəştli ipotekadan yararlana və ya satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminə müraciət edə bilər. Bu mexanizm çərçivəsində mənzilin kirayə haqqı ödənilir və müəyyən edilmiş şərtlər yerinə yetirildikdən sonra mənzil həmin şəxsin mülkiyyətinə keçir. Lakin bunun üçün də ailənin müvafiq maliyyə imkanları olmalıdır. Bu isə çətin görünür”.
M. Zeynalova bildirib ki, çoxuşaqlı ailə statusunun əhatə dairəsinin genişləndirilməsi və üç və daha çox uşağı olan ailələrin də bu kateqoriyaya daxil edilməsi təklifi, eləcə də “Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında” qanun layihəsi parlament səviyyəsində müzakirə olunur.
Onun sözlərinə görə, təkliflər qəbul edilərsə, gələcəkdə çoxuşaqlı ailələrə mənzil növbəliliyində xüsusi imtiyazların verilməsi və dövlət tərəfindən birbaşa mənzil təminatı üzrə güzəştlərin tətbiqi mümkün ola bilər.